Muzey Mərkəzində Xalq rəssamı Arif Hüseynovun qrafik işlərdən ibarət fərdi sərgisi açılıb

Rate this item
(0 votes)

Nədir bu rəsmləri birləşdirən cəhət? Şərq koloriti. Vizual effekt. Bir də ştrix dərinlikləri. 

 

Muzey Mərkəzində Xalq rəssamı, professor Arif Hüseynovun 80 illiyinə həsr olunmuş sərgilər silsiləsindən növbəti - “Qrafika” adlı fərdi sərginin açılışı olub. Bu ekspozisiya Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, Azərbaycan Rəssamlar İttifaqı, “HüsnArt” Təsviri Sənət Mərkəzi tərəfindən təşkil olunub. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sərgini 

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev açaraq qeyd edib ki, tanınmış rəssam Arif Hüseynov çoxsaylı kitab nəşrlərinə illüstrasiyalar yaradıb. A.Hüseynovun 80 illik yubileyinə həsr olunan sərgilər silsiləsi il ərzində keçirilir. İndiki “Qrafika” ekspozisiyasında Azərbaycan tarixinə həsr olunmuş ağ-qara qrafika işləri yer alıb. 

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Muzey Mərkəzinin direktoru, Əməkdar mədəniyyət işçisi Liana Vəzirova, Xalq yazıçıları Çingiz Abdullayev, Natiq Rəsulzadə, sənətşünas Ziyarət Cabbarova və digərləri çıxışlarında qeyd ediblər ki, müəllif öz əsərlərində təkcə Vətənin gözəlliyini vurğulamır, onun hər bir rəsmi hadisələrdə, faktlarda və simalarda öz əksini tapan məlumat daşıyır.

Sərgidə Arif Hüseynovun 80 işi təqdim olunub. Rəsm və ədəbiyyat onun üçün qarşılıqlı əlaqədir. O, çoxsaylı kitablara illüstrasiya çəkib: Dantenin “İlahi komediya”, Petrarkanın lirikası, Andersenin nağılları, Rəsul Rzanın “Vaxt var ikən”, “Lirika” məcmuəsi, Əziz Nesinin hekayələri və s. Onun bütün əl işləri xəyal yox, sənədli-bədii qrafikadır.

Rəssam bir neçə zalda artıq keçmişdə qalan Qarabağ münaqişəsinin özünəməxsus qrafika xronologiyasını - Böyük Pyotrun layihələrindən və Azərbaycanı Rusiya imperiyası və İran arasında bölən, 1828-ci ildə bağlanmış “Türkmənçay” müqaviləsindən tutmuş Qarabağın işğal altında olan dövrləri və ermənilərin orada törətdikləri vəhşilikləri təqdim edib. Arif Hüseynov Qarabağın zəngin mədəni irsinə çoxlu rəsmlər həsr edib. Görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli, musiqiçilər Seyid Şuşinski, Məşədi Cəmil Əmirov, Cabbar Qaryağdıoğlu, tanınmış tarzən Sadıqcan, eləcə də şairə Məhsəti bu silsilənin personajlarıdır. Bütün bunları, hətta Qarabağın rəmzi olan xarıbülbül gülünü Arif Hüseynov ağ-qara tonda verib.

Diqqətə çatdırılıb ki, uşaq mövzusu Arif Hüseynovun yaradıcılığında xüsusi yer tutur. Təsadüfi deyil ki, Arif Hüseynovun yubileyinə həsr olunmuş ilk sərgi “Azərbaycan nağılı” olub. Ümumilikdə onun sayca yüzə yaxın uşaq kitabları var. O cümlədən “Dilbərin və onun sehirli qaşığının səyahəti” adlı uşaq kitabında da onun illüstrasiyaları yer alıb. 

Tədbirdə Arif Hüseynovun nəvəsi Dilbər də öz babasını təbrik edib. Dilbər yubileyə əliboş gəlməyib. Bu günlərdə onun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgisi keçirilib, eləcə də rəsmlərinin kataloqu işıq üzü görüb. Dilbərin 10 yaşı olmasına baxmayaraq, artıq dəqiq bilir ki, o da Arif babası və atası Orxan Hüseynov kimi rəssam olacaq. 

Sonda Arif Hüseynov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(08.06.2023)