Yaradıcılıq gücünün əzələsi improvizasiyalarda qabarır – ekspressionist rəssam Elvira Elve ilə müsahibə Featured

Rate this item
(2 votes)

 

“Ədəbiyyat və İncəsənət” portalının “Üzbəüz” rubrikasında əməkdaşımız Bahəddin Salman sizləri rəssam Elvira Elveylə tanış edəcək. Rənglərlə öz palitrasında qeyri adi müxtəliflik yaradan Elvira xanımla söhbət, düşünürük ki, marağınıza səbəb olacaq.

 

-Elvira xanım, sizi portalımızın bütün heyəti adından salamlayırıq.

-Mən də sizləri salamlayır, müsahibə üçün məni seçdiyinizə görə sizə, bütün yaradıcı heyətinizə təşəkkürümü bildirirəm.

 

-Elvira Elve necə oldu ki, rəssam oldu?

-Valideynlərim deyir ki, mən artıq iki yaşımdan rəssam olmağı seçmişəm. (gülür) Orta məktəbin ilk illərində çəkdiyim rəsmlər var idi ki, digər şagirdlərin hamısının çəkdiyi rəsmlərdən daha professional idi. Bunu, müəllimələrimin sezgisindən hiss edirdim. Həmin illərdə valdeynlərimin çəkdiyim rəsmlərə vurduğu təriflər işi üst səviyyə gətirməyim üçün məni ruhlandırdı. Sonrakı illərdə rəssamlıq kurslarına getməyə başladım.

 

-Bildiyim qədərilə rəssamlıq üzrə ali təhsiliniz yoxdur, amma Azərbaycan Dövlət  Mədəniyyət və İncəsənət Universitetinin vokal bölümündən məzun olmusunuz.

-Elədir, rəssamlıqla bağlı ali təhsilə yiyələnməmişəm, amma musiqi təhsilim həmişə rəssamlıq fəaliyyətimə mücərrəd rəng və ab-hava qatıb. Mümkün deyil ki, hər hansısa rəsm əsəri çəkəndə paralel şəkildə klassik musiqilər dinləməyim. Mən sənətin ilahi bəxşiş olduğuna inanıram. İnsanın sağlam doğulmağı Allahın insana bəxşişdir, incəsənət istedadı isə tanrının insana verdiyi bəxşişdir. Bu səbəbdən “istedadlı olmaq üçün sırf ali təhsilin olmalıdır” deyə bir deyimlə də razılaşmıram. Mən daim rəssamlıq sənətiylə bağlı çox şeylər öyrənməyə çalışıram, işin mexaniki tərəflərinə yiyələnmək üçün araşdırmalar aparır, bir çox şeyə yiyələnirəm. Nəticədə cəhd edib öyrəndiklərimin istedadıma hədsiz müsbət təsir göstərdiyini, müsbət nəticələr alındığını görürəm. Təbii, bu yöndə ali təhsilin olması qətiyyən pis bir şey deyil, hər şey insanın gördüyü işi, sənətini sevməsi ilə başlayır və bu başlanğıc ölənə qədər də bitmir. İşin maraqlı tərəfi də var... yaxşı sənətkar ölür, amma sənət nümunələri ondan sonra hələ də yaşayır.

 

-Özünüzü bir rəssam kimi hansı cərəyana daha yaxın görürsünüz? Çəkdiyiniz rəsmlər hansı janra aiddir?

Əslində öz xarakterimə uyğun rəsmlər abstrakt ekspressionist üslubda çəkdiyim rəsmlərdir. Səbrsiz biriyəm, emosiyalarımı rəsm üzərində göstərməyi, improvizasiyalar etməyi sevirəm. Rəngləri kətan üzərinə damladaraq cəld bir rəsm ərsəyə gətirməyə aşiqəm. Bununla yanaşı, klassik janra qarşı da xüsusi heyranlığım var və bu yöndə də rəsmlər yaratmağa çalışıram.Ümumiyyətlə klassik janrdan  qərb sənət tarixinin qoxusunu alıram, fransız peyzajı ənənələrinin səs-küyünü eşidirəm, Klod Jellenin “Günorta” əsərindəki günəşi, “Axşam” əsərindəki qaranlığı duyuram. Başqa janrlarda da hansısa rəsm əsərləri yaratmağa cəhd edirəm. İlk növbədə həmin janrların mexanizimləri ilə tanış olmaq isə ən vacib şərtdimdir.

 

-Çəkdiyiniz rəsmlərin çoxunun ideyası özünüzə məxsusdur, yoxsa tanınmış rəssamların əsərlərindən köçürmələr daha çoxdur yaradıcılğınızda?

Bayaq danışdığımız janrlarla tanışlıq ərəfəsində hansısa tanınmış rəssamın əsərini köçürmə edə bilərəm, amma bunun yeganə səbəbi həmin janrla tanışlıqdır. Həmin əsərləri öz yaradıcılıq nümunəm hesab etmirəm. Mən əsasən öz dünyamın rəsmlərini, öz xəyallarımın, arzularımın formasını çəkirəm. Qarşımda bir bina dayana bilər, mən onu olduğu kimi çəkməyəcəm, mütləq öz dünyamın, xəyallarımın, arzularımın formasını ora əlavə edəcəm. Fikrimcə, yaradıcılıq gücünün əzələsi elə bu improvizasiyalarda qabarır.

 

-Sizcə cəmiyyətin incəsənətə marağı yetərli səviyyədədir? İnternet dövrü insanları incəsənətdən soyudubmu?

Məncə, hər şey əladır. İnsanların ciddi sənətə, ciddi sənət işinə qarşı münasibəti çox ədalətlidir. Təbii ki zövqlər fərqlidir, bir kütlə subkultural incəsənəti ciddi sənət hesab edə bilər, bir kütlə də tam əksinə...  Düşünmürəm ki, internet bizim həyatdan tam ləzzət almamıza əngəl törədir. Bu inkişafın qədrin bilmək lazımdır.

 

-Məlumatım üzrə qadın geyimləri üçün də rəsmlər çəkirsiniz, doğrudurmu?

Bəli, doğrudur. Öz zövqümə uyğun geyim eskizləri çəkirəm və bunu bir neçə dəyərli xanım dərzilər var ki onlara təqdim edirəm, onlar çəkdiyim eskizlərə uyğun paltarlar tikirlər.

 

-Yəni modelyersiz?

Hə, demək olar. Mən 2013-cü ildə “İlin paltarı konkursu”nda birinci kolleksiyamı tikmişəm. Sonradan bu işlə bağlı çəkdiyim qadın geyim defilesi televiziya kanallarında da yayınlanıb və xoş qarşılanıb. Hal hazırda daha çox hicab qadın geyimləri ilə bağlı eskizlər çəkirəm, amma bu işdə məqsədim gözəl xanımlara rahat, zövqlü paltar dizaynı vermək, köməklik göstərməkdir.

 

-Gözəl xanımsız və bildiyim qədərilə gözəlliyiniz bir neçə gözəllik yarışması da sizə uğur gətirib.

-Bu cür xoş sözlər üçün təşəkkür edirəm! Bəli, elədir, “Miss Azerbaijan2015” yarışmasında Miss baku oldum. Miss Lafarella gözəllik konkursunda isə 1-ci yer tutub avtomabil mükafatını qazandım. (Gülür) ” Əslində buna öz uğurum yox tanrının uğuru deyərdim. Həyatda nail olduğum bütün uğurlarıma görə tanrıma çox minnətdaram.

 

-Elvira Elve üçün həyat hansı rəngdədir?

-Sarı rəngdə – günəşin rəngində.

 

“Ədəbiyyat və incəsənət”

(12.04.2023)