Nobel qardaşlarının Bakıdakı fəaliyyəti və irsinə dair sənədli film İsveçdə nümayiş olunacaq

Rate this item
(0 votes)

Nobel qardaşlarının XIX əsrin sonları və XX əsrin əvvəllərində Bakıdakı fəaliyyəti və irsinə dair İsveçin “Storyfire” şirkəti tərəfindən çəkilmiş sənədli filmin 2024-cü ilin əvvəlində İsveçdə nümayişi nəzərdə tutulur.

Bu barədə AzərTAC-a Azərbaycanın İsveç Krallığındakı səfirliyindən bildirilib.

 

Xatırladaq ki, bu il Nobel qardaşlarının Azərbaycana gəlişinin 150-ci ildönümü qeyd olunur. Bu kontekstdə məşhur İsveç yazıçısı və tarixçisi Bengt Yangfeldtin mövzu üzrə müfəssəl məlumatları əks etdirən kitabı səfirliyin təşəbbüsü ilə Azərbaycan dilinə tərcümə edilib və Bakıdakı “Villa Petrolea” Mərkəzində birgə tədbir çərçivəsində ictimaiyyətə təqdim olunub.

“Bakı Media Mərkəzi” ilə əməkdaşlıqda “Storyfire” şirkəti tərəfindən çəkilmiş sənədli film də bu kitabın motivləri əsasında ərsəyə gəlib və onun dünya premyerası Bakıda keçirilib. Azərbaycan və onun təbii sərvətlərinin dünyaca məşhur Nobel mükafatının ərsəyə gəlməsində rolu da daxil olmaqla Nobel qardaşlarının Azərbaycanla tarixi bağlarına işıq salacaq və ölkəmizin beynəlxalq təşviqinə böyük töhfə verəcək həmin sənədli filmə artıq Avropa və Amerikadan olan bir çox xarici ölkələrinin televiziyaları və film yayımı platformaları maraq göstərirlər.

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2023)