AZƏRBAYCANÇILIQ FƏLSƏFƏSİ - 50 illiyi münasibətilə AMEA-da Sadıq Qarayevlə görüş keçirildi Featured

 

​​​​​​

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

Həm biologiya üzrə fədakar alim, həm maraqlı əsərlər ortaya qoyan yazıçı. Söhbət Sadıq Qarayevdən gedir. Azərbaycan Yazıçılar Birıiyinin üzvü, biologiya üzrə fəlsəfə doktoru, dosent, Prezident təqaüdçüsü, “Qızıl Kəlmə” mükafatçısı Sadıq Qarayevdən. O Sadıq Qarayevdən ki, bu günlərdə 50 yaşını qeyd etdi. Bu yazımda onun AMEA-da düzınlənən, 50 illiyinə həsr olunmuş “Sadıq Qarayevin əsərlərində milli ideya və azərbaycançılıq fəlsəfəsi” mövzusunda görüş barədə danışacağam. 

Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru, f.e.d., professor İlham Məmmədzadə alim-yazar, milli məfkurə sahibi Sadıq Qarayevi institut əməkdaşlarına təqdim etdi. Çıxışında qeyd edərək bildirdi ki, Sadıq Qarayev yazıçı və ictimai xadim olaraq fəal vətəndaşlıq mövqeyi ilə seçilir və öz əsərlərində azərbaycançılıq məfkurəsi, milli dövlətçilik ideyalarının təbliğinə önəm verir. 
Professor S.Qarayevin “Sahilsiz təzadlar”, “Sahibsiz kölgələr”, “N” saylı qəhrəmanlıq” adlı irihəcmli elmi-fəlsəfi, tarixi romanların, eləcə də, hekayə, esse və publisistik yazılardan ibarət “Sarvansız zamanlar”, “Azərbaycançılıq məfkurəsi” kitablarının, yerli və xarici mətbuatda dərc olunmuş 60-a yaxın elmi məqalənin müəllifi olduğunu, eləcə də müstəqillik dövrü Azərbaycan ədəbiyyatında elmi idrakla bədii təfəkkürün birliyi əsasında yazılmış əsərləri ilə seçildiyini vurğuladı. 
Sonra İnstitutun elmi işlər üzrə direktor müavini, t.e.d. Eynulla Mədətli çıxışında Sadıq Qarayevin əsərlərini xüsusən 44 günlük Vətən müharibədən bəhs edən “N saylı qəhrəmanlıq” kitabını təhlil etdi, onun yaradıcılığında Azərbaycançılıq məfkurəsinin aparıcı xətt təşkil etdiyini vurğuladı, yazıçının gənc nəslin yetişməsi yolunda ortaya qoyduğu zəhməti yüksək dəyərləndirdi. Qeyd etdi ki, yazıçı böyük uzaqgörənliklə, 2014-cü ildə nəşr edilmiş “Sahilsiz təzadlar” romanında əsas qəhrəmanların və digər obrazların vasitəsilə bir sıra elmi, fəlsəfi ideyalar irəli sürüb, əsərdə xalqımızın arzularının bədii ifadəsi kimi, Qarabağın işğaldan azad ediliyini, Şuşanın Qafqazın elm və mədəniyyət mərkəzinə çevrildiyini, orada beynəlxalq tədbirlərin keçirildiyini, orada sürətlə tikinti-quruculuq işlərinin getdiyini, Molla Pənah Vaqifin məqbərəsinin, Gövhərağa məscdinin bərpa edildiyini təsvir edib. Bu elmi və bədii təfəkkürünün məhsulu olan əsər vasitəsilə yazıçı öz xalqını, xüsusən yeni nəsli ölkə miqyaslı, taleyüklü problemlərin həllinə hazırlamaq missiyasını həyata keçirib.
Tədbirdə tədqiqatçı filoloq Sima Cəfərova “Sadıq Qarayev yaradıcılığının özəlliyi və əsas qayəsi”, f.e.d. Füzuli Qurbanov “Sadıq Qarayev yaradıcılığında elmi idrak və bədii təfəkkürün vəhdəti”, “Etika” şöbəsinin elmi işçisi Vüsalə Gülmalıyeva, “Sadıq Qarayevin ” Sahilsiz təzadlar” əsərində Qarabağ mövzusu və yazıçı öngörənliyi”, f.ü.f.d, dosent Şölət Zeynalov “Sadıq Qarayevin əsərlərində dioloq fəlsəfəsi və milli məfkurə” mövzusunda çıxış etdilər. 
Sosiologiya şöbəsinin müdiri, f.e.d. Rəfiqə Əzimova, "İnformasiya cəmiyyətinin fəlsəfi və sosioloji problemləri" şöbəsini müdiri, f.ü.f.d Məhəmməd Cəbrayılov, Azərbaycan Yazıçılar Birliyinin üzvü Etibar Muradxanlı, AMEA-nın A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçi, t.ü.f.d. Yaqut Əmirova, Coğrafiya İnstitutunun YAP Yasamal Təşkilatının sədr müavini Məhbubə Fətullayeva mövzu ətrafında yazıçının ömür yolu, elmi tədqiqatları, bədii yaradıcılığı və ictimai fəaliyyətindən söhbət açdılar. 
Sonda Sadıq Qarayev çıxış edərək institut rəhbərliyinə və tədbir iştirakçılarına göstərilən diqqət üçün öz təşəkkürünü bildirdi. 
Tədbirdə yazıçı- alim üçün hazırlanan videoçarx və slayda baxış keçirildi. Yazıçı arzu edənlər üçün kitablar imzalayaraq, xatirə şəkilləri çəkdirdi. 
İnstitutun Həmkarlar Təşkilatının sədri Asya Əhmədova yazıçını 50 illik yubileyi münasibətilə institutun əməkdaşları adından təbrik etdi.
Bu saatlarda isə AMEA-da Sadıq Qarayevin 50 illiyi münasibətilə AMEA prezidenti İsa Həbibbəylinin giriş nitqi söyləyəcəyi daha geniş tərkibli tədbir keçirilir.

 

“Ədəbiyyat və incəsənət”
(25.06.2024)