Ağstafada "Vətənin Azəri" sənədli filminin təqdimatı keçirildi

Rate this item
(0 votes)

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət” üçün 

 

Şəhidlər ölməz, Vətən bölünməz!

Bu şüar bizi daim şəhidləri xatırlamağa, bir də Vətəni göz bəbəyi kimi qorumağa səfərbər edir. Elə Ağstafa şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbir də bu qəbildən idi. 

 

Mərkəzdə Vətən Müharibəsi Qəhrəmanı Azər Yusiflinin xatirəsinə həsr olunmuş "Vətənin Azəri" sənədli filminin təqdimatı keçirildi. 

Filmin ssenari müəllifi və rejissoru Kamalə Musazadədir. Film Prezident sərəncamıyla Mədəniyyət Nazirliyinin xətti ilə çəkilib.

Təqdimat mərasimində Şəhid ailələri, Qazilər, Ağstafa RİH-nin başçısı Seymur Orucov, RİH-nin rəsmi nümayəndələri, idarə və təşkilat rəhbərləri, "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvləri, media nümayəndələri, rayon ictimaiyyəti, ziyalılar iştirak edirdilər. 

Filmdə Azər Yusiflinin həyatı və döyüş yolu haqqında ətraflı məlumat verilib. Filmdəki kadrlar Şəhidin doğulub boya-başa çatdığı Ağstafa rayonunun Böyük Kəsik kəndində və döyüşdüyü yerlərdə - Cəbrayıl və Zəngilan rayonlarında çəkilib. 

Film təqdim olunduqdan sonra Şəhid ailələri, İcra Hakimiyyətinin başçısı Seymur Orucov, İctimai Birliyin üzvləri, ziyalılar çıxış edərək, Şəhidlərin keçdiyi şərəfli ömür yoluna nəzər saldılar. Filmin çəkilişində əməyi olan hər kəsə, xüsusilə də Kamalə Musazadəyə təşəkkürlərini bildirdilər.

Sonda Şəhid Azər Yusiflinin atası Nazim Yusifov çıxış edərək Şəhidə verilən dəyərə görə dövlətimizə, xalqımıza təşəkkürünü bildirdi.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(01.04.2024)