İrəvanda xal qalmadı, barı Tiflisdəsə qalsın Featured

Rate this item
(0 votes)

 

“Ədəbiyyat və incəsənət” portalı bu aşağıdakı xəbəri sizə çatdıranda bir məmnunluq hissini də büruzə verir. 

Günəş doğur. Qara buludları itələyib səmada bərqərar olur. Və öz zərrin şəfəqlərini məscidin üzərinə salır.

Bu, tanınmış azərbaycanlı rəssam Çingiz Fərzəliyevin bir tablosunun şərhidir. Həmin tablo Gürcüstandakı sərginin poster tablosudur həm də. 

 

Ermənistanın mənfur hakimiyyəti və onların təfriq etdiyi erməni xalqı Qərbi Azərbaycanımızdan soydaşlarımızı çıxarandan sonra uzun illər Gürcüstanla bağlı də narahatçılığımız var idi. Orada Marneuli və Bolnisi adlanan tarixi torpaqlarımızda yaşayan yüz minlərlə soydaşımızın deportasiya təhlükəsi real idi. Xüsusən 90-cı illərin əvvəllərində Zviad Qamsaxurdiya dövründə azərbaycanlıların təqibləri apogeyə çatmışdı. Şükür ki, sonradan məsələ tənzimləndi, Gürcüstan bizim enerji daşıyıcıları marşrutumuzda tranzit nöqtə olmaqla dividendlər qazandı və soydaşlarımızı rahat buraxdı. 

Və indi Gürcüstandakı soydaşlarımızla bağlı xəbərləri həssaslıqla izləməyimizin də kökündə bu narahatçılıq durur.

 

2023-cü il aprelin 12-də Dimitri Şevardnadze adına Gürcüstan Milli Muzeyinin Qalereyasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyinin tərəfdaşlığı, Azərbaycan Milli İncəsənət Muzeyi və Gürcüstan Milli Qalereyasının birgə təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyevin “Zamanın pillələri” adlı fərdi sərgisinin açılış mərasimi təşkil olunub. Qeyd edək ki, Çingiz Fərzəliyevin kökləri Gürcüstanın şərqində məskunlaşan qədim türk ellərinə bağlıdır. 

Gürcüstan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş sərgi çərçivəsində rəssamın müəllifi olduğu əsərlərdən ibarət kataloq təqdim edilib, çoxsaylı nəşrləri - kitab və albomları nümayiş etdirilib.

Qeyd edək ki, “Zamanın pillələri ilə” sərgisi cari ilin 10 may tarixinədək davam edəcək.

Bu yerdə sərhədlərimizdən kənarda məskunlaşan həmyerlilərimizə yiyə duran, bu sayaq tədbirlərlə onları ürəkləndirən Mədəniyyət Nazirliyimizə bir təşəkkür etməyi də gəlin unutmayaq.

 

Şəkildə: Sözügedən rablo; Çingiz Fərzəliyev.

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2023)