XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri mükafatlandırılıb

Rate this item
(0 votes)

 

XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalının bağlanış-mükafatlandırma mərasimi keçirilib.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyəy Nazirliyinə istinadən xəbər verir ki, mərasimdə nazirliyin rəsmiləri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, həmçinin mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

 

Tədbirdə çıxış edən Bakı Beynəlxalq Qısa Filmlər Festivalının direktoru Fehruz Şamıyev festivalda nümayiş olunan filmlər haqqında danışıb. Bildirib ki, Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivalın rəsmi tərəfdaşları Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyidir (ARKA): “Layihəyə verdikləri dəstəyə görə, Mədəniyyət Nazirliyinə, Kino Agentliyinə təşəkkür edirəm. Bizim Kino Agentliyinə ümidlərimiz çoxdur. İnanırıq ki, növbəti illərdə əməkdaşlığımız davam edəcək. Festivalı tanıdan yaxşı filmləri və peşəkar münsiflər heyətidir. Filmlərin seçilməsində münsiflər heyətinin böyük əməyi var. Buna görə münsiflər heyətinə təşəkkür edirəm. Altı gün boyunca hər gün saat 11-dən axşama kimi salonlarımız dolu olub. Düşünürəm ki, növbəti festival bundan da rəngarəng filmlərlə bol olacaq”.

 

Mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu festivala fəaliyyətində uğurlar arzulayıb və qalibləri təbrik edib. “Bu gün burada ARKA işçilərindən mükafat alanlar var. Düşünürəm ki, bu məqam ARKA-nın hansı tərkibdə formalaşması və fəaliyyətinə dair çox şey deyir. Kinematoqrafiya elə bir sahədir ki, burada müxtəlif baxış bucaqları mövcuddur. Biz Mədəniyyət Nazirliyi, Kino Agentliyi heç bir baxış bucağını redaktə etməkdə maraqlı deyilik. Qəbul olunmuş kino kriteriyaları çərçivəsində ərsəyə gələn ekran əsərlərinə dəstək olmaqda maraqlıyıq”, – deyə Orxan Fikrətoğlu bildirib.

 

Sonra qaliblər nominasiyalar üzrə “Qızıl nar” mükafatı və xüsusi diplomlarla təltif olunublar.

 

Beynəlxalq müsabiqədə “Ən yaxşı animasiya” nominasiyasında “Fabuladakı canavar” animasiya filmi (rejissorlar Vuk Palibrk və Tanja Brzakovic. Serbiya), “Ən yaxşı sənədli film” nominasiyasında “Qalina Petrovna” filmi (rejissor Nikita Lovetski, Qırğızıstan), “Ən yaxşı bədii film” nominasiyasında “Heç biri” ekran əsəri (rejissor Patrisio Martines və Fransisko Kanton, Argentina) mükafata layiq görülüb.

 

Yerli müsabiqədə isə “Ən yaxşı bədii film” nominasiyasında “Salam İsa” (rejissor Səməd Ağayev), “Ən yaxşı sənədli film” nominasiyasında “Sabahın xeyir, Sübh anası” (rejissor Kürçaylı Məmmədov), “Ən yaxşı rejissor” nominasiyasında “Nəfəs” (rejissor Elmar Bayramov), “Ən yaxşı ssenari” nominasiyasında “Qütb ulduzu” (rejissor Şirin Əhmədov) filmləri mükafatlandırılıb.

 

Sonda “Ən yaxşı bədii film” nominasiyası üzrə “Qızıl nar” mükafatı almış Səməd Ağayevin “Salam, İsa” filmi nümayiş olunub.

 

“Ədəbiyyat və incəsənət”

(16.11.2023)