STATUS YAĞIŞI - Ulucay Akiflə Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

“Ədəbiyyat və incəsənət” portalının “Status yağışı rubrikası” bu dəfə qapılarını şair Ulucay Akif üçün açır. Buyurun.

 

“İndi onu xatırlayanda, sadəcə gülümsəyirəm…”

 

6 iyul günü atamın ölümündən iyirmi il ötdü. Nə az, nə çox, düz iyirmi il. Doqquz yaşım var idi onda, indi iyirmi doqquzdu.

Həmin günü, həmin ayları, həmin illəri nöqtə-vergülünə qədər xatırlayıram.

Onun məzarı başında hönkür-hönkür ağlamağımı, stol arxasında atamın boş qalan yerini, yeməyi iştahsız yeməyimizi, bəzən elə süfrədə bir-birimizə qoşulub ağlamağımızı, altı ay televizoru açmamağımızı, televizorumuzun xarab olmağını, anamın əziyyətlərini, anamın güclü olmağını, anamın sadiqliyini, anamın vəfasını, bir çətinliyə düşəndə bunu hamıdan gizlətməyimizi, təhsil haqqı ödəmək imkanımız olmadığı üçün ilk il universitetə getməməyimi, anama deyə bilmədiyim məsələləri bölüşməyə bir adam tapmamağımı, qardaşımın, bacılarımın toyunda atamı arzulamağımı, xoş günlərimi, uğurlarımı onunla bölüşmək istəyimi...

Hər şeyi xatırlayıram.

Yalan deməyəcəm, indi zərrə də kədər qalmayıb içimdə atamla bağlı. 

Atamın ölümü, yoxluğu ömrümə o qədər hopub ki, heç hiss etmirəm o boşluğu. 

İndi onu xatırlayanda, sadəcə gülümsəyirəm.

Ruhu şad olsun.

 

“Ədəbiyyat və incəsənət”

(08.07.2024)