AKTUAL: Eyni libasda, fərqli həyatlar Featured

Xatirə Əsgərova, “Ədəbiyyat və incəsənət”

 

Bu gün yenə həmişəki kimi dərsdə müəllimi dinlədiyim zaman birdən, bizimlə eyni xalatı geyinmiş, pəncərə önünü süpürən bəstə boylu, dolu bədənli, ala gözləri çuxura düşmüş, illərin yorğunluğunu üz cizgilərində daşıyan xadimə qadın diqqətimi çəkdi.

O, əlində süpürgə, çöldə o soyuq havada, tanımadığı, bilmədiyi insanların tökdükərini təmizləyərəkən, biz içəridə xəstəliklərin səbəblərini öyrənirdik.

 

Dərsimiz "peşə xəstəlikləri" idi, hər halda bu kainatın planlaşdırmış olduğu təsadüf idi. 

Bacardığı qədər ləng süpürürdü, yəqin ki, o da nəsə öyrənmək istəyirdi. Kim bilir, bəlkə də o da çoxusu kimi uşaq vaxtı tibbə sənəd vermək istəyirmiş, amma ya maddi durum sıxıntısı, ya da “qız nədir, təhsil nədir" düşüncəsi ilə yaşayan valideyin  qadağasına görə bu arzusunu gerçəkləşdirə bilməmişdi. 

Peşə xəstəliklərinə yalnız peşə fəaliyyəti kontekstində meydana gələn və ya bu peşədə ümumi populyasiyada və ya digər işçi qruplarında daha çox rast gəlinən xəstəliklər aiddir

Bir neçə ölkədə işçinin təzminat və ya müavinət almağa haqq qazandığı peşə xəstəlikləri siyahısı var. Bu siyahıya daxil olmayan xəstəliklər üçün kompensasiya verilmir. Bu səbəbdən rəsmi siyahılara daxil edilməyən peşə mənşəli xəstəlikləri təsvir etmək üçün "peşə səbəb olduğu xəstəliklər" ifadəsi istifadə olunur. Bir çox ölkənin qanunvericiliyində müəyyən bir xəstəliyin işçinin iş şəraitində olmasından qaynaqlandığı fərziyyəsi mövcuddur və xəstəliyin başqa bir səbəbə görə olduğunu sübut etmək işəgötürənin və ya sığortaçının işidir.

Bir sözlə, "Peşə xəstəlikləri" yiyələndiyimiz bəzi işlər sayəsində, etdiyimiz vərdişlərin xəstəliyə çevrilməsidir. 

Süpürgəçi xanımın əyilmiş beli, boyun hissəsi buna misal ola bilər (Azərbaycanda "peşə xəstəlikləri siyahısı" açıqlanmasa da). Eyni təhsil müəssisəsində eyni xalatları geyinmiş, eyni saata həmin yerə çatmaq  üçün tələsən, eyni səmada, eyni havanı udan insanların fərqli yaşamları... 

Bu çox təəccüblü və bir o qədər də acı dolu gəlir.

İşlər müqayisə edilməz, hər bir işin özünə görə çətinliyi var, amma bir müəllim və yaxud da həkim maaşı və əməyi ilə xadimə (xidmətçilik) işini müqayisə etsək, tərəziyə daha çox hansı ağır gələr?

Əgər iş mədəniyyəti olsaydı heç bunu müqaisə etməyə ehtiyac qalmazdı.

İnsanlar zibil qutusundan istifadə etsə, maaşlar tək diploma görə yox zəhmətə görə hesablansa hər şey çox bambaşqa olar. 

Əlində süpürgə, qulağında qulaqcıq, nəşə ilə ətrafı təmizləyərək, gözəlləşdirən insanları görməyi neçə nəfər istəyərik?

 

“Ədəbiyyat və incəsənət”

(11.10.2023)