Qafar Sarıvəlli yaradıcılığının rəng seçimi özəlliyi və gözəlliyi Featured

Rate this item
(0 votes)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam, hamımızın əzizi Qafar Sarıvəllinin 68 yaşı tamam oldu. Portretlər, təbiət mənzərələri, kitab illüstrasiyaları - gözəl rəng seçimi, isti və soyuq rənglərin remiksi, bir-birilərini tamamlaması… - bir yaradıcı ömrün qısa xülasəsi belədir. 

 

Rəssamın tərcümeyi-halına diqqət edəndə elə də çox xronika görmək olmaz. Özünü gözə soxmağa çalışmayan rəssam təvazökardır, ancaq həm də çox zəhmətkeşdir. 

Qafar Sarıvəlli 1956-cı il yanvarın 17-də Qazax rayonunun Kəmərli kəndində anadan olub. 1973-cü ildə Kəmərli kənd orta məktəbini bitirib. Həmin ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub. 1980-ci ildə rəssamlıq məktəbini bitirib. Ailəlidir, iki övladı var.

1985-ci ildən Respublika və Beynəlxalq sərgi-müsabiqələrinin daimi iştirakçısıdır. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 

2002-ci ildə ilk, 2005-ci ildə ikinci fərdi sərgisi keçirilib. Bu sərgilər Bakıda düzənlənib. 2013-cü ildə isə bu dəfə Qazaxda sərgisi baş tutub. Həmin sərgi barədə ayrıca danışmaq istəyirəm. 

 

Yaxşı yadımdadır, istedadlı fırça ustası Qafar Sarıvəlli ən yaxşı əsərlərindən ibarət ekspozisiyasını doğulub-böyüdüyü Qazaxın sənətsevərlərinə təqdim etmişdi. Rəssamın sayca üçüncü fərdi sərgisi Mədəniyyət və Turizm Nazirliyinin və Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayondakı Dövlət Rəsm Qalereyasında təşkil olunmuşdu

Qalereyanın direktoru Münəvvər Xəlilova sərgini giriş sözü ilə açaraq Qafar Sarıvəllinin zəngin və geniş mövzulu yaradıcılığı barədə məlumat vermiş, onun doğma torpaqla sıx bağlı olduğunu, əsərlərində yurd sevgisinin aydın sezildiyini vurğulamışdı, mərasimdə Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun təbrik məktubu oxunmuş, rəssamlardan Məmməd Dəmirçioğlu, Nəcməddin Hüseynov, Səyyar Məmmədov, heykəltəraş Ramiz Qaya Qafar müəllimi təbrik etmişdilər.

Sonra rayonda qonaq olan Azərbaycan Respublikasının ovaxtkı ombudsmanı Elmira Süleymanova, ictimaiyyət nümayəndələri sərgilənən əsərlərə baxmış, ekspozisiyadan zövq aldıqlarını ifadə etmişdilər. 

Qeyd edim ki, Qafar müəllimin “Səhər”, “Natürmort”, “Günəş Şərqdən doğur”, “Sevgi”, “Mübarizə”, “Ayrılıq”, “Göyəzən”, “Qobustan”, “İncədərəsi”, “Kürqırağı”, “Soyqırım”, “Muğam aləmi”, “Zurnaçı”, “Qaçaq Kərəm”, “Yurda bağlı ömür” kimi mövzuca çeşidli, Vətən sevgisi və məfkurəvi ideyalarla mənalanmış əsərləri xüsusən maraq doğurur. 

 

Qafar Sarıvəlli deyir:

— Mən rəssam olduğuma görə doğulduğum İncədərəsi obasına, kəndim Kəmərliyə borcluyam. O bənzərsiz yerlərin min bir rəngi — baharının ağ donu, yayının zümrüdü libası, payızının qızılı mənzərəsi, qışının çılpaq və qarlı görüntüləri, adamlarının möhkəm və mehriban simaları, halallıq saçan bənzərsiz obrazları dünyaya gözünü açıb özümü anlayanda qəlbimdə bitib-tükənməyən duyğular oyatmış, sanki “bizi gör və göstər” deyə pıçıldamışdır. Uşaqlıq illərində kəndimizin “balaca rəssamı” kimi tanındım, hərbi xidmətdə rəssamlıqla nəfəs aldım. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində görkəmli fırça ustalarından dərs alandan sonra taleyimi bugünədək sevib-seçdiyim rəngkarlıqla bağladım.

 

Qafar Sarıvəllinin yaradıcılığında aydın seçilən iki istiqamətin — mənzərə və portretlərin özəllikləri duyulur. Əgər onun portretlərində təsvir olunan insanlar öz şəxsi keyfiyyətlərinə və fəaliyyətlərinə görə bir-birindən fərqlənirsə, mənzərələrinin hamısı bir məqsədə, yəni uca dağlarımızın, yaşıl çəmənliklərimizin, meşəliklərimizin, bir sözlə, təbiətimizin bənzərsizliyini, ana torpağımızın gözəlliyini bizə sevdirməyə qulluq edir.

Elə indi bu yazını oxuyanlar onun çəkdiyi Xalq şairimiz, dahi şair Səməd Vurğunun portretini görürlər. Əlavə olaraq portalımızın Rəsm qalereyası bölümündə isə Qafar müəllimin çəkdiyi çox möhtəşəm bir iş nümayiş olunacaq: “Aşıq Ədalət”.

 

Qafar Sarıvəllinin yaradıcılığında Azərbaycanda böyük ənənələri olan kitab tərtibatı sənəti də mühüm yerlərdən birini tutur. Son 20 ildə 100-dək kitaba çəkdiyi illüstrasiya onun bu sahədəki müvəffəqiyyətini sübuta yetirir. Yusif Kərimovun “Sarı sim”, Akif Səmədin “Ömrü özünə yaşasan”, Qara Qafqazlının “Şair elsiz olmasın”, Məhərrəm Qasımlının “Şah İsmayıl Xətainin poeziyası” və digər kitablara verilən tərtibatlar buna parlaq misaldır.

 

Dəyərli rəssamımız Qafar Sarıvəlli hazırda yaradıcılığının yetkin dövrünü yaşayır, 68 yaş hələ nədir ki. Və sənətini ürəkdən sevən rəssam bundan sonra da bir-birindən gözəl, dərin məzmunlu əsərlər yaratmaq əzmindədir. 

Uğurlar arzulayırıq, Qafar müəllim! 

 

“Ədəbiyyat və incəsənət”

(22.01.2024)