“Açıq dərs - Açıq fikir” layihəsi çərçivəsində bilik yarışması keçirilib

Rate this item
(0 votes)

2024-cü ilin yanvar ayında görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi tamam oldu. Bu münasibətlə ölkə Prezidenti cənab İlham Əliyev M.Ə. Rəsulzadənin 140 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. Sərəncamdan irəli gələn tədbirlər çərçivəsində iyunun 12-də F. Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı, M. Rahim adına 7 saylı tam orta məktəbin tərəfdaşlığı ilə "Açıq dərs - Açıq fikir" layihəsi çərçivəsində M.Ə.Rəsulzadənin 140 illiyinə həsr olunmuş “İnsanlara hüriyyət, millətə istiqlal” adlı bilik yarışması keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, məktəbin foyesindən başlayan tədbirdə yuxarı sinif şagirdləri tərəfindən M.K. Atatürk, N. Nərimanov, F. Köçərli, M.Ə. Rəsulzadə, S. Umgülsüm obrazlarının təqdimatında kompozisiya təqdim edilib, həmçinin hər bir obraz haqqında müvafiq məlumatları əks etdirən kitab sərgisi nümayiş olunub.

Ümummilli lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra məktəbin direktoru Könül Təhməzova tədbiri açıq elan edib.

Bilik yarışmasında AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Azərbaycan Xalq Cümhuriyyəti tarixi şöbəsinin əməkdaşları tarix üzrə fəlsəfə doktoru, dos. Natiq Məmmədzadə, tarix üzrə fəlsəfə doktoru, dos. Mübariz Ağalarlı, elmi işçi Lamiə Sultanova və Respublika Uşaq Kitabxanasının elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova münsif qismində iştirak ediblər. Münsiflər heyətinin hər bir üzvü öz çıxışlarında məktəblilərə, iştirakçılara daha ətraflı məlumat verdikdən sonra belə tədbirlərin keçirliməsinin vacibliyini vurğulayıblar. Gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasının əhəmiyyətindən danışıblar.

8-ci sinif şagirdləri arasında keçirilən bilik yarışmasında iştirakçıların cavabları münsiflər tərəfindən qiymətləndirilməklə I yer üzrə qalib müəyyənləşdirilib. 1-ci yerə sualları tam, dolğun şəkildə cavablandırdığı üçün məktəbin şagirdi Əli Hüseynzadə layiq görülüb. F. Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova öz çıxışında M. Rahim adına 7 saylı məktəbin direktoru, müəllim heyəti və şagirdlərinə xüsusi minnətdarlığını bildirərək, kitabxana adından məktəblini diplom və hədiyyə ilə təltif edib.

Sonda "İncəbellim" ("Dədə Qorqud" filmindən Beyrəyin mahnısı) və “Çırpınırdı Qara dəniz” mahnıları məktəb şagirdlərinin təqdimatında ifa olunub.

Tədbir xatirə şəkillərinin çəkilməsi ilə sona çatıb.

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2024)