“İllərin sənətkarı” - milli aşpazlar mükafatı təqdim olunub

Rate this item
(0 votes)

Ötən gün Beynəlxalq Muğam Mərkəzində “İllərin sənətkarı” milli aşpazlar mükafatının təqdimat mərasimi keçirilib. Mükafatı “Azərbaycan Aşpazlar Gildiyası” və “Diyar.Az” qastronomiya xəritəsinin layihə rəhbəri, “Dünya Restoran İdmanı Federasiyası”nın vitse-prezidenti Nigar Əmirbəyova birgə təsis ediblər. 

 

“Milli mətbəxin muğamı” adlı tədbirdə respublikanın qocaman, təcrübəli şef-aşpazları, tanınmış kulinarlar, elm və mədəniyyət xadimləri, sahibkarlar, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman oğul və qızlarımızın, eləcə də bu günlər Türkiyədə baş vermiş təbii fəlakət zamanı dünyası dəyişənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin təşkilatçılarından olan Nigar Əmirbəyova mərasimdə kulinariya sahəsində uzun illər təcrübəsi olan və öz peşəkarlığı ilə seçilən aşpazların, həmçinin bu sahənin nümayəndələrinin mükafatlandırılacağını bildirib. Əsas məqsəd Azərbaycan milli mətbəxinin usta aşpazlarına və bu sahənin tanıdılmasında əməyi keçən şəxslərə “İllərin sənətkarı” mükafatını təqdim etmək və onları gənc nəslə tanıtmaqdır. O, milli mətbəximizin dünyada təmsil edilməsində aşpazlarımızın rolunu xüsusi qeyd edib.

“Azərbaycan Aşpazlar Gildiyası”nın sədri İlkin Əkbərzadə bildirib ki, tədbirdə uzun illər milli kulinariyamızı, mətbəximizi ölkəmizdə və xaricdə layiqincə təmsil edən və 45-50 il təcrübəsi olan usta sənətkarlar iştirak edirlər. Məqsəd paytaxtda və bölgələrdə yaşayan təcrübəli aşpazlarımızı ictimaiyyətlə yaxından tanış etməkdir. “Bu gün paytaxtdan və regionlardan olan 40-a yaxın aşpaz mükafatlandırılacaq. Tədbirimizə, həmçinin peşə təhsili müəssisələrindən gənc aşpazlar da dəvət olunublar. Çünki gənc nəslin qocaman aşpazlarımızı yaxından tanıması onların püxtələşməsinə, milli kulinariyamızı dünyada layiqincə tanıtmalarına təkan verəcək. Cəmiyyətimizdə bu sahədə fəal olan çoxsaylı gənclərimiz var və ümid edirəm ki, onlar səy göstərərək bu sahənin inkişafına öz töhfələrini verəcəklər”, - deyə İlkin Əkbərzadə vurğulayıb.

İ.Əkbərzadə “Azərbaycan Aşpazlar Gildiyası”nın fəaliyyətindən, milli mətbəximizin təbliği istiqamətində görülən işlərdən və həyata keçirdikləri layihələrdən də danışıb.

Milli Kulinariya Assosiasiyasının rəhbəri Tahir Əmiraslanov, “DAİR Hotellər və Restoranlar” Assosiasiyasının sədri Samir Dübəndi, Türkiyə Dənizli Gənc Aşpazlar Cəmiyyətinin nümayəndəsi Süleyman Kursak təşkilatçılara minnətdarlıqlarını bildirib, milli mətbəximizin, Azərbaycan kulinariyasının müxtəlif beynəlxalq festivallarda təmsil və təbliğ olunmasında qocaman aşpazların fəaliyyətini yüksək qiymətləndiriblər.

Çıxış edənlər aşpazlıq peşəsinin özəlliklərindən söz açıb, milli mətbəximizin öyrənilməsində, bu sahədə ənənələrin qorunub saxlanılmasında, kulinariyamızın beynəlxalq səviyyədə tanıdılmasında, dünya miqyasında təbliğində gənc aşpazlara tövsiyələrini veriblər. Həmçinin kulinariya, aşpazlıq sənəti sahəsində təhsili inkişaf etdirmək, gəncləri cəlb etməklə onların bu sahədə fəaliyyətini stimullaşdırmağın vacibliyi vurğulanıb.

Daha sonra “İllərin sənətkarı” milli mükafatı təqdim edilib. Təltif edilənlər arasında Azərbaycan milli mətbəxinin usta aşpazları ilə yanaşı, kulinariya sahəsində çalışanlar da olub.

Mükafatçılar onların fəaliyyətini yüksək səviyyədə qiymətləndirdiklərinə görə təşkilatçılara təşəkkürlərini bildiriblər.

Sonra peşəkar aşpazlar tərəfindən hazırlanan Azərbaycan milli mətbəxinin incisi sayılan “Şah plov” qonaqlara təqdim edilib.

Qonaqlar, həmçinin milli mətbəximizin ləziz təamlarından, müxtəlif şirniyyatlarından dadıblar.

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2023)