İstanbulda “Azərbaycan çadırı” qonaqlarda xüsusi maraq doğurub

Dünən İstanbulda başlayan VI Etnosport Beynəlxalq Mədəniyyət Festivalında qurulan “Azərbaycan çadırı” qonaqların böyük marağına səbəb olub.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, hər il milyonlarla insanın qatıldığı etnosportda müxtəlif xalqların milli-mənəvi dəyərləri nümayiş etdirilir. Rəsmi açılış mərasimindən sonra tədbirin keçirildiyi Atatürk Hava Limanının ərazisində quraşdırılan milli çadırlar qonaqlara təqdim edilib.

Ölkəmizin Ankaradakı səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə qurulan “Azərbaycan çadırı” qonaqlarda xüsusi maraq doğurub. Milli çadırımızda Azərbaycanın tarixi və mədəniyyətinə dair guşələr yaradılıb ki, burada tariximiz, dövlətçiliyimiz və mədəniyyətimizə dair nəşrlər sərgilənir, ölkəmizin tarixi, mədəniyyəti və turizm bölgələrinin əsrarəngiz gözəlliyinə dair videoçarxlar göstərilir. Bunlarla yanaşı, çadırda sadə Azərbaycan ailəsinin ənənəvi mənzilinin nümunəsi, məişətdə istifadə etdiyi əşyalar, qədim xalçalar, suvenirlər də nümayiş olunur, milli şirniyyatlarımız qonaqlara təqdim edilir. Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə xüsusi olaraq tədbir üçün İstanbula gələn İsmayıllı rayonundan xalçaçı Ruhiyyə Süleymanova, Bakıdan miniatür rəsmlərin yaradıcısı, rəssam İlahə Cəfərli və Qəbələdən ağacoyma ustası Şahin Rəhimov sahələri üzrə əl işlərinin yaradılma prosesini canlı olaraq qonaqlara nümayiş etdirirlər. Çadırımızı ziyarət edənlər arasında Türkiyənin nüfuzlu elm xadimləri də olub.

Festivalın bədii hissəsində Mərkəzin “Xəzər” Xalq Rəqs Ansamblının ifasında milli rəqslərimizi təqdim edilib.

Mərkəzin təşkilatçılığı ilə festivalda iştirak üçün İstanbula gələnlər arasında xüsusilə sosial şəbəkələrdə yayımlanan videoları ilə türklərin böyük sevgisini qazanan Azərbaycanın Ağdam rayonunun Gülablı kənd uşaq musiqi məktəbinin müəllimi Habil Məmmədov və onun şagirdləri də var. Müəllim və şagirdlərinin dueti tamaşaçılar tərəfindən xüsusi alqışlarla qarşılanıb.

Xatırladaq ki, festivalda Azərbaycan Respublikasının Atçılıq Federasiyasının təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin 52 nəfərdən ibarət heyəti iştirak edir. Onlar Qarabağ atlarının iştirakı ilə milli musiqimiz və zərif Azərbaycan rəqslərindən ibarət “Koroğlu” adlı şou-kompozisiya ilə çıxış edirlər.

Qeyd edək ki, Dünya Etnosport Konfederasiyasının təşkilatçılığı ilə bu gün başlayan VI Etnosport Mədəniyyət Festivalı iyunun 9-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(07.06.2024)