Xalça üzərində onun kimi portret yaradan olmayıb

Rate this item
(0 votes)

Xalq rəssamı Kamil Əliyevin anım günü münasibəti ilə

 

Ötən gün onun məzarı, xatirə lövhəsi anıldı, gül dəstələri qoyuldu, şəninə xoş sözlər söylənildi. Beləcə, Azərbaycan xalça rəssamlığı sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, professor Kamil Əliyevin vəfatının növbəti, 18-ci ildönümü qeyd edildi. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Kamil Əliyev 1921-ci il oktyabrın 22-də Qərbi Azərbaycanda, İrəvan şəhərində anadan olub. 1936-cı ilin sentyabr ayında anası onu Bakı Rəssamlıq Məktəbinə, tanınmış rəssam Əzim Əzimzadənin yanına aparıb. Məktəbə qəbul edilən K.Əliyev 3 il burada dekorasiya şöbəsində təhsil alıb və müəllimlərinin məsləhəti ilə oxuya-oxuya "Azərxalça" birliyində eksperimental laboratoriyada köçürücü rəssam kimi işləməyə başlayıb.

İkinci Dünya müharibəsinin iştirakçısı Kamil Əliyev döyüş rəşadətinə görə 22 orden və medalla təltif olunub. 1946-cı ildə ordudan qayıtdıqdan sonra da öz sevimli peşəsini davam etdirib. Arada Respublika Bədii Fonduna rəhbərlik edib, sonralar Bakı zərgərlik fabrikində direktor vəzifəsində çalışıb. Həmin illərdə o, yalnız xalı, parça kimi toxuma mallarında yox, həmçinin qızıl, gümüş və digər materiallarda da özünün mahir bədii tərtibatçı, ornamental rəssam kimi məharətini nümayiş etdirib. 1950-ci illərdən etibarən, Kamil Əliyevin yaradıcılığında süjetli xalıların və portret-xalçaların yaradılması aparıcı mövqe tutub. Beləcə, o qəti olaraq xalçaçı-rəssam olub.

Bu illərdə Kamil Əliyev bir-birinin ardınca yüksək professionallıqla Azərbaycan klassiklərinin, görkəmli dövlət xadimlərinin portretlərini yaradıb. O, ornamentdən istifadə edərək şair, mütəfəkkirlərin yaradıcılığındakı hisslər və emosiyalar aləmini rəng çalarları vasitəsilə canlandıraraq, tamaşaçının mənəvi dünyasına təsir göstərib. 

Kamil Əliyev ilk portret-xalçasını 1958-ci ildə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyinə həsr edin. Bu xalçanın təravətli, şux rəngli naxışları Füzuli lirikasının dərinliyini tamaşaçıya çatdırıb. Bu xalı xalq sənətimizin qiymətli bir incisi kimi Azərbaycan Dövlət İncəsənət Muzeyinin daimi ekspozisiyasına daxil edilib. Xalının uğuru rəssamı o qədər ruhlandırıb ki, o, bir müddət keçəndən sonra İmadəddin Nəsimi və Nizami Gəncəviyə həsr edilmiş xalıları da yaradıb.

Kamil Əliyevin portret-xalçalarının ikinci silsiləsi müxtəlif ölkələrin tanınmış siyasət və dövlət xadimlərinə həsr olunub.

Rəssam Hindistanda yaradıcılıq ezamiyyətində olarkən bu qədim Şərq ölkəsinin mədəniyyətilə yaxından tanış olub, İndira Qandinin portret-xalçasını yaradıb.  

Kamil Əliyevin türk xalqının böyük oğlu Atatürkə həsr etdiyi portret-xalısı tam başqa ovqatlı bədii üsluba malikdir. Bu portret-xalı Kamil Əliyevin ən böyük sənət uğurlarından sayılır. Turqut Özal, Süleyman Dəmirəl, eləcə də neçə-neçə başqa dövlət, elm və mədəniyyət xadimləri bu xalçanı çox yüksək qiymətləndirib, Kamil Əliyev sənətinə böyük hörmətlərini, ehtiramlarını bildiriblər.

Ümummilli lider Heydər Əliyevin 1999-cu ildə yaradılmış yüksək bədii xüsusiyyətlər kəsb edən portreti də sənətkarın ən diqqətçəkən əsərlərdəndir. Kamil Əliyev Heydər Əliyevin ölkənin Ali Baş Komandanı kimi general libasında portret xalçasını yaradıb. Heydər Əliyevin portreti onun 75 illiyinə hədiyyə idi.

Kamil Əliyev bir çox dövlət mükafatları ilə təltif olunub, sağlığında 80 illiyi, vəfatından sonra isə 90 və 100 illiyinin dövlət səviyyəsində qeyd olunması ilə əlaqədar sərəncamlar imzalanıb. Bu da sənətkarın bizə miras qoyduğu irsin müasir dövrdə incəsənətimiz üçün aktual olduğunu bir daha sübut edir. 

Xalq rəssamı Kamil Əliyev incəsənətimizi yüksəkliklərə qaldıran, onu öz əsərləri ilə daha da zənginləşdirən görkəmli şəxslərdən biridir. Rəssamın əsərləri Paris, London, Tokio, Dehli, Ankara, İstanbul, Tehran, Moskva, Kiyev və başqa şəhərlərin nüfuzlu muzey və qalereyalarında nümayiş etdirilib. 

Kamil Əliyev 2005-ci il martın 1-də vəfat edib. Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(02.03.2023)