ANAİB bu sınaqdan da alnıaçıq çıxdı - III UŞAQ KİTAB FESTİVALI başa çatdı Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Valideyinlər övladlarını da yanlarına alıb dəstə-dəstə “Abu Arena”ya gedirdi, rayonlardan müəllimlər avtobus tutaraq şagirdlərini Bakıya - “Abu Arena”ya gətirirdi. 4 gün ərzində bu məkan uşaq paytaxtına çevrilmişdi...

 

6 – 9 iyun tarixlərində “Abu Arena”da “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) təşkilatçılığı ilə “Yaşıl Dünya naminə Həmrəylik İli”nə həsr olunan III Uşaq Kitab Festivalı keçirildi. Budəfəki festivalı əvvəlkilərdən fərqləndirən tematik günlərə ayrılması oldu.

İyunun 6-sı Yaşıl Dünya,

İyunun 8-i Milli Geyimlər,

İyunun 9-u isə Mənim Nağıl Qəhrəmanım!

Yaşıl Dünya Günündə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə iştirakçılara yaşıl torbalarda toxumlar paylanıldı. Milli Geyimlər Günündə təşkilatçılar, iştirakçılar və ziyarətçilər milli paltarlara üstünlük verdilər. Mənim Nağıl Qəhrəmanım Günündə isə hərə öz nağıl personajını canlandırdı.

Festivalın açılış mərasimində ANAİB sədri Şəmil Sadiq, Türkiyənin məşhur uşaq yazıçısı Suat Turqut, “Altun Kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov, sərginin layihə rəhbəri, “Ağıllı bala” nəşriyyatının direktoru Fatimə Alxaz çıxış etdilər, bu kimi layihələrin Azərbaycan kitabçılığına, ümumilikdə ölkənin gələcəyinə yatırım kimi qiymətləndirdilər.

Festivalda Şəmil Sadiq, Sevinc Elsevər, Aynur Cavid, Rövşən Abdullaoğlu, Reyhan Yusifqızı, Elgüsel, Fatimə Alxaz, Amin Sükut, Əziz Yaqubzadə, Çinarə Köçərli, İradə Qədirova, Mürşüd İsmayılzadə, Aytac Qəmbərova, Günel Əliyeva, Elmir İsgəndərov və başqa yazıçıların təqdimat və imza mərasimləri baş tutdu.

Türkiyənin məşhur uşaq yazıçısı Suat Turqut da tədbirin qonağı oldu.

Bundan başqa, sərgidə Gülzar İbrahimova, Mehriban Nağıyeva, Xəzər Süleymanlı, Kamal Yaşar, Şəbnəm Həsənəlizadə, Afaq Muradın ifasında qiraət və nağıl saatları, müğənni Röyal Musanın təqdimatında mini-konsert proqramı, Elmar İbrahimovun sehrbazlıq şousu iştirakçılar tərəfindən maraqla qarşılandı.

“Bu şəhərdə kimsə yoxdur” teleserialında uşaq qəhrəmanı obrazı yaratmaqla artıq uşaqların da sevimli yazıçısına çevrilən Rövşən Abdullaoğlu ərsəyə gətirdiyi uşaq kitabları barədə məlumat verdi.

Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndələri Abdulla Şaiq və Mirzə Ələkbər Sabirin varisləri ilə görüş də tədbirə rəng qatdı. Sabirin nəvəsi Sevda Talıbzadə balacaları maraqlı söhbətləri ilə sanki ovsunlamışdı.

Sərgidə on minlərlə kitabın endirimli qiymətlərlə satışı, master-klaslar, məşhurların nağıl saatları, kukla teatrı, əyləncəli tamaşalar, intellektual oyunlar təşkil edildi.

Tədbirdə oxucular məşhur uşaq yazıçılarından imzalı kitablar əldə edib, onlarla ünsiyyət qurdular.

Mütləq qeyd etməliyəm ki, festivalın sponsorları “Azsur Group”, “MUSİAD Azərbaycan”, “Azam Group”, “Premium Layihə İnşaat”, “Topxana Layihə İnşaat”, “Nağıoğlu construction”, “SQS Group”, təşkilati dəstəkçiləri isə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Supertoys” mağazalar şəbəkəsi idi.

Ölkədə kitabın populyarlaşması, mədəni, savadlı bir yeni nəslin yetişdirilməsi yolunda ANAİB bu gün müstəsna fəaliyyət göstərir. Və təəssüflə qeyd etməliyəm ki, ona bu nəcib işində kömək eləmək əvəzinə bir çox qurum və təşkilatlar mane olmağa çalışır.

Bununla belə, ortada görülən işlər qalır.

Yeni kitab bayramlarının təşkilinədək, ANAİB!

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2024)