Azərbaycan Kəlağayısı günü necə qeyd edildi? Featured

Rate this item
(0 votes)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Təqvimdə noyabrın 26-sı Azərbaycan kəlağayısı günü kimi qeyd edilir. Və təbii ki, həmin gündə xanımlarımız başlarına, yaxud çiyinlərinə kəlağayı atmağa hələ çatmasalar da bu əlamətdar gün bəzi tədbirlərlə yadda qaldı. Onlardan ən önəmlisini isə Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi  ilə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi həyata keçirdi ki, mən də məhz bu tədbir barədə danışacağam. 

 

Beynəlxalq Muğam Mərkəzində təşkil edilən tədbir "Anam kəlağayılı bir muğamıydı..." adlı sərgi və konsertdən ibarət idi. 

Konsertdən öncə baş tutan sərgidə Kəlağayı ev muzeyinin 200 qədimi  kəlağayıları,  Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiya Mərkəzinin əl işləri, rəsm əsərləri, Tarix üzrə fəlsəfə doktoru Gülzadə Abdulovanın milli geyimləri, Azərbaycan Rəssamlar İttifaqının üzvü rəssam Gülnarə Məmmədovanın rəsm əsərləri, rəssam Sehran Allahverdinin "Kəlağayı" kompozisiyası, xalçaçı-rəssam Natiq Nəcəfzadənin rəsm əsərləri, Güllü Eldar Tomarlının toxuduğu əl işləri  sərgi iştirakçılarına nümayiş etdrildi. 

Tədbiri Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, tədbirin təşkilatçısı, şair-publisist Güllü Eldar Tomarlı açaraq tamaşaçıları salamladı və vətənin ərazi bütövlüyü, azadlığı, suverinliyi uğrunda canlarını qurban vermiş şəhidləri bir dəqiqəlik sükutla anmağı xahiş etdi.

Güllü Eldar Tomarlı bildirdi ki, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi 2023-cü ildə 1 Noyabrdan - 26 Noyabr "Azərbaycan Kəlağayısı" gününədək bölgələrdə "Kəlağayı günləri"ni qeyd edib. Kəlağayı günləri Naxçıvan, Tovuz, Gəncə, Naftalan, Sumqayıt, Şamaxı, İsmayıllı, Şəki, Qazax və Bakı şəhərlərində təntənəli şəkildə  keçirilib. 

Konsertdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, AYB-nin üzvü, Gürcüstanın '' Şərəf'' ordenli şairi , “Sazın Sözün Butası” təşkilatının sədri Səadət Buta, gənc şairlər Vüsal Ağa, Gülnar Ümid, Elşad Xaqan, yazıçı, ədəbiyyatşünas Turan İbrahimov, "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin sədri Xətai Ələsgərli, bəstəkar, musiqişünas, şairə Aysel Kərim, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin üzvləri - Lilpar Qəzənfər, Mətanət UluŞirvanlı, Brilyant Atəş, Lalə İsmayıl, Natəvan Əliyeva, Yasəmən Möhübbətqızı, Könül Nuriyeva və digərləri çıxış edərək Azərbaycanın milli baş örtüyü olan Kəlağayı haqqında maraqlı fikirlərini və təsuratlarını tamaşaçılarla bölüşdülər.

Azərbaycanın Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artist Nuriyyə Hüseynova, müğənni Arif Mehmandost, "Səma" rəqs qrupu, Şəki-Zaqatala Regional Mədəniyyət idarəsinin 4 nömrəli Uşaq Musiqi Məktəbinin xor şöbəsinin müdri Fərqanə Salamova, gənc ifaçı Fatimə Hümmətova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin "Xəzər" xor kollektivi, xorun rəhbəri Əməkdar müəllim, dosent Təranə Yusifova, müğənni Yaqut Almaz, aşıqlardan Ramin Qarayev, Rəfiqə Göyçəli, Avdı Musayev birbirindən maraqlı çıxışlar etdilər. 

Konsertdə vətən müharibəsinin iştirakçıları, qazilər, şəhid ailələri də iştirak edirdi.

Bir sözlə, həmin axşam Beynəlxalq Muöam Mərkəzi kəlağayının sehrində və musiqinin cazibəsində idi. 

 

“Ədəbiyyat və incəsənət”

(28.11.2023)