İlk qarın sevinci, pozitiv baba, Lənkəranın rekordu Featured

Rate this item
(0 votes)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Yanvarın 13-ü və 14-ü Bakımız bəyaz libasa büründü, ilk qar yağdı. Düzdür, şaxta cəmi 1 dərəcə olsa da, eyvan və pəncərələrdən sırsıralar sallanmasa da, hər halda, biz əsl qış nağılı seyr edə bildik. 

 

Təbii ki, qara ən çox uşaqlar sevindi. Doyunca qartopu oynadılar, qar adamı düzəltdilər. Böyüklərsə hey giley- güzar etdilər. Əsasən də uik-endi rayonlarda keçirən varlı təbəqə buz bağlamış yollarda qaldı deyə (xüsusən Şamaxı yolunda ciddi problemlər yaşandı) qara okivar söydülər. 

 

Bu arada dəyərli ziyalımız Rəşad Məcidin bir statusu diqqətimi çəkdi, Rəşad bəy yazır: “Qara sevinən uşaqlardır, bir də uşaq qəlbli adamlar. Qara sevinə bilirsənsə safsan!”

 

Həqiqətən də, ildə bir-iki dəfə gələn bayrama sevinmək əvəzinə yas tutmaq əsla insafdan deyil. 

Problemlər hər gün var, qoy qar da üstünə bir-ikisini əlavə etsin. Nə olacaq ki? 

Amma özünü sevincə kökləyib bu ağ bəyazlığa tapınaraq cismini və ruhunu tam sevindirə bilərsən. Mən qarda nəvəsi ilə qartopu oynayan ixtiyar yaşlı bir kişini gördüm hər halda. Lap uşaqlıq, yeniyetməlik şövqü ilə oynayırdı, adam baxdıqca sadəcə ondan pozitivlik ötürülürdü. 

Milli Hidrometeorologiya Xidməti belə bir məlumat da yaydı ki, ən çox qar cənub bölgəsində müşahidə olunub. Lənkəranda qarın hündürlüyü 52 sm, Biləsuvarda 45 sm, Lerikdə 40 sm, Yardımlıda 35 sm, Göytəpədə 33 sm, Astarada 32 santimetrə çatlb. 

Ən soyuq temperatursa yüksək dağlıq ərazilərdə oldu -  10 dərəcəyədək şaxta! 

Bu arada qardan danışdımsa, mütləq sevimli Xalq şairimiz Sabir Rüstəmxanlının şeirini də qeyd etməyimiz yerinə düşər: 

 

Elə gözəl qar yağır qış da yadımdan çıxır,

Çiçək burulğanında yaş da yadımdan çıxır…

Ələnir lopa-lopa, ağır, yorğanparası,

Göydən milyon göz yağır – gizlənibdir qarası.

 

Ağappaq paraşütlər - Tanrının desantları.

Çapır göydən yerəcən buludun ağ atları.

Qonmağa yer axtarır körpəcə Qu quşları,

Toxunur ağ xalıya oxunmaz naxışları.

 

Milyon əriş çəkilir göy üzündən yerəcən,

Bu bəyaz parçasını hamıya bölənəcən.

Yüz iti qayçı olsun bu ağ ipləri kəsmir,

Əlim ağ vərəqləri çevirməyə tələsmir…

 

Qar üyüdür göylərin səssiz qar dəyirmanı,

Soyuq yorğan altında isinir yerin canı.

Bu ilahi təmizlik xatırladır nələri?

Anamın gözlərində yuva qurmuş kədəri.

 

Əridib üfüqləri, alovlu nəfəsiylə

Ağ çiçəkli bağlardan boy göstərən səhəri.

Ağ simlərdə çalınır ən səssiz mahnılarım.

Qədərlə barışığım, kül olmuş arzularım.

 

Niyə donub qalmışam, nəyə qarışıb başım,

Qoy gedib səs-səmirsiz bu ağlığa qarışım…

 

Bəli, istəkli oxucularımız, 2024-cü ildə ilk qar özünü çox gözlətmədi. 

İlk xoşbəxtliklər də inanırıq ki, uzaqda deyil.

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2024)