Bizi kimlər öldürür? Featured

AQTA-nın Maştağa reydinə sözardı

 

Bəli, kimisi ev şəraitində vannada limonad düzəldir, kimisi heyvan leşindən kolbasa istehsal edir. Və bu zir-zibili də bizə yedizdirirlər, içizdirirlər. “Ədəbiyyat və incəsənət” portalının yazarı Malik Məmmədovu bu yazını yazmağa bir fakt vadar edib. Nə fakt? 

 

Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirməklə növbəti bir cinayəti (bəli, bizcə bunun adı belədir) aşkarlayıb. 

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsinin yaydığı məlumata görə, Bakının Sabunçu rayonunda Maştağa qəsəbəsi, Sabir küçəsi, döngə 3, ev 42B ünvanında fiziki şəxs Hüseynov Ramiz Məcnun oğluna məxsus süd məhsullarının emalı müəssisəsində yoxlama aparılıb. 

Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə, temperatur rejiminə və texnoloji ardıcıllıq prinsipinə əməl olunmadığı, döşəmə və divar səthlərinin asan təmizlənən və dezinfeksiya işlərinin aparılmasının mümkünlüyünü təmin edən materiallarla üzlənmədiyi, işçi heyətin soyunub-geyinmə otaqları ilə təmin edilmədiyi və tibbi müayinədən keçmədiyi aşkar edilib. 

Eyni zamanda quru xammalların saxlanılması anbarında üzərində qanunvericiliyə uyğun markalanma aparılmamış ümumi çəkisi 29,7 kiloqram quru xammallar, hazır məhsullar saxlanılan soyuducu kamerada üzərində qanunvericiliyə uyğun markalanma aparılmamış süd məhsulları müəyyən edilib. Eyni zamanda məhsullara dair etiketlərə baxış keçirilərkən məhsulların tərkibinə əlavə edilən bütün xammallar barədə məlumatların əks olunmadığı məlum olub.

Müəssisədə istehsal edilən məhsullardan nümunələr götürülərək müayinələrinin aparılması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun Milli Referens Laboratoriyasına təqdim edilib. Və əmin olun ki, bu məhsulların hamısı toksinlə zəngindir. 

İçərinin antisanitariyası isə ürək bulandırıb. 

Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Buyurun, bizə süd məhsulu sırıyan müəssisənin fotolarına baxın. Bizi kimlər öldürür? Özünə gün-güzaran qurmaq üçün bu yola əl atan ramizlər. 

Ekspert Ziya Quliyev portalımıza mövcud fakt ilə bağlı bu şərhi verib:

-Vəziyyət çox acınacaqlıdır. Qanunda boşluq tapıb bu şəxslər bizim həyatımızı riskə atırlar. Qida Təhlükəsizliyi Agentliyinin bu cür qəti addımlar atması təqdirəlayiqdir. Hələliksə biz istehlakçılar yalnız inanılmış brendlərin məhsullarını alaq, tanımadığımız VÖEN-li işbazların toruna düşməyək.

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2023)