İsraildə “Şuşa yəhudilərin gözü ilə” sənədli filmi təqdim edilib

Rate this item
(0 votes)

İsrailin Netanya şəhərində “Şuşa yəhudilərin gözü ilə” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAC-a bildirilib ki, şəhər Mədəniyyət Mərkəzində baş tutan tədbir “kanal24.az” internet kanalının və xəbər saytının baş redaktoru Səadət Şükürova İsraelovun təşkilatçılığı ilə gerçəkləşdirilib.

 

Tədbir torpaqlarımızın işğaldan qurtulması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda canlarından keçmiş Vətən müharibəsi şəhidlərinin və Ermənistanın müharibə cinayətləri qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Sonra Salman Rabaevin kamançada ifa etdiyi həzin Azərbaycan musiqisinin müşayiəti ilə Vətən müharibəsi şəhidlərinə və Zəfər Gününə həsr olunmuş şeirlər səsləndirilib.

Tədbirdə çıxış edən Səadət Şükürova İsraelov, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak, Azərbaycanın İsraildəki turizm nümayəndəliyinin rəhbəri Cəmilə Talıbzadə, tanınmış israilli jurnalist, politoloq, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham, “Azİz” Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman və başqaları Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə torpaqlarımızı erməni işğalından azad edən rəşadətli Azərbaycan Ordusu və qəhrəman şəhidlərimizlə qürur duyduqlarını bildiriblər. 

Daha sonra Ermənistan silahlı qüvvələrinin otuzillik işğal dövründə Azərbaycan ərazilərində törətdiyi dəhşətli hərbi cinayətlərdən danışan tədbir iştirakçıları İkinci Qarabağ müharibəsi dövründə cəbhə xəttindən və münaqişə zonasından onlarla kilometr uzaqda yerləşən Azərbaycanın Gəncə, Bərdə, Mingəçevir, Goranboy və Tərtər kimi şəhərlərinə raket zərbələri endirilməsi nəticəsində mülki şəxslərin, azyaşlı uşaqların və yeniyetmələrin öldürüldüyünü, torpaqlarımız azad edildikdən sonra mina partlayışları nəticəsində mülki azərbaycanlıların, hətta jurnalistlərin həlak olduğunu, Xocavənd rayonunun Edilli kəndində Birinci Qarabağ müharibəsi dövründə xüsusi amansızlıqla qətlə yetirilmiş Azərbaycan hərbçilərinə məxsus kütləvi məzarlıqların aşkar olunduğunu diqqətə çatdırıblar. 

Ermənistan silahlı qüvvələrinin Gəncə, Bərdə, Mingəçevir, Goranboy və Tərtər kimi şəhərlərə raket zərbələri endirməsinin ağır nəticələrini əks etdirən fotoslayd nümayiş etdirilib. 

Tədbir “Şuşa yəhudilərin gözü ilə” sənədli filminin təqdim olunması ilə davam edib. Filmdə torpaqlarımız azad edildikdən sonra Şuşa şəhərinə səfər edən və Dünya Azərbaycanlılarının Şuşada keçirilmiş V Qurultayında iştirak edən yəhudi icmasının nümayəndələri öz təəssüratlarını bölüşüblər.