Bu gün Xalq artisti Hüseynqulu Sarabskinin anım günüdür

Rate this item
(0 votes)

 

Bu gün görkəmli opera müğənnisi, aktyor, rejissor, pedaqoq, Xalq artisti Hüseynqulu Sarabskinin (Rzayev) vəfatından 78 il ötür.

Hüseynqulu Sarabski Azərbaycanın teatr və musiqi mədəniyyətinin böyük nümayəndələri sırasında layiqli yer tutan tanınmış şəxsiyyətlərdəndir. Şərqlə Qərbin musiqili teatr ənənələrinin qovuşuğunda meydana gəlmiş və dünya opera sənətinin unikal hadisəsinə çevrilmiş muğam operasının təşəkkülündə onun ifaçı kimi müstəsna xidmətləri vardır. Muğamları dərindən bilən, parlaq aktyorluq istedadına malik sənətkar milli opera və operettalarda əsas partiyaların ilk və unudulmaz ifaçısı olub, uzunmüddətli dolğun səhnə fəaliyyəti ərzində rəngarəng obrazlar qalereyası yaradıb. Sarabski respublikanın mədəni həyatında yaxından iştirak edib, eyni zamanda, muğam sənətinin təbliği və tədrisinə mühüm töhfələr verib.

XX əsr Azərbaycan milli musiqi mədəniyyətinin parlaq şəxsiyyətləri sırasında öz yeri və mövqeyi olan sənətkar, səhnəmizin əfsanəvi Məcnunu Hüseynqulu Sarabski 1879-cu il martın 20-də Bakıda kasıb bir ailədə anadan olub.

Uşaqlıqdan Hüseynqulu Sarabski musiqiyə böyük həvəsi və yaxşı səsi ilə seçilib. Özünün xatirələrində yazdığı kimi, məhərrəmlik vaxtında dini nəğmələr oxuyar, mərsiyə deyər, münacat çəkər, eyni zamanda, el şənliklərində, toyda-bayramda muğamlara, mahnılara qulaq asar, öyrənərdi.

Hüseynqulu ilk dəfə 12 yaşında teatr tamaşasına baxır. Bu həvəskarların ifasında “Xan Sarabi” adı ilə səhnəyə qoyulmuş Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası idi. Əsl soyadı Rzayev olan Hüseynqulunun sonralar götürdüyü səhnə təxəllüsü-Sarabski də bu güclü təəssüratın nəticəsidir. Elə həmin gündən teatr və musiqi onun arzu və xəyallarında qoşalaşıb.

Hüseynqulu Sarabski teatra çətin bir dönəmdə gəlib. Teatrı “şeytan əməli”, aktyorluğu isə “kişiyə yaraşmaz peşə” hesab edənlərin tənəsinə, bəzən də hədə-qorxusuna sinə gərərək öz arzuları və xəyallarına doğru inamla gedib. Kiçik yaşlarından ağır zəhmətə qatlaşan, ağır fiziki işlərdən də çəkinməyən, dəmirçi, daşyonan, fəhlə işləyən Hüseynqulu yeni əsrin səsini eşidib. O, oxumaq, təhsil almaq istəyi ilə özünü oda-közə vurur, qazandığını kitaba, dəftərə verib. Hüseynqulu ziyalı, müəllim, təhsilli insanları özünə nümunə seçib, onlara bənzəmək istəyib. İlk dəfə gördüyü teatr tamaşası isə onun həyat seçimini bircə an içində dəqiqləşdirib. O, səhnəyə ilk baxışdan və birdəfəlik vurulub. Səhnə onun əbədi məhəbbətinə çevrilib. Bu məhəbbət qarşılıqlı oldu.

Hüseynqulu Sarabskinin teatra gəlməsində, aktyorluq sənətini seçməsində, püxtələşməsində teatr xadimlərindən, tanınmış ziyalılardan Nəriman Nərimanovun, Əbdürrəhimbəy Haqverdiyevin, Rəhimbəy Məlikovun, həmkarları - Hüseyn Ərəblinskinin, Cahangir Zeynalovun və başqalarının böyük rolu olub.

İlk dəfə 1902-ci ildə N.Nərimanovun “Dilin bəlası” pyesində Rəsul rolunu oynayan Hüseynqulu sonralar teatr səhnəsində M.F.Axundzadənin, N.Vəzirovun, Ə.Haqverdiyevin dram əsərlərində bir sıra müxtəlif xarakterli rollar oynayır. O, yalnız milli repertuarda deyil, Azərbaycan dilinə tərcümədə Şekspirin, Heynenin, Şillerin, Qoqolun əsərlərində də çıxış edirdi. Məhz Henrix Heynenin “Əlmənsur” pyesində ərəb səyyahının rolunu oynayarkən oxuduğu təsiredici “Hicaz” muğamı onu Azərbaycan mədəniyyətinin yeni bir aləminə - musiqili teatra, operaya gətirib. Məhz bu tamaşada Sarabski o zamanlar Azərbaycanın və Şərqin ilk operası olan “Leyli və Məcnun” üzərində işləyən Üzeyir bəy Hacıbəylinin diqqətini cəlb edib. Bu, zirvəyə gedən yolun başlanğıcı olub. Üzeyir bəy Hacıbəyli məlahətli səsə malik, muğamlara bələd olan Hüseynqulu Sarabskinin opera artisti kimi potensialını hiss edərək onu öz operasında baş rola dəvət edib.

1908-ci il yanvarın 12-də Üzeyir bəy Hacıbəylinin “Leyli və Məcnun” operası tamaşaya qoyulur. “Məcnun”u oynayan Sarabski birinci və ikinci pərdələri həyəcan və qorxu içində var qüvvəsi ilə yaxşı oynamağa çalışır. Zaldan “Afərin!” sədalarını eşidən aktyor üçüncü pərdədə özünü tamamilə unudub “Məcnun” olur. Tamaşa bitir, pərdə enir, Hüseynqulu isə yoldaşlarının onun qucaqlayıb öpmələrinə və tamaşaçı alqışlarına yalnız göz yaşları ilə cavab verə bilir.

Məcnun obrazı ona böyük uğur gətirir, bundan sonra dəfələrlə Bakıda, müxtəlif regionlarda, hətta Tiflisdə “Leyli və Məcnun” oynanılır. Artıq dostlar, ziyalılar arasında onu zarafatla “Məcnun” çağırırdılar, etiraz etmirdi və hətta xoşuna gəlirdi. Məcnun onun üçün doğma idi, çünki o da sənətinin məcnunu idi.

Sənətini musiqi incisi olan “Leyli və Məcnun” zirvəsindən başlayan Hüseynqulu Sarabski bütün ömrünü bu zirvənin məsuliyyətini, onun ucalığını dərk edərək yaşayıb.

Bu rol Hüseynqulu Sarabskiyə sözün əsl mənasında ümumxalq məhəbbəti və şöhrəti gətirib. Bu rol bəlkə də aktyorluq sənətinə hələ də “oyunbazlıq” kimi baxanların teatra münasibətini kökündən dəyişdirən təkan nöqtəsi olub. Aktyorun özünün yazdığı kimi, “vaxtı ilə onu barmaqla göstərən, ona tənə ilə baxanlar indi onu Məcnun deyə çağıraraq alqışlayır, hörmətlə qarşılayırdılar”.

Səhnədə olduğu 30 ildən artıq bir müddətdə o, 400 dəfə bu rolun sehrini yaşadı, yaratdı, bu rolu tamaşaçıya sevdirib. Azərbaycan səhnəsinin əfsanəvi, təkrarolunmaz Məcnunu kimi tanınıb.

Dünya opera sənətinin nadir bir səhifəsi olan Şərqin və Qərbin musiqi teatr ənənələrinin kəsişdiyi muğam operasının tarixini Hüseynqulu Sarabskisiz təsəvvür etmək mümkün deyildir. O, milli opera tarixində Üzeyir bəy Hacıbəylinin “Əsli və Kərəm”, “Şeyx Sənan”, “Şah Abbas və Xurşidbanu”, “Rüstəm və Söhrab”, “O olmasın, bu olsun”, “Ər və arvad”, “Arşın mal alan” kimi opera və operettalarında, Müslüm Maqomayevin “Şah İsmayıl”, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operalarındakı rolları ilə mədəniyyətimizə iz qoyub. Hər bir obraz üçün Hüseynqulu Sarabski təravətli, fərqli boyalar tapıb. Məcnunu ifa edərkən tamaşaçılarını göz yaşlarına qərq edib. Şah İsmayılı oynayanda məğrurluğu, əzəməti ilə tamaşaçıları riqqətə gətirib, Kərəm obrazını yaradanda yandırıb-yaxırdı.

O, Üzeyir bəy Hacıbəyli, Müslüm Maqomayev, Zülfüqar Hacıbəyov ilə birlikdə çiyin-çiyinə yeni musiqi tarixinin qurucularından biri olub.

1918-ci ildə Bakıda vəziyyət ağırlaşır, aktyorlar hərəsi bir tərəfə dağılır. H.Sarabski də İrana gedir, amma çox qala bilmir. Pulsuzluq, xəstəlik onu əldən salır və o, Bakıya qayıdır.

1920-ci ildən sonra Hüseynqulu Sarabski yenidən teatrda işləməyə başlayıb. 1923-cü ildə onun yubileyi qeyd olunub. Görkəmli sənətkar Orta Asiya ölkələrinə, Rusiyaya təşkil olunan qastrollarda iştirak edib. 1932-ci ildə ona “Xalq artist” fəxri adı verilib.

Teatr xadimi, opera müğənnisi, aktyor, rejissor, pedaqoq olan Hüseynqulu Sarabski 1945-ci il fevralın 2-də dünyasını dəyişib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2023)