Yazının əvvəlində sual qoyacağıq: Niyə Azərbaycanda musiqi sahəsi istisna olmaqla (musiqi sahəsinin gəlir gətirməsinin səbəbi də, əslində, dolayı yolladır, toy biznesi hesabınadır) digər sahələr - ədəbiyyat, rəssamlıq, memarlıq kimi fərdi mədəniyyət sahələri gəlir gətirmir? Niyə bu sahələrdə ixtisaslaşmış insanlar sənətlərinə hobbi kimi yanaşmağa məcburdurlar?
“Ədəbiyyat və incəsənət” portalında istedadlı gənc tişə ustası Elxan Zeynalov barədə danışmaq istəyirik. Elxan 11 aprel 1996-cı ildə Gəncə şəhərində anadan olub. Şəhərdəki M.Müşfiq adına 14 saylı tam orta məktəbdə oxuyub. Uşaqlıqdan rəssamlığa meyil salıb. 5-ci sinifdən Gəncə şəhər Uşaq yaradıcılıq mərkəzinə gedib, 8-ci sinifdən isə rəssam Yusif Hüseynovun emalatxanasında sənətin sirlərini öyrənib. 2014-cü ildə orta məktəbi bitirən Elxan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına rəngkarlıq ixtisası üzrə imtahan verib. Böyük uğurla nəticələnən imtahan sonrası ixtisas seçimində isə yanlışlıq baş verib və o, həmin fakültədə təhsil ala bilməyib, heykəltəraşlıq ixtisasına qəbul edilib. Yanlış da naxışdır, bu yanlışlıq Elxanın heykəltəraşlıqda gizli istedadını üzə çıxarıb.
Gənc heykəltəraş bakalavr təhsilini Xalq rəssamı, professor Tokay Məmmədovun emalatxanasında alıb. Tokay Məmmədovdan savayı, Əməkdar rəssam Azad Zeynalovdan, heykəltəraş Nurlan Məmmədovdan dərslər alıb, püxtələşib, bir çox sərgilərdə uğurla iştirak edib. Bakalavr təhsilini başa vuran heykəltəraş diplom işi olaraq “İmadəddin Nəsimi” obrazını seçib. O, şairin həyatının kulminasiya anını əbədiləşdirib, onu əlləri bağlı şəkildə edam kürsüsünə gedərkən təsvir edib. Gənc istedadın bu işi çox bəyənilib.
Elxan Zeynalov 2018-ci ildə bakalavr təhsilini başa vuraraq magistraturaya daxil olub, bununla bərabər pedaqoji fəaliyyətlə də məşğul olan heykəltəraşın yaradıcılığına yeni mərhələ qədəm qoyub. Magistr təhsilində Xalq rəssamı, akademik Ömər Eldarov, Akif Əsgərov kimi görkəmli heykəltəraşlardan dərs alıb. Hazırda onun yaradıcılıq spektri çox rəngarəngdir. O, Azərbaycanın görkəmli şəxsiyyətlərinin, torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin obrazlarını sevə-sevə yaradır. Diplom müdafiəsində Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi, Ağdamın cəsur övladı Allahverdi Bağırovun heykəlini hazırlayıb. Heykəlin Ağdam şəhərində ucaldılması nəzərdə tutulur.
Eldar Zeynalovun ən uğurlu işləri arasında Milli Qəhrəman Çingiz Qurbanovun və Milli Qəhrəman, general Polad Həşimovun büstlərini, tanınmış Azərbaycan müğənnisi Xan Şuşinskinin portret heykəlini göstərmək olar. Hazırda gənc heykəltəraş Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tərbiyə müəssisəsində və Bakı İstanbul liseyində pedaqoji fəaliyyət göstərərək yaradıcılığına da davam edir.
Bu yerdə onu da deyək ki, heykəltəraşlıq sahəsində bu cür sənətkarlıq nümunələri ortaya qoya bilən bir şəxs başqa ölkələrdə əsərlərini hərrac vasitəsi ilə satmaqla böyük gəlirlər əldə edə bilir, təəssüf ki, Azərbaycanda belə praktika yoxdur. Elxan Zeynalov da ümidini ona bağlayıb ki, haçansa Azərbaycanda da sənət bazarları formalaşar, yaradıcı insanlar öz fitri istedadları hesabına ərsəyə gətirdikləri incilərlə öz güzəranlarını yaxşılaşdıra bilərlər.
Söhbət zamanı Elxan bizə hansı işini satışa çıxarmaq istədiyini də bildirdi. Bu, Nəsiminin heykəlidir. Elxan deyir, inanıram ki, belə dərin filosof şair obrazı onu alan şəxsə hər zaman enerji bəxş edəcək.
Şəkillərdə: İmadəddin Nəsiminin heykəli; Allahverdi Bağırovun heykəli.
Rəssam olacaqdı, səhvən heykəltəraş oldu Featured
View the embedded image gallery online at:
https://edebiyyatveincesenet.az/index.php/en/memarliq-foto/item/251-raessam-oladzagd-saehvaen-heykaeltaerash-oldu#sigProGalleria207037c74c
https://edebiyyatveincesenet.az/index.php/en/memarliq-foto/item/251-raessam-oladzagd-saehvaen-heykaeltaerash-oldu#sigProGalleria207037c74c