“BALACA KİŞİLƏR”ə “İNANIRAM” Featured

Rate this item
(0 votes)

Gənc Tamaşaçılar Teatrı uğurlu mövsüm keçirdi

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bu il Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı özünün 95-ci mövsümünü keçirdi. “Ədəbiyyat və incəsənət” portalı mövsümə qiymət verməyə çalışacaq. Ondan başlayaq ki, bu mövsüm teatrda altı tamaşanın premyerası olub. 

 

1-Cİ TAMAŞA

Bu mövsüm ərzində ilk premyera Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin müəllifi və quruluşçu rejissoru olduğu repressiya illərində dəhşətli cəzalara məruz qalmış ziyalılarımızın həyat yoldaşlarının sürgündəki məşəqqətlərindən bəhs edilən “Kod adı: V.X.A” tamaşası olub. 

2-Cİ TAMAŞA

Sonra müharibədə yeganə oğlunu itirmiş qadından bəhs edən və quruluşçu rejissoru Elşad Rəhimzadə olan yazıçı-dramaturq Ülviyyə Heydərovanın “İnanıram” monopyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş etdirilib.

3-CÜ TAMAŞA

Daha sonra ədəbiyyat üzrə Nobel mükafatını almış ilk ingilis yazıçısı Redyard Kiplinqin “Cəngəlliklərin kitabı” və “İkinci cəngəlliklər” əsərləri əsasında uşaqlar üçün Elşad Rəhimzadənin quruluşunda hazırlanan “Mauqli” adlı tamaşa teatrsevərlərə təqdim olunub. 

4-CÜ TAMAŞA

Növbəti tamaşa Əməkdar artist Nicat Kazımovun quruluşunda 44 günlük Vətən müharibəsinə həsr olunmuş İlqar Fəhminin “Balaca kişilər” pyesi əsasında eyniadlı tamaşa olub.

5-Cİ TAMAŞA

Müşfiq Əliyevin quruluşunda İsveç dramaturqu Benqt Alforsun “İllüzionistlər” pyesi əsasında hazırlanan “35 ildən sonra” adlı tamaşa teatrın 5-ci premyerası olub.

6-CI TAMAŞA

Ən nəhayət, quruluşçu rejissoru və baş rolun ifaçısı Aydan Həsənzadə olan fransız dramaturqu Jan Kotonun “Biganə yaraşıqlı” əsəri əsasında hazırlanan “Biganə məşuq” tamaşasının premyerası keçirilib. 

 

Tamaşalar anşlaqla keçib, xüsusən “Ədəbiyyat və incəsənət” portalı əməkdaşlarının da tamaşa etdikləri “Balaca kişilər” və “İnanıram” tamaşaları uğurlu alınıb. 

Bildiyimiz kimi bu il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyi münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan silsilə tədbirlər çərçivəsində teatr və konsert truppalarının regionlara qastrol səfərləri də təşkil olunub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının builki ilk qastrol səfəri Sumqayıt şəhərinə olub. Teatr Sumqayıt Dram Teatrının səhnəsində “Dəcəl keçi” tamaşası ilə çıxış edib. Regionlara olan digər qastrol səfərləri isə Gəncə Dram Teatrında Anton Pavloviç Çexovun “Qağayı” əsəri əsasında hazırlanan eyniadlı tamaşa ilə və Lənkəran Dövlət Dram Teatrında “Bremen musiqiçiləri” adlı tamaşa ilə olub. 

Daha bir qastrol səfəri isə Özbəkistanın paytaxtı Daşkənddə “Avrasiya” 1-ci Beynəlxalq Teatr Festivalında həyata keçirilib. Özbəkistan Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi festivalda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti İsveç dramaturqu Lars Norenin “Müharibə” pyesi əsasında Əməkdar incəsənət xadimi Bəhram Osmanovun hazırladığı “Mən gəldim, qızlar” tamaşası ilə çıxış edib. 

Teatr builki mövsüm bağlanışını isə böyük Azərbaycan dramaturqu Mirzə Fətəli Axundovun “Sərgüzəşti Vəziri Xani Lənkəran” tamaşası əsasında hazırlanan eyniadlı tamaşa ilə edib.

Yayda teatr qısa fasilədən sonra həvəslə və inadla yeni mövsümə hazırlaşacaq. Əminik ki, bu payız da Gənc Tamaşaçılar Teatrı teatrsevərlərə xoş anlar bəxş edəcək.

 

Şəkillərdə: Qapaq şəklində “Balaca kişilər”, mətn şəklində “İnanıram” tamaşalarından səhnələr.

 

“Ədəbiyyat və incəsənət”

(06.07.2023)