Sənubər İsgəndərli: “Mən müsbət obrazlardan daha çox mənfi obrazları canlandırmağı sevirəm” Featured

Rate this item
(1 Vote)

 

“Ədəbiyyat və incəsənət” portalının “Çərşənbə söhbətləri” rubrikasında bu dəfə müsahibimiz Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Sənubər İsgəndərlidir. Sənubər xanımla Bahəddin Salman söhbətləşir.


-Salam, Sənubər xanım. İlk olaraq, “Ədəbiyyat və İncəsənət” portalının bütün heyəti adından sizi 25 oktyabr doğum gününüz münasibəti ilə təbrik edir, sizə cansağlığı, uzun və mənalı ömür, teatrımızın, televiziyamızın səhnəsindən daima səsinizin gəlməsini arzu edirəm.

 

-Salam. Bu xoş təbrikə görə sizə, saytınızın bütün yaradıcı heyətinə təşəkkür edirəm.

 

-Çox sağ olun, Sənubər xanım. Siz bu gün ən mütaliəli aktrisamız hesab olunursunuz. Bu məsələdə aktrisalıq fəaliyyətinə başlamadan əvvəl kitabxanada işləməyinizin rolu olubmu?

 

-Yox, qətiyyən.Bu məsələdə məndən iyirmi yaş böyük qardaşımın rolu çox böyük olub. O, həddən ziyadə mütaliəli bir insanıydı və daxilində cahil insanlara qarşı çox qəzəbliydi. Jurnal, ya da kitab çox az hallarda əlindən düşərdi. Çox böyük kitabxanası var idi. Dənizdə işləyirdi. Dənizə işləməyə gedəndə Turgenevin, Tolstoyun romanlarını, Yeseninin şeirlərini, başqa-başqa rusdilli ədəbi kitabları qarşıma düzüb, geri dönənəcən onları oxumağımı tapşırırdı.  O ərəfələrdə səhv etmirəmsə, dördüncü, ya da beşinci sinifdə oxuyurdum və həmin kitabları oxuyacaq, anlayacaq dərəcədə rus dilini bilmirdim. Deyirdim, “Bu kitabları necə oxuyum? Axı, heç nə anlamıram!”  Beləcə, o, işdən  evə qayıdanda hər dəfə kitabları hissə-hissə mənə izah edib, analiz elədikcə məndə davamlı kitab oxumağa xüsusi maraq oyandı. Bir müddət sonra mən həmin əsərlərə yenidən qayıtdım və bu dəfə kitabda bütün yazılanları daha yaxşı dərk etməyə başladım, çünki artıq gənc qız idim. O dövrün tələblərinə görə rus dilini bilmək vacib idi. Beləliklə, qardaşımın qarşıma düzdüyü kitablar zamanla rus dilini yaxşı öyrənməyimə, kitaba qarşı marağımın, sevgimin artmasına, geniş mütaliəyə sahib olmağıma kömək etdi. Amma onu da deyim ki, birinci sinifdə oxuyanda özümün böyük sevgi ilə oxuduğum kitab Mirzə Ələkbər Sabirin “Hopopnamə”si idi. Atamın adı da Sabir olduğu üçün həmin kitaba xüsusi rəğbət, sevgi bəsləyirdim. “Hophopnamə”ni əzbər bilirdim. Hə, bir də ki Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərini əzbər bilirdim. Bununla yanaşı, Bits Trupun karikaturaları üçün ürəyim gedirdi... Həmin karikaturalar kitabı dayım qızımın evində idi. Hər dəfə onlara gedib böyük maraqla, saatlarla o kitabı vərəqləyirdim. Bax, belə.

 

-Sənubər İsgəndərli Hüseynağa Atakişiyevi  bir rejissor kimi necə xatırlayır?

 

-O, mənim üçün təkcə müəllim deyildi, həm də  sənətin qapıları, sənətin işığı idi. Hüseynağa müəllim rəhmətə gedəndə də o işıq mənim üçün sönmədi. Bu vaxta qədər bir dəfə olsun qəbrini ziyarətə getməmişəm. Heç bilmirəm ki, hansı qəbiristanlıqda yatır. Özümü onun ölümünə inandırmaq istəmirəm. Hüseynağa Atakişiyev mənim üçün bu yolu açan, mənə sənətin üzünü göstərən, sənəti tanıtdıran və bu yolda əlimdən tutub gəzdirən insan olub. Belə bir möhtəşəm insanı başqa cür necə xatırlaya bilərəm?!

 

-Gənclər teatrında Leyli, Tomris, Yelena, Aqreppina rollarını ifa etmisiniz. Bu rollardan hansında özünüzü daha çox müvəffəq olmuş sayırsınız?

 

-Yenə də Hüseynağa müəllimi misal gətirəcəyəm. Hansı tamaşada oynasaq da, tamaşa bitəndən sonra onun heç bir emosiyası olmazdı. Biz – gənc aktrisalar, aktyorlar onun gözlərinin içinə baxırdıq ki, bəlkə, nəsə xoş, tərifəuyğun bir söz deyəcək. Amma o, dayanıb bir nöqtəyə baxaraq, “Keçin, keçin...” deyib ötüşdürərdi. Bir neçə il sonra Uilyam Şekspirin “Yay gecəsində yuxu” əsəri tamaşaya qoyuldu və mən həmin tamaşada Yelena rolunu oynadım. İlk dəfə onda hiss elədim ki, Hüseynağa müəllimin gözləri güldü. Ürəklənərək proqramı aparıb qarşısına qoydum və nəsə bir şey yazmasını istədim. O da yazdı ki, “Bax, sən  indi başladın gözəlləşməyə!” O gecə sevincimdən yata bilmədim. Beləcə, Hüseynağa müəllim “Yelena” rolumun uğurlu olduğunu düşündü və mən də ona inandım.

 

-Akademik Milli Dram Teatrına gəlişiniz nəylə bağlı oldu?  Bu teatrda Bəhram Osmanov, Vaqif İbrahimoğlu, Azərpaşa Nemətov, Rövşən Almuradlı və digər bu kimi rejissorlarla işləmisiniz. Bu rejissorlardan  hansı sizin yaradıcılıq potensialınızın açılmasına daha çox kömək olub?

 

-Siz birinci sualınızda kitabxanada işlədiyimi dediniz, elə həmin kitabxana bu teatrın kitabxanası idi. Universitetin ikinci kursunda oxuyurdum və artıq Lütfi Məmmədbəylinin “Kimin sualı var” televiziya tamaşasında Ağgül obrazını canlandırmışdım. Həmin ərəfələrdə Akademik Teatra gəldim, amma teatrın ştatında yer yoxuydu və məni kitabxana müdiri kimi işə götürdülər. Əmək kitabçamda da elə yazılıb. Ara-sıra teatrın səhnəsində kiçik rollar ifa eləyir, bir yandan da kitabxanada müdir kimi öz işimi icra edirdim. (Gülür). Sonralar Hüseynağa müəllim Gənclər Teatrını açdı.  Böyük səhnədə qalıb sənətin nəhəngləri ilə rol paylaşmağa bir gənc aktrisa kimi səriştəmin çatmayacağını düşündüm. Elə o düşüncə ilə də Gənclər Teatrına getdim. Əslində, düzgün qərar vermişdim, çünki, Hüseynağa müəllim həmin teatrın səhnəsində sənəti bizə əlifbasından öyrətdi. Aktrisa kimi özümü tam yetişdirdikdən, yəni səkkiz il sonra yenidən Akademik teatrın səhnəsinə geri döndüm.

 

-Bir rejissorla işləmək daha yaxşıdır, yoxsa müxtəlif rejissorlarla?

 

-Müxtəlif rejissorlarla. Mən daha çox gənclərlə işləmək istəyirəm. Çünki gənclərin hal-hazırkı dünyagörüşü bizim dünyagörüşümüzdən fərqlidir. Mənim ən çox qorxduğum sənətdə konservator olmaqdır. Yerində saymaq mənə görə ölümə bərabərdir. Mən hər eksperimentə açığam. Mən “Pantomim”, “Yuğ”, “Üns”  teatrlarında da oynamışam. Bütün bunlar mənə çox maraqlıdır. Səhnədə sözün yox, hərəkətin vurğunuyam.

 

-Milli Teatrın səhnəsində Burla xatun, Nisə xanım, Aysel, Gertruda, Falçı, Klara Veşer və digər obrazlarla çıxış etmisiniz. Sadaladığım bu obrazların içərisində milli və əcnəbi, tarixi və müasir qadın surətləri var. Hansı kateqoriyada olan qadın obrazlarını özünüzə yaxın hesab edirsiniz?

 

- Şəxsiyyət olaraq soruşursunuz, yoxsa xarakter?

 

-Xarakter olaraq.

 

-Belə deyim də, ümumiyyətlə mən müsbət obrazlardan daha çox mənfi obrazları canlandırmağı sevirəm. Məsələn, bu dediyimə ən yaxın olan və sevərək oynadığım obrazlar Klara Veşer və Falçı obrazlarıdır. Təbii ki, bütün rollarım mənə əziz, doğmadır, amma sualınıza uyğun gələni bu iki obrazdır.

 

-İfa etdiyiniz ən maraqlı obrazlardan biri də fikrimcə “Dəli yığıncağı” tamaşasında Lalbyuz obrazıdır. Sizə qədər bu obrazı kişilər oynayıb. Rejissor bu rolu nəyə görə sizə həvalə edib?

 

-Yeri gəlmişkən, onu deyim ki, müsahibədən sonra səhnədə canlandıracağım obraz Lalbyuz obrazıdır. (Gülür). Əlbəttə ki, bu bir rejissor yozumudur. Bu suala daha dolğun cavabı tamaşanın rejissoru verə bilər. Amma bu cür dəyişiklik ilk dəfə deyil. Məsələn, Hamlet rolunu qadın aktrisa Sara Bernar oynayıb. Bilirsiniz, əgər bu gün klassik əsərlər səhnəyə qoyulursa, əsərin ideya xəttinə xələl gətirmədən nəsə yenilik edilməlidir. Bugünkü Lalbyuz ümumiləşdirilmiş bir obraz şəklindədir.

 

-Teatr sizə yaxındır yoxsa televiziya?  Özünüzü hansında daha uğurlu hesab edirsiniz?

 

-Mənə elə gəlir ki, teatral insanlar ruslarda çoxdur. Həm ədəbiyyat sarıdan, həm də teatr baxımından uğurlu bir millətdirlər. İlk olaraq bu barədə söhbət açmağımın səbəbi budur ki, hətta orda da bu sualı sənət adamlarına versəniz, sənətin mexanizminə uyğun şəkildə sizə “teatr” cavabını verəcəklər. Mən də bu cavabı verirəm.

 

-Müasir kinomuzda canlanma olmasına dair fikirlə razısınızmı? Razısınızsa, hansı canlanma gedir, razı deyilsinizsə, əksik tərəflər nədir?

 

-Əksik tərəfi odur ki, nailiyyətləri yoxdur. İstəsək də, istəməsək də, əgər maliyyə yoxdursa, ortaya heç bir keyfiyyətli iş çıxarmaq olmaz. Amma istedadlar tərəfindən dünya heç vaxt xali deyil! Əsas da bu, bizim millətə aiddir. Bu millətin istedadlı insanları dünən də var idi, bu gün də var. Məsələn, son baxdığım yeni film “İkinci pərdə”dir. Filmin mənası cəmiyyət arasında ikimənalı qarşılansa da, mənim çox xoşuma gəlir. Rejissor işi, operator çəkilişi, aktyorların oyunu yerli-yerindədir.

 

-Sənubər xanım, sizcə nəyə görə istər kinoteatrlarda, istər yerli telekanallarda, istər internet kanallarında nümayiş edilən filmlərimiz əksərən komediya janrındadır?

 

-Sözügedən filmlərə baxmıram. Təbii ki, nə vaxtsa bir aktrisa kimi nəzər salmışam, orda nəyin baş verdiyini anlamaq marağım olub. Nəzər salmamış olsaydım, indi tam fikir bildirə bilməzdim. Amma çox təəssüf... Həmin filmlərdə boş gülüşə gedirlər! Mövzu yoxdur, ağırlıq yoxdur, gülüşün hədəfi, mənası, çəkisi yoxdur! Bu gülüşlərin əksəriyyətinin  yalnız bir adı var – lağlağı gülüş. Baxıb öz-özümə sual vermişəm ki, “axı, burda nəyə güldülər?!” Axı, gülüş də savadlı, intellektual olmalıdır. Məsələn, Mixail Zadornova böyük bir məmnuniyyətlə qulaq asırdım, çünki onun intellektual yumoru var idi.

 

-Respublikanın əməkdar artisti, Prezident mükafatçısı, Qızıl Dərviş mükafatı laureatısınız. Sizcə, əməyinizə layiqincə qiymət verilirmi?

 

-Tamaşaçı məni çox istəyir... (Gülür)

 

-İki gün əvvəl ustad ədəbi tənqidçi Əsəd Cahangirin sizin haqqınızda yazdığı kiçik bir məqaləni oxudum. Əsəd bəy həmin məqalədə sizi “altıncı mərtəbənin aktrisası” adlandırır. Mən də həmin gözəl bənzətmədən yola çıxıb sizə belə bir sual vermək istəyirəm. Adınız teatr aktrisaları arasında geniş yayılan intriqalarda hallanmır. Sanki, siz beşmərtəbəli evin altıncı mərtəbəsindəymiş kimi bu intriqaların fövqündə durursunuz.  Bu intriqalardan qaçmağa necə nail olursunuz?

 

-Sonra da soruşursunuz, “əməyinizə qiymət verən var?” Bu bənzətmələrdən böyük qiymət? (Gülür). Mən deyib-gülən, çox istiqanlı, səmimi insan olmaqla yanaşı, həm də məsafəli biriyəm.

 

-Bildiyim qədər işiniz bitən kimi həmin yerdən tez uzaqlaşırsınız.

 

-Anında uzaqlaşaram! Tamaşa bitən kimi yaradıcı heyətdən birinci mən çıxaram teatrdan. Düzdür, arada elə olur ki, məşqlərdən, tamaşadan sonra oturub söhbət edirik, yaxud qrimim çətin silinirsə, gecikə bilərəm, amma çox vaxt dediyim kimi olur. Mən heç vaxt heç kəsə artıq sual vermirəm ki, sabah o da mənə artıq sual versin. Bitdi, getdi!

 

-Sənubər İsgəndərli təkcə istedadlı yox, həm də gözəl xanımdır. Ola bilməz ki, bu iki keyfiyyəti daşıyan aktrisa qısqanclıq ilə üzləşməsin.

 

-Vecimə də deyil!

 

-Dünya kino və teatr aktrisalarından kimlərdən təsirlənmisiniz?

 

-Meril Strip mənim ikonamdır! Vudi Qoldberqi, Keyt Blanşeti bir aktrisa kimi çox bəyənirəm. Bu, sadəcə, aktrisalıq güclərini bəyəndiyim və onları izləyəndə “əla” dediyim insanlardır. Həyatım boyu heç bir aktrisadan təsirləndiyim olmayıb! Mən kiminsə aktrisalığına baxıb, təsirlənib səhnəyə gəlməmişəm.

 

-Tərəf müqabillərindən kimlərlə eyni səhnəni bölüşmək, eyni tamaşada rol oynamaq sizə daha rahatdır?

 

-Teatrda ən çox tərəf müqabili olduğum aktyorlar Nurəddin Mehdixanlı, Fizuli Hüseynov olub. Əslində, mənə bütün aktyor və aktrisalarımız ilə tərəf müqabili olmaq rahatdır .Çünki mən heç vaxt heç bir tərəf müqabilimə səhnədə mane olmamışam.

 

-Müasir teatrımızın repertuarı sizi qane edirmi?

 

-Yox, qane eləmir!

 

-Arzu elədiyiniz rol var?

 

-Artıq yoxdur!

 

-Gənc və müasir dramaturqlara teatrda şans verilmir. Sizdəmi gənclərin bu sahədə qeyri-peşəkar olduğunu düşünürsünüz?

 

-Müasir və gənc dramaturqların teatra yeni əsərlərini təqdim elədikləri, guya teatrın qəbul eləmədiyi haqda söz-söhbətlər mənim də qulağıma çatır. Ancaq işin dərinliyi mənim kompetensiyamda olmadığı üçün dəqiq söz deyə bilmərəm. Hər halda, gənclərin teatrlara təqdim elədikləri pyeslərin hamısı uğursuz ola bilməz. Əgər sizin dediyiniz məsələdə aşkar faktlar təsdiq olunarsa, bu, əlbəttə, yanlış yanaşmadır. Ümumiyyətlə, teatrın repertuarı yalnız klassik əsərlərdən ibarət olmalı deyil! Bu, teatrı məhvə sürükləyə bilər. Teatra müxtəlif mövzularda, janrlarda əsərlər gərəkdir. Məsələn, mən daha çox sürrealist səpkidə yazılmış əsərləri sevirəm. Gənc yazıçılarımız da bu cür yazırsa, nə gözəl!

 

-Gözəl xanımlar adətən “nənə” sözünə o qədər də asanlıqla uyğunlaşmırlar. Nənə olmaq Sənubər İsgəndərli üçün necə məna daşıyır?

 

-Ancaq onu deyirəm ki, “Ay Allah, çox sağol!”

 

-Sizi bəzən türk kinosunun simvolu, gözəllik sultanı Türkan Şoraya bənzədirlər. Bu məsələyə münasibətiniz necədir?

 

-(Gülür) Mən şəxsən elə düşünmürəm. Türkan xanımla həyatda qarşılaşmışıq. O vaxtlar ANS kanalında Sevil Nuriyeva ilə veriliş aparırdıq. Verilişin bir bölümünü Türkiyədə Türkan Şoraya həsr elədik. Yanbayan əyləşdik, veriliş boyu söhbət elədik, şəkil çəkdirdik. Xatırlayıram ki, Sevil Nuriyeva dedi, “Türkan xanım, Sənubər xanımı Azərbaycanda sizə oxşadırlar.” O da, “Tamam, tamam... Benziyormuş” kimi sözlər dedi. Yəqin nəzakət xətrinə bu cür demişdi. (Gülür)

 

-Məhəbbət həyatınızda necə bir yer tutur?

 

-Məhəbbət həmişə insanı ruhən uşaq, xaricən gözəl, daxilən təmiz saxlayan bir hissdir!

 

-Leyla Şixlinskaya televiziya müsahibələrindən birində “Yeşo ne osen” (hələ payız deyil) demişdi. Bəs, Sənubər İsgəndərli necə deyər?

 

- Dlya menya postoyanno vesna (mənimçün həmişə bahardır). (Gülür)

 

-Sənubər İsgəndərli üçün həyatın maraqlılıq çəkisi hələ də ağırdır?

 

-Mənim üçün Allahın yaratdığı hər bir şey həmişə aktualdır, gözəldir və maraqlıdır. Hətta həyatın gözəlliyindən bir yarpaq qopsa belə, bu yanaşma tərzim dəyişməz qalır! Mən qaranlıqda işıq axtaran adamam. Bir insan kimi mənim də həyatımda çətin anlar olub, amma mən özümü öz külümdən doğmağı bacarıram. Həyatdı da...hər şeyi ciddi qəbul eləmək olmaz. Bu gün çörəyin olmaz, sabah olar... Mənim üçün ciddi olan məsələlər doğmalarımın sağlığı, vətənimin bütövlüyüdür! Bunlardan ciddi məsələ yoxdur!

 

-İşğaldan azad olunmuş torpaqlarımızdakı  təmir olunacaq teatr binalarında ilk olaraq hansı rolu ifa etmək istəyərdiniz?

 

-Mən rol oynamaq istəməzdim! Bilirsiniz, mən heç vaxt pafoslu şeirlər deməmişəm. Vətən, millət...qışqıra bilmirəm! Mən bunları içimdə qışqırıram! Allaha şükürlər olsun ki, torpaqlarımız azad olundu. Sadəcə, Şuşaya, o torpaqlara getmək istəyirəm...( Susur)

 

-Maraqlı müsahibə üçün təşəkkür edirəm.

 

-Siz də sağ olun.

 

 

 

Müsahibədən dərhal sonra Akademik Milli Dram Teatrının səhnəsində Mirzə Cəlilin “Dəli yığıncağı” tamaşası nümayiş olundu, Sənubər xanım  Doktor Lalbyuz obrazını sevə-sevə ifa etdi, növbəti alqış payı qazandı. Əməkdaşımız fotonu da həmin tamaşadan çəkib.