Ağabala Çaykovski deyən bizim Eyyubun Joraya aidiyyatı yoxdur

Eyyub Yaqubov Azərbaycanın ən populyar kişi müğənnilərindəndir. Şanson mahnılarla çoxminli tamaşaçı auditoriyası toplayan müğənni barədə zaman-zaman çoxlu şayiələr dolaşır. Gah onun evlənmədiyi, gah da evlənib boşandığı iddia olunur. “Ədəbiyyat və incəsənət” bildirir ki, Eyyub Yaqubov subay deyil, evlidir. Və boşanmayıb. 

 

O, 1992-ci ildə ailə qurub, Zakir adlı bir oğlu var. Oğlu (şəkildə) bir müsahibəsində Eyyub Yaqubovun ailəsi barədə gəzən şayiələrə belə aydınlıq gətirib:

-Anam atamın yanında olmasaydı, düşünürəm ki, atam bugünkü qədər uğurlu bir insan olmazdı. Belə bir deyim var: Baş kişidirsə, boyun isə qadındır. Anam bütün hallarda atama dəstəkdir. Atamın həyat yoldaşının ayrılıb başqa ölkədə yaşaması isə əsassız şayiələrdir. Atam və anamın bir-birinə bəslədiyi sevgi və hörməti bizi tanıyan hər kəs təsdiqləyə bilər.

Yeri gəlmişkən, sosial mediada bəzın Eyyub Yaqubovun, guya bakılı erməni müğənni Joranın stilində oxumasını iddia edib tənqid atəşinə tutanlar var. Savadsız olmayaq gəlin. Siz deyən - şansonluqdur, bir musiqi cərəyanıdır, stilidir, erməni Jora kimdir ki, bu stilin sahibi olsun? Şansonun vətəni Fransadır, qulağa tez yatan, sadə sözləri olan və yaddaşa tez hopan mahnılardır şanson mahnıları.

O şeyi ki, Eyyub Yaqubov bacarır, digərləri çətin bacarar.

Müğənni barədə bir şayiə də, guya onun lap uşaqlıqdan gözəl ifaçılığı, hətta muğam oxumasıdır. Halbuki, Eyyub Yaqubov uşaqlıqdan musiqidə olsa da, müğənni deyil, piano ifaçısı olub. Uşaqlıq illərindən musiqiyə böyük marağı olan Eyyub orta məktəblə yanaşı, eyni zamanda 3 saylı musiqi məktəbində təhsil alıb. 8 illik orta məktəb təhsilini bitirdikdən sonra, 1980-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano sinfinə daxil olub.

Texnikumda oxumaqla yanaşı o, Əlibaba Məmmədovun rəhbərlik etdiyi "Humayun" xalq instrumental ansamblında pianoçu işləyib. (Şəkildə) Bu ansamblla Eyyub Yaqubov Azərbaycanın bütün regionlarında keçirilən konsertlərdə iştirak edib.

Hələ 3 saylı musiqi məktəbinin 7-ci sinif şagirdi olarkən Azərbaycan pianoçuları arasında keçirilən müsabiqədə birinci yeri tutub. Əlibaba Məmmədovun ansamblında işləyərək, klassik musiqi ilə yanaşı xalq musiqisini də öyrənib. Dostları və tanışları əhatəsində hərdən mahnılar oxuyub. Bu isə, xeyli gec olub. 

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2023)