Əsgər anasının yaşantıları

 

İlkanə Qasımova, “Ədəbiyyat və incəsənət” üçün

 

Mən Qasımova İlkanə Teyyub qızı 1980-ci il 16 aprel tarixində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Aşağı Yaycı kəndində anadan olmuşam.

2020-ci il Sentyabr ayının sonları biz ailəliklə Qəbələ rayonunda idik. Yolda gedərkən radioda xəbərlərdə eşitdik ki, erməni ordusu tərəfindən atəşkəs dəfələrlə pozulub. Bu məni narahat etdi. Bundan əlavə, sərhəd kəndlərdə səngərlər qazıldığını da eşitmişdim. Bakıya qayıtdığımız gün həyat yoldaşıma zəng gəldi, dedilər, oğlunuz Abbas Qasımov sabah səhər saat 5 də N saylı hərbi hissəyə yaxınlaşsın. Abbas həvəslə deyilən ünvana yollandı. 

 

*

 

Abbas hərbi hissəyə getdiyi gündən 10 gün əlaqəmiz olmadı. O 10 gün mənim üçün 10 ilə bərabər idi. Çox ağır günlər keçirirdik. Hər gün şəhid xəbərləri gəlirdi. Bir tərəfdən ağır acılı hisslər, digər tərəfdən Cənab Ali Baş Komandanın twitter sosial şəbəkəsindəki işğaldan azad edilmiş ərazilərin paylaşımlarının verdiyi qürur hissini eyni anda yaşayırdım. 

10 gündən sonra az-az da olsa Abbasdan xəbər almağa başladıq. Hər an hər saniyə hər şey ola bilərdi, sanki tikan üstündə dayanmış kimi hiss eliyirdim özümü. Hər gün ağlayırdım, tək öz övladım üçün deyil, bütün müharibədə olan övladlarımız üçün. Müdafiə Nazirliyinin fonduna maddi yardımlar edirdim. Həftədə 3-4 gün yeməklər bişirib hərbi hissələrə göndərirdim. Bəlkə də onların heç biri mənim oğluma çatmırdı. Amma mən yenə də yeməkləri göndərməyə davam edirdim, çünki orda olanların hamısı mənim övladlarım idi. Bununla yanaşı sosial şəbəkədə xalqımızın əsgərlərimizə etdiyi yardımları görüb həvəslənirdim, hər dəfə “daha artığını etməliyəm” deyirdim.

8 noyabr tarixində Cənab Ali Baş Komandanın “Şuşa Sən Azadsan! Biz Səni Dirçəldəcəyik!Biz Qalib Gəldik!” deyərək  etdiyi çıxışlardan sonra çox sevinərək az da olsa rahat nəfəs aldım.

Çünki müharibənin artıq bitdiyini bilirdim. Lakin müharibə bitsə də Abbas müharibədən bir neçə ay sonra - Yanvar ayında evə gəldi. Bir tərəfdən sevincimin həddi hüdudu yox idi, lakin digər tərəfdən şəhid olan balalarımızın acısı ürəyimdə idi. Bunları sözlə idafə etmək mümkün deyil. Çox ağır günlər yaşadıq. 

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!

 

ARAYIŞ

Naxçıvanın Şərur mahalının Yaycı kəndində doğulan, Bakıda böyüyüb orta və ali təhsil alan, heç vaxt üzünü görmədiyi Qarabağ uğrunda gedən  44 günlük Vətən savaşında tarix yaradanların sırasında yer alan Abbas Qasımov Füzuli, Cəbrayıl, Laçın, Xocavənd və Şuşa şəhərləri uğrunda gedən döyüşlərdə düşmənə qarşı mərdliklə vuruşaraq müxtəlif medallarla təltif olunub. 

 

“Ədəbiyyat və incəsənət”

(25.10.2023)