Nərimanovun, Sabirin heykəlləri - CƏLAL QARYAĞDINI ANAQ Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Ötən gün tanınmış heykəltaraş, Xalq rəssamı Cəlal Qaryağdının anadan olmasından 109 il ötdü. Mən onun Nəriman Nərimanova ucaltdığı möhtəşəm abidəni xüsusən qeyd etmək istəyirəm. Eləcə də Sabirin abidəsini. 

 

Cəlal Qaryağdı 1915-ci ildə iyulun 15-də Şuşa şəhərində anadan olmuşdur. Şuşanın məşhur Qaryağdılar nəslinin nümayəndəsi, böyük xanəndə Cabbar Qaryağdıoğlunun qardaşı oğludur. Erkən yaşlarında ata-anasını itirib, onu xalası ilə nənəsi böyüdüb. 1927-ci ildə Cəlal Bakıya gəlib. Burada Rəssamlıq Məktəbinə qəbul olunur. Sonra təhsilini Tbilisi Rəssamlıq Akademiyasında (1932-1935) davam etdirir, lakin maddi imkansızlıq ucbatından təhsilini yarımçıq qoyaraq Bakıya qayıdır. Ötən əsrin 30-cu illərində qəzetlərdə rəssam, həm də Rəssamlıq Məktəbində müəllim olaraq çalışır. 40-cı illərdə heykəltaraşlıq əsərlərini yaratmağa başlayır.

Cəlalın gəncliyi müharibə illərinə təsadüf etdiyindən, bu, yaradıcılığında da öz izlərini qoyub. Təyyarəçi Adil Quliyevin büstü, tank qoşunları general - mayoru Həzi Aslanovun, snayper Ziba Qəniyevanın portretləri müharibə mövzuludur. Cəlal Qaryağdının müəllifi olduğu digər portretlər – Bülbül, Rəşid Behbudov, Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Niyazi kimi məşhur insanların silsilə portretləri zamanında böyük maraqla qarşılanmışdı.

Qaryağdı yaradıcılığında Mirzə Ələkbər Sabirin abidəsi xüsusi yer tutur. 

Nəriman Nərimanovun tunc abidəsinə gəlinə isə onun maraqlı bir tarixçəsi var. Bu barədə mən AzərTAC-dan oxumuşam. 1970-ci illər idi. Heykəltaraş Nərimanovun heykəlini yüksək səviyyədə, içindən gələn milli təəssübkeşliklə hazırlayıb tamama yetirdi. Abidə yerinə qoyulduqdan bir qədər sonra ətrafı yenidən hasarlandı, heykəlin üstü kətan parça ilə örtüldü. Bunun şahidi olanlar xatırlayırlar ki, o vaxt Bakıda heykəlin götürüləcəyi barədə söz-söhbət gəzirdi. Bu söz-söhbət əsassız deyildi. Nərimanovun heykəli erməni şovinistlərinin qısqanclığına səbəb olmuşdu. Moskvaya bu məzmunda donos verilmişdi: Azərbaycanlı Nərimanovun heykəli rus Kirovun Dağüstü parkdakı heykəlindən uca alınıb və buradan millətçilik qoxusu gəlir.

Kreml işə qarışdı. İstədilər heykəli kiçiltsinlər. Amma abidə tuncdan töküldüyündən bu mümkün olmadı. Çıxış yolunu kürsünün qısaldılmasında gördülər. Bununla da heykəl-kürsü nisbəti pozuldu və kompozisiya əvvəlcədən düşünülmüş monumentallığını itirdi.

Cəlal Qaryağdı yaradıcılığının nişanələrinə təkcə Bakıda deyil, respublikanın müxtəlif şəhər və rayonlarında da rast gəlmək olar. Şair Səməd Vurğunun Qazaxda, kimyaçı alim Yusif Məmmədəliyevin Ordubadda ucaldılmış abidələri bu qəbildəndir. Səməd Vurğunun Fəxri xiyabandakı məzarüstü abidəsinin müəllifi də Cəlal Qaryağdıdır.

C.Qaryağdı heykəltaraşlığın müxtəlif janrlarında – monumental heykəl, portret, büst, qorelyef, barelyef və s. bir-birindən maraqlı əsərlər yaradıb. Görkəmli tişə ustasının yaradıcılığının səciyyəvi xüsusiyyətləri kimi, obrazların mahiranə plastik həllini, kompozisiya bitkinliyini, yaradıcılıq manerasının genişliyini, surətlərin fərdi xarakterlərinin ustalıqla açılmasını, heykəltaraşın özünə qarşı yaradıcılıq tələbkarlığını və s. xüsusiyyətləri qeyd etmək olar.

Heykəltaraş 1954-cü ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 1960-cı ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb.

Görkəmli sənətkar 2001-ci ildə vəfat edib. 

Ruhu şad olsun!

Sonda bir istəyimi də dilə gətirim. İndi ki müstəqil dövlətik. Bəlkə Nərimanovun abidəsinin postamentini dəyişək?

 

“Ədəbiyyat və incəsənət”

(16.07.2024)