Amma iztirablı qadın taleyinin kulminasiyası sözləri boğazımızda düyünlətdi…

Rate this item
(0 votes)

 

Xəyal Rzanın “Maya” filmi ASAN könüllüləri üçün təqdim edildi

 

Cəmi bir neçə gün öncə Nizami Kino Mərkəzində premyerası olan və dərhal səs salan “Maya” filmi günümüzdə çox aktual olan bir mövzudan bəhs edir: Qarabağ müharibəsindən. Qaçqınlıq, şəhidlik, məhrumiyyət və təhdidlər - bunlarla yanaşı sınmamaq, əyilməmək çabaları… Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi, şair Xəyal Rzanın “Maya” filmi barədə təbii ki, hələ çox yazılacaq və çox  deyiləcək.

 

Filmə sosial sifariş hədsizdir. Elə bu səbəbdən də “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramı çərçivəsində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar “Maya” filminin ASAN könüllüləri üçün təqdimatı keçirildi. Filmin ssenari müəllifi və rejissoru Xəyal Rza Birinci və İkinci Qarabağ müharibəsinin təsiri altında qalan Azərbaycan qadınının keşməkeşli həyatından bəhs etməklə cəmiyyətə ötürdüyü mesajlardan bəhs etdi. 

ASAN-ın mətbuat katibi Elnur Niftəliyev filmə baxdıqdan sonra təəssüratlarını bu cür bölüşdü:

-Xalqımızın, vətəndaşlarımızın başına gələn ağrılı-acılı minlərlə həyat hekayəsindən daha biri. Yaşanmış hekayə, daim yaşayacaq bir hekayə… “Maya”! Əziz dostumuz Xəyal Rzanın ssenari müəllifi və rejissoru olduğu ekran əsəri məhz belə adlanır. Biz iki müharibə görən bir qadının hekayəsini dinlədik, izlədik… Düzünü deyəcəyəm… İlk 10-15 dəqiqədə axı bu hekayə niyə çəkilib deyə düşünürdüm…

Amma əzablı, iztirablı qadın taleyinin kulminasiyası hər birimizi kədərə boğdu, sözlər boğazda düyünləndi… Qürur hissləri isə öz yerində. Xəyal Rza, əhsən!

Filmin operatoru Rafiq Əliyev, operator assistenti Kənan Fərzəliyev, montaj rejissoru Aydan Əhmədova, prodüseri Tahir Tahiroviç, bədii rəhbəri görkəmli kinorejissor, Xalq artisti Oktay Mir Qasımdır.

“Bir gün bütün bağlı qapılar açılar. Bunun üçün sadəcə dözməyin, dözüb də mübarizə aparmağın yetərlidir” deyir “Maya” filmi. Və haqqına deyir.

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2023)