Orxan Fikrətoğlu: “Milli mətbəximiz bizim milli irsimizdir”

Rate this item
(0 votes)

Ötən gün “Four Seasons Hotel Baku”da Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə Azərbaycan mətbəxinin təbliğatı istiqamətində beynəlxalq əməkdaşlıq imkanlarının qiymətləndirilməsi, eləcə də qastroturizmin inkişafı ilə bağlı məsələlər çərçivəsində “Azərbaycan kulinariyasının təbliğat perspektivləri” mövzusunda konfrans keçirilib.

 

Öncə DTA sədri Fuad Nağıyev qastroturizmin inkişafının turizmin vacib istiqamətlərindən biri hesab olunduğunu və son illərdə Azərbaycanın qastronomiya destinasiyası kimi təbliği istiqamətində çoxistiqamətli işlərin həyata keçirildiyini qeyd edib. O bildirib ki, qastronomiya turizminin inkişafı yalnız Azərbaycanın milli mətbəxini deyil, həmçinin zəngin maddi-mədəni irsini, tarixi ənənələrini və mədəniyyətini dünyaya tanıtmağa kömək edir. Fuad Nağıyev zəngin kulinariya ənənələrimizin dünyaya çatdırılması, bu istiqamətdə təbliğat işinin gücləndirilməsi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlığın daha da genişləndiriləcəyini vurğulayaraq, ölkə rəhbərliyi tərəfindən turizmin inkişafına xüsusi diqqət ayrıldığını bildirib: “Azərbaycan zəngin və qədim kulinariya ənənələrinə malikdir. Sirr deyil ki, Azərbaycan mətbəxi özünəməxsus dadları ilə seçilir. Bu gün bütün dünyada qastroturizm turizmin maraqlı və fərqli sahəsi kimi inkişaf etməkdədir. Dünya təcrübəsində qastronomik turların, eləcə də yeni dadların axtarışında olan turistlərin sayı artmaqdadır. Turistlər səfər etdikləri ölkənin milli mətbəx nümunələri ilə tanış olmaq, yeni dadlar kəşf etmək istəyirlər. Odur ki, qastroturizmin inkişaf etdirilməsi vacib istiqamət sayılır”. 

Onun sözlərinə görə, Azərbaycanın zəngin təbiəti, əlverişli iqlimi, məhsuldar torpaqları burada yetişdirilən məhsulların təbiiliyinə, dadına, çeşidinə birbaşa təsir edir və özündə geniş potensial ehtiva edir. Bu potensial ölkəmizin “qastronomiya ölkəsi” kimi də tanınması üçün geniş imkanlar yaradır. Dünya təcrübəsini, beynəlxalq standartları və inkişaf istiqamətlərini əsas götürərək ölkəmizdə milli kulinariyanın inkişafı əsas məqsədlərimiz sırasındadır. Bu baxımdan son dövrlərdə Dünya Kulinariya Cəmiyyətləri Birliyi ilə tərəfdaşlıq münasibətlərimiz uğurla inkişaf edir. “Biz Dünya Kulinariya Cəmiyyətləri Birliyi ilə əməkdaşlığı, həmçinin təşkilatın dünya qastronomiyasının inkişafına verdiyi töhfələri yüksək qiymətləndiririk. Son illərdə Azərbaycanın qastronomiya destinasiyası kimi təbliği istiqamətində çoxistiqamətli işlər görülür. Beynəlxalq standartlar əsasında aşpazlardan ibarət milli komandanın yaradılması, milli mətbəx nümunələrinin tədqiqatı, qastro-tematikalı turizm məhsullarının tərtibatı, ölkəmizin təmsil olunduğu bütün beynəlxalq tədbirlərdə milli kulinariyamızın təbliğatı və bu kimi fəaliyyətləri qeyd edə bilərəm. Ölkəyə gələn xarici turistlərə təqdim etməyə çoxçeşidli turizm məhsullarımız var. Təbiətimiz zəngindir. Əlverişli iqlim şəraiti, məhsuldar torpaqlarımız təbii məhsulların həm çeşidinə, həm dadına öz təsirini göstərir. Qastronomiya turizminin inkişafı yalnız milli mətbəximizi deyil, həmçinin zəngin maddi-mədəni irsimizi, tarixi ənənələrimizi, mədəniyyətimizi də dünyaya tanıtmağa kömək edir. Ölkəmizin təmsil olunduğu bütün beynəlxalq tədbirlərdə milli kulinariyamız, bu sahədə olan turizm potensialı çox geniş şəkildə beynəlxalq ictimaiyyətə təqdim olunur və maraq doğurur”, - deyə F.Nağıyev qeyd edib.

Regionların unudulmuş, qədim yeməklərini üzə çıxarmaq, biomüxtəlifliyini qorumaq və yerli qastronomiyanın tanınmasına nail olmaq baxımından bu kimi layihələrin önəm kəsb etdiyini bildirən F.Nağıyev, həmçinin qastronomiya turizminin ölkəmiz üçün çox vacib iki sahəni - turizm və kənd təsərrüfatını birləşdirdiyi üçün regionlarda kiçik sahibkarlığın və ailə biznesinin dəstəklənməsinə, nəticə etibarilə yerli əhalinin gəlirlərinin artması və rifah halının yüksəlməsinə də töhfə verə biləcəyini vurğulayıb: “Agentlik olaraq turizm sahəsində fəaliyyət göstərən bütün ictimai təşkilatlar kimi, kulinariya sahəsində fəaliyyət göstərən ictimai birlikləri də dəstəkləyirik. Hər zaman qeyd etdiyimiz kimi, gücümüz birliyimizdədir. Eyni hədəfə vurmaq üçün çalışmalıyıq. Hesab edirik ki, bugünkü konfrans, xüsusilə bu cəhətdən mühüm əhəmiyyət kəsb edir”.

Tədbirin əhəmiyyətindən danışan DTA sədrinin müavini Azadə Hüseynova vurğulayıb ki, bu cür konfransların keçirilməsi bu sahədə mövcud olan çatışmazlıqların aradan qaldırılmasına kömək edəcək: “Qastronomiya turizminin inkişafı yalnız milli mətbəximizi deyil, həmçinin zəngin maddi-mədəni irsimizi, tarixi ənənələrimizi, mədəniyyətimizi də dünyaya tanıtmağa kömək edir. Dövlət Turizm Agentliyinin tabeliyində olan Milli Kulinariya Mərkəzi tərəfindən bu günədək milli mətbəx nümunələrimizin tədqiqi, qorunması və tanıdılması üçün müəyyən vacib işlər görülüb. Hazırda kulinariya sahəsində təhsili inkişaf etdirməklə gənc, bu sahəni ürəkdən sevən, peşəkar aşpazların fəaliyyətinə dəstək verilməsi istiqamətində işlər davam etdirilir. Eyni zamanda, bununla zəngin kulinariya ənənələrimizi dünyaya çatdırmaq, bu istiqamətdə təbliğat işini gücləndirmək və beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirmək əsas fəaliyyət istiqamətlərindəndir. Bildiyiniz kimi, ötən ilin oktyabr ayında Milli Kulinariya Konqresi baş tutdu. Düşünürük ki, konqres kulinarları və aşpazları bir araya toplayan platforma kimi birgə əməkdaşlığı və fəaliyyəti uğurla təşviq edir”. 

Dünya Kulinariya Təşkilatları Assosiasiyasının (“Worldchefs”) prezidenti Tomas Quqler DTA və “Worldchefs” arasındakı əməkdaşlığın nəticələrindən məmnun olduğunu bildirib, azərbaycanlı kulinarlara peşəkar fəaliyyətlərində uğurlar arzulayıb. 

Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Orxan Sadıqov (Orxan Fikrətoğlu) milli mətbəxin qorunmasının ölkəmizin identifikasiyası və milli irsi üçün önəmli amil olduğunu qeyd edib. O, mərkəzin əsas fəaliyyətinin elmi-metodoloji bazanın təkmilləşməsinə yönəldiyini, mərkəzin milli mətbəxi təşviq edən, milli yeməklərin reyestrini yaradan qurumlar üçün istinad mərkəzinə çevriləcək elmi mərkəz olmağı hədəflədiyini vurğulayıb: “Milli Kulinariya Mərkəzi özünü bu sahədə görmək istəyən aşpazları və biznes sahiblərini əməkdaşlığa dəvət edir. Çünki kulinariya bizə qalan bir irsdir və büdcəyə gəlir gətirir. Biz Milli Kulinariya Mərkəzi olaraq qapımızı hamı üçün açıq qoymuşuq. Özünü bu sahədə sınamaq istəyən hər bir kəs istənilən zaman gələ bilər və onlara dövlət qayğı göstərəcək. Amma nəzərə almaq lazımdır ki, milli mətbəximiz bizim milli irsimizdir”. 

Azərbaycan Turizm Bürosunun sektor müdiri Səkinə Əsgərova tədbirin əhəmiyyətindən danışıb və milli kulinariya ənənələrinin yaşadılmasında belə mərasimlərin mühüm rol oynadığını bildirib. Turizm Agentliyinin milli mətbəx nümunələrimizin qorunması və ölkəmizin qastronomiya destinasiyası kimi təbliği istiqamətində görülən işlər barədə məlumat verən sektor müdiri, həmçinin konfransın Azərbaycan mətbəxinin təbliğatı istiqamətində beynəlxalq əməkdaşlıq imkanlarını qiymətləndirmək, eləcə də qastroturizmin inkişafı ilə bağlı müzakirələr aparmaq məqsədi daşıdığını vurğulayıb. 

Qeyd edək ki, Dövlət Turizm Agentliyinin dəvəti ilə Azərbaycana gələn Tomas Quqlerin Şuşaya səfəri nəzərdə tutulub.

 

“Ədəbiyyat və incəsənət”

(18.01.2023)