Gəncədə sirk bayramı baş tutdu

Rate this item
(0 votes)

İstirahət günləri Gəncədə əsl sirk bayramı yaşanıb. Belə ki, “Gəncəland” attraksionlar parkında ölkənin ən böyük stasionar şapito-sirki Moskva Tsvetnoy Bulvarda Nikulin Sirkinin iştirakı ilə tamaşaçılara “Əfsanəvi sirk” adlı yeni sirk şou-proqramı təqdim edibdir. 

Proqramın təşkilatçısı dünyaşöhrətli azərbaycanlı sirk ustası, Ümumdünya Sirk Sənəti Festivalında ən yüksək mükafatların laureatı Allahverdi İsrafilov idi. 

 

Titullu Azərbaycan artisti bahar mövsümünün xüsusi olaraq Gəncədə açılması qərarını AzərTAC-ın müxbiri ilə söhbətində aşağıdakı kimi izah edib: “Mart Azərbaycanda ənənəvi olaraq ən çox bayramların olduğu aydır. Onun hər çərşənbə axşamı bahara doğru atılan bir addımdır. Bu, sirk sənətimizin öz köklərini aldığı rəngarəng və şən Novruzun intizarıdır: pəhləvanların qüvvətli çıxışları, at yarışları, nazik kəndir üzərində ustalıqla tarazlıqdan zövq alan kəndirbazların hiylələri. Keçəl və kosa obrazları isə bu gün hətta müasir klounların sələfi kimi qəbul edilir. Deyə bilərik ki, sirkin prototipi hərfi mənada “güc evi” kimi tərcümə olunan zorxana idi. Axı sirk təkcə güc, həm də qətiyyən fiziki güc demək deyil. Sirk ifaçıları həmişə iradəli olub, öz işlərinə sadiq qalıblar. Xüsusən də bir yerdən digərinə köç edəndə. Yeri gəlmişkən, şapitoların populyarlaşması və bu günə qədər də qorunub saxlanılması da daimi yerdəyişmə ilə bağlı olub

Allahverdi İsrafilovun sözlərini Gəncədəki şapito-sirkinin Azərbaycanda ən böyük sirk meydançası olması və onun parlaq çadırının artıq ölkəmizin ikinci ən böyük şəhərinin landşaftının ayrılmaz hissəsinə çevrilməsi də təsdiq edir. Təsadüfi deyil ki, şəhər sakinlərinin əksəriyyəti mövsümün açılmasını səbirsizliklə gözləyirlər.

Həmsöhbətimiz deyir: “İcazə verin, yenə də bir az tarixdən danışım. Deyirlər ki, Bakıda sirk kollektivlərinin yaranması ilə sirk tamaşaları o qədər populyarlaşıb ki, 1915-ci ildə Yelizavetpolda - indiki Gəncə şəhərində də Pospelovun vəsaiti ilə sirk tikilib. Bu faktın doğru olduğunu iddia etməyəcəyəm, qoy hətta həmin iddia yalnız əfsanə olsun, amma bu dəfə bahar turumuza buradan başlamaq qərarına gəldik”.

Yüz il əvvəl olduğu kimi, yenə də sirk sənətinin pərəstişkarları və sərrafları Rusiyanın ən qədim stasionar sirklərindən birinin istedadlı artistləri, maraqlı tryuklar və inanılmaz tamaşalarla görüşə şahidlik etdilər. Arenaya, həmçinin heç də az istedada malik olmayan heyvanlar – artist ayılar və ağ itlər çıxmışdı. 

Moskva Tsvetnoy Bulvarda Nikulin Sirkinin artistlərinin qastrollarının təşkilatçısı diqqəti yenidən tarixi faktlara cəlb edir: “Yeri gəlmişkən, moskvalı sirk ustalarının Bakıya ilk qastrolları 1892-ci il aprelin 28-də olub. Düzdür, o zaman Nikitin qardaşlarının sirk truppası gəlmişdi və Azərbaycanda stasionar sirkin yaranma tarixi də onların adları ilə bağlıdır. Sənətini Gəncədə təqdim edən Moskva sirk truppası üçün də çadır formatı tanışdır. Beləliklə, deyə bilərik ki, çoxəsrlik ənənələr kanonik şəkildə müşahidə olunur”.

Möhtəşəm tamaşa əsnasında Gəncədəki şapito-sirk arenası tamaşaçılarda heyrət doğuracaq nömrələr ilə cəsarətin artistizmlə çulğaşdığı məkana çevrilib. Sirkin əvəzolunmaz iştirakçısı olan klounun manejdə görünməsi ilə qəhqəhə fırtınası başlayıb. Zalda əyləşənlərin hər biri mütləq və yenidən öz uşaqlıq illərinə qayıdıb. 

Allahverdi İsrafilov vurğulayır: “Sirk sənətinin yeni formalarının meydana çıxmasına baxmayaraq, şapito-sirk tarixi bir rəmz olaraq qalır. Azərbaycanın qədim paytaxtında mövsümü açaraq, sirk sənətinin tərkib hissəsi olan mədəni ənənələrdə tarixi mərhələlərin sintezini əks etdirmək istədik. Üstəlik, bizləri ənənəvi olaraq ailəvi istirahətə yönəlmiş müxtəlif tədbirlər, səfərlər və ziyarətlərin nəzərdə tutulduğu tətillər gözləyir. Odur ki, keçmişə əsl səyahət edərək, inanılmaz dərəcədə gözəl Gəncəni ziyarət etməyiniz əla olar! Bu şəhərdə memarlıq abidələri sizlərə əsrlərin hüznlü tarixi ilə təmas qurmağa imkan verəcək, sirk tamaşası isə uşaqlıq zövqünü qaytarmağa şərait yaradacaq...”

Sirk üzrə “Oskar” mükafatının laureatı Allahverdi İsrafilovun qeyd etdiyi kimi, Moskva Tsvetnoy Bulvarda Nikulin Sirkinin artistlərinin hazırladığı “Əfsanəvi sirk” proqramı tamaşaçılara heyrətamiz hisslər bəxş edib ki, bu da hər kəsdə parlaq xatirələr və unudulmaz təəssüratlar yaradıb.

Ənənəvi olaraq, ilk tamaşa valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud uşaqlar, şəhid ailələrinin övladları və Qarabağ müharibəsi veteranları üçün təşkil olunmuşdu.

 

“Ədəbiyyat və incəsənət”

(11.03.2024)