Təki heç kəsin xatirəsi acı olmasın – beynəlxalq miqyasda uğur qazanan filmimiz barədə Featured

Rate this item
(1 Vote)

“Ədəbiyyat və incəsənət” portalının qonağı rejissor Cəlaləddin Qasımovdur.  Bildiyiniz kimi bu yaxınılarda azərbaycanlı rejissorun filmi Kanadanın Toronto şəhərində keçirilən “Toronto Film for Peace Film” Beynəlxalq festivalda uğur qazanıb. Söhbətimiz də bu barədədir.

-Cəlaləddin bəy, mümkünsə kinomuzun bu son nailiyyəti barədə məlumat verərdiniz.

-Rejissoru və ssenari müəllifi olduğum “Acı xatirə” bədii-sənədli filmi böyük uğur qazanaraq ”Beynəlxalq Toronto Film for Peace Film” festivalnda ölkəmizi təmsil edib finala vəsiqə qazandı. Eyni zamanda, “Edam günü” bədii filmim isə beynəlxalq festivalda “Ən yaxşı prodüsser” kateqoriyası üzrə qalib oldu.

-Toronto festivalı barədə daha geniş məlumat verərdiniz.

-Kanadanın Toronto şəhərində keçirilən “Beynəlxalq Toronto Film for Peace Film” festivalı 2022-ci ilin 24 sentyabrından ta ki 29 sentyabradək - beş gün ərzində davam etdi. 

Bu Festivalda adətən incəsənət, musiqi, kino sahəsində dünyada tanınmış ən böyük adların iştiraki ilə xüsusi tədbirlər keçirilir, film, musiqi, rəsm əsərləri İPF-nin tərəfdaşlarına nümayiş etdirilir və bununla da Festival iştirakçılarına əsas mesajlar çatdırılır.

-Sizcə, “Acı xatirə” filminin orda uğur qazanmasını şərtləndirən nələr oldu? 

-“Acı xatirə” bədii-sənədli filmi son vaxtlar fəlakət həddinə çatan yol-nəqliyyat hadisələrinə diqqəti cəlb etmək məqsədini güdür, yəni filmin mesajı çox aktual bir mövzu barədədir, bu mövzu da bütün xalqları və cəmiyyətləri narahat edir. Film  yol polisi və həkimin dostluğundan bəhs edir, yol polisi əməkdaşı ilə həkim arasındakı münasibətlərin yol hərəkəti qaydalarına riayət olunmasına necə təsir göstərdiyini əyan edir. Ekran əsəri həkimlərlə birlikdə öz həyatlarını təhlükəyə atan polislərin və reportyorların cəsarətinin geniş kütləyə çatdırılması məqsədilə çəkilib. “Acı xatirə” bədii-sənədli filmininin Azərbaycan ilə Avropa arasındakı mədəni əlaqələrdə çox mühüm yeri olan bir sənət əsəri kimi dəyərləndiriləcəyinə əminəm.

-Çəkdiyiniz filmlər zamanı əsas məqsədiniz nədir?

-Biz şəxsi mənafelərimiz və kommersiya məqsədi üçün deyil, Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkirik və istəyimizə də nail oluruq. Çəkdiyimiz filmlər dünya distribütorları tərəfindən razılıqla qarşılanır, artıq filmlərimiz 17 platformaya yerləşdirilib, dünya film bazarında özünə layiqli yer tutmağa çalışır. Dünya mediasında bu son ekran əsərimiz barədə geniş məlumatlar yazılıb. Dəstək  olsa, biz daha da böyük uğurlar əldə edə bilərik, mədəniyyətimizi daha geniş şəkildə dünyaya tanıtdıra bilərik. Ərsəyə gətirdiyimiz filmlərin çəkilişlərini heç bir maddi dəstək olmadan, öz hesabımıza aparmışıq.

- “Acı xatirə” bədii-sənədli filmində kimlər rol alıb?

-Xalq artisti Sabir Məmmədov, aktyorlar Əjdər Zeynalov və Rövşən Məmmədov. Ekran əsərinin redaktoru Əkbər Qoşalı, montajçısı Elnur Tarverdiyevdir.

-Bəs “Edam günü” filminin mövzusu nədir?

 -“Edam günü” bədii filmindəki hadisələr sovet dövrünün son illərində həbsxanada cərəyan edir. Ekran əsərində məhkum olunmuş bir dustağın kamerada yaşadığı həyəcanlı anlar əks olunub. Filmin ssenarisini yazarkən Bayıl həbsxanasında keçmiş sovet dövründə işləmiş işçilərlə görüşüb maraqlı məlumatlar toplamışam.

-Bəs bu filmi kimlər ərsəyə gətirib?

-Filmdə rolları Rövşən Kərimduxt, Sabir Məmmədov, Məmməd Əliyev, Nazil Ağalarov, Ramin Şıxəliyev, Soltan Qasımov, Hikmət Məmmədov, Vüqar Qurbanov və digərləri canlandırıblar. Filmin quruluşçu operatoru Mehdi Yaqubovdur. “SPP Production” tərəfindən istehsal edilən ekran əsərinin xronometrajı 95 dəqiqədir.

-Oxucularımız filmə You Tube platformasında tamaşa edə bilərlərmi?

-Bəli, “Acı xatirə” bədii-sənədli filminin linkini sizin dəyərli oxucularınıza təqdim edirəm.

https://www.youtube.com/watch?v=2W-_IA7XSVQ