Yakut mətbəxindən dadlı bir balıq yeməyi - Stroqanina

Rate this item
(0 votes)

Rubrikanı Saxa-Yakutiya səfərinin mətbəx təəssüratlarını sizlərlə bölüşmək istəyən əçəkdaşımız Aida Eyvazlı aparır. 

 

Şənbə süfrənizi bir qədər fərqli etmək istərdinizmi? 

Yakutların ən dadlı balıq yeməklərindən biri Stroqaninadır.

Stroqanina Arktikada - Şimal dənizlərində və şirin sulu çaylarda üzən ziyad, çir və muksun adlı balıq növündən hazırlanır. Yakutlar bütün il boyu balıq məhsullarından istifadə edirlər. Balığı bir qayda olaraq  qurudulmuş,  hisə verilmiş, konservləşdirilmiş, qızardılmış və çiy halda yeyirlər. 

Bəhs etdiyim yeməyin hazırlanma qaydası 4 əsrdən də əvvələ gedib çıxır. Rusiyalılar bu torpaqlara gəlib çıxdıqdan sonra, stroqanina yeməyinə “struqanina” deyirmişlər.

Yakutlarda balığın  ovlanma və yeyilmə qaydası  çox fərqlidir.  

Stroqanina üçün balığın kütləvi ovuna  şaxtalı qış günlərində, dekabrın 20-dən sonra başlanılır. Çünki belə havalarda  şaxta – 40 dərəcədən aşağı olur. Balığı ovlamaq üçün  çaylarda və  göl hövzələrində  xüsusi ov mərasimi qurulur. Buzun üstündən  bir neçə kilometrlik sahədə dəliklər açılır. Bu dəliklər vasitəsilə balığı tutacaq tor buzun altındakı gölə, dənizə və ya çaya salınır.  Balıqlar tilova və ya tora düşən kimi, onu xüsusi texnologiya ilə buzun altından çıxarırlar. -40 dərəcədən aşağı  -50-60 dərəcəlik şaxtada  balıq 5-10 dəqiqə ərzində donur.  Və bundan sonra balığı açıq havada saxlayırlar. 

Stoqanina üçün xüsusi təzə balıqlar seçilir. Təzə tutulmuş  məhsul olmasını isə onun gözlərindən bilirlər. Təzə tutularaq dondurulmuş balığın gözləri şəffaf və işıltılı olur.   

Belə balığı yayda  buz dolablarında saxlayırlar, qışda isə buz dolabı olmadan da , balıqlar şaxta vurmuş halında qalırlar. Belə balıqlara  el arasında “yerli balıqlar” deyirlər. Və onların yağlılığı da yüksək olur. Stroqaninanı çiy halda yeyirlər. Belə ki, əvvəlcə balığın dərisi soyulur,  quyruğu və yelpicləri kəsilir. Sonra isə 3-4 mm qalınlığında lay-lay uzununa doğranır. Uzununa doğranmış layları xırda hissələrlə boşqablara düzür, üzərinə xırda doğranmış soğan,  duz və qara istiot səpilir.

Stroqanina yeməyi çox dadlıdır. Onu yeyən bir daha yemək istər!

Nuş olsun!

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2022)