Əsas məsələ Mədəniyyətlərarası dialoqun təşviqi olacaqdır

Rate this item
(0 votes)

“Soruşun, cavab verək” rubrikasında daimi oxucumuz, mədəniyyət sferasında çalışan Mehman Bəyazit bu yaxınlarda Bakıda keçirilən Qoşulmama Hərəkatının mədəniyyətlə bağlı əsas direktivləri barədə söz açmağımızı xahiş edir. 

Əməkdaşlarımız “Mədəniyyətlərarası dialoqun təşviqi əsas məsələ olmalıdır” başlığı altında mətn hazırlayıb təqdim edirlər. 

 

 

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının toplantısında dünyaya çağırış etdi

 

Prezident İlham Əliyev Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə çıxışı zamanı deyib: 

“Azərbaycan neokolonializm meyillərinin artmasından olduqca narahatdır. Dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir”.

Prezident qeyd edib ki, neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. “Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir. Mən öz haqq işlərini və azadlıq arzularını beynəlxalq ictimaiyyətə çatdırmaq üçün Bakı nazirlər görüşü çərçivəsində tədbir keçirəcək Fransanın dənizaşırı icma və ərazilərindən olan hörmətli nümayəndələri salamlayıram”, – deyə İlham Əliyev bildirib.

Qeyd edək ki, 1961-ci ildə əsası qoyulan və hazırda 120 ölkəni bir araya gətirən Qoşulmama Hərəkatı BMT-dən sonra dünyanın ikinci böyük təsisatıdır. Azərbaycan Respublikası Qoşulmama Hərəkatına sədrliyi 2019-cu ilin oktyabrında Bakıda keçirilən dövlət və hökumət başçılarının sammitində qəbul edib. Hərəkata sədrlik üç il müddətinə nəzərdə tutulsa da, üzv ölkələrin qərarı ilə Azərbaycanın sədrliyi daha bir il uzadılıb. Ölkəmiz Qoşulmama Hərəkatına sədrliyi Venesueladan təhvil almışdı. Azərbaycandan sonra sədrliyi Afrika qitəsindən Uqanda Respublikası qəbul edəcək.

Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakı Konqres Mərkəzində keçirilən nazirlər görüşünü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov açaraq nəzərə çatdırıb ki, Kampala (Uqandanın paytaxtı) sammitinə hazırlıq çərçivəsində təşkil olunan bu görüş Qoşulmama Hərəkatının son dörd ildə fəaliyyətini nəzərdən keçirməyə imkan yaradacaq.

Sonra nazir çıxış üçün sözü Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevə verib.

Görüş iştirakçılarını salamlayan Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə “Bandunq prinsipləri” (1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən beynəlxalq konfransda qəbul edilən və dövlətlərin dinc yanaşı yaşaması, beynəlxalq münasibətlərlə bağlı on əsas prinsip – red.) əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qoruyub.

Dövlət başçısı diqqətə çatdırıb ki, beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən misli görünməmiş bu çağırışla mübarizədə qlobal səyləri birləşdirən Qoşulmama Hərəkatı oldu: “2020-ci ilin mayında Azərbaycanın təşəbbüsü ilə təşkil edilmiş Qoşulmama Hərəkatının liderlər səviyyəsində onlayn sammiti 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə nəticələndi. Bundan əlavə, Qoşulmama Hərəkatının bəzi zəngin ölkələr tərəfindən yürüdülən “peyvənd millətçiliyi”nə güclü etirazı və bunun ardınca bütün ölkələr üçün peyvəndlərə ədalətli və universal çıxışla bağlı BMT qətnamələrinin qəbul edilməsi Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyinə dəlalət edir”.

İlham Əliyev xatırladıb ki, 2021-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılması Azərbaycanın sədrliyinin növbəti nailiyyətidir: “Biz hazırda Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində işləyirik. İnstitusional davamlılığa doğru atılan bu addımlarla biz növbəti sədrlərə mütləq uğurlu bir miras qoyacağıq”.

Bu ilin mart ayında Bakıda Qoşulmama Hərəkatının pandemiyadan sonrakı bərpaya həsr olunmuş növbəti sammitinin uğurla keçirildiyini deyən dövlət başçısı bildirib ki, ehtiyacı olan ölkələrə yardım göstərmək Azərbaycanın sədrliyinin digər prioriteti idi. Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən çox ölkəyə ikitərəfli qaydada və Dünya Səhiyyə Təşkilatı (DST) vasitəsilə COVID-19 ilə bağlı maliyyə və humanitar dəstək göstərib, DST-yə 10 milyon dollar məbləğində könüllü töhfə verib.

Mart sammitində Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə postpandemiya dövründə bərpanı dəstəkləmək üçün iki qlobal çağırış elan etdiyini deyən Azərbaycan Prezidenti bildirib ki, Azərbaycan ilk donor kimi hər iki çağırış üçün bir milyon dollar ayırıb.

 

BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır və hazırkı reallıqları əks etdirmir

 

Prezident qeyd edib ki, multilateralizmin (hər bir ölkəyə bütün tərəfdaşlarla münasibətlərdə imtiyaz imkanı verən beynəlxalq iqtisadi əlaqələr sistemi – red.) əsl müdafiəçisi və BMT-dən sonra ikinci böyük təsisat kimi Qoşulmama Hərəkatı yenidən formalaşan dünya nizamında öz yerini tapmalıdır: “Biz “Bandunq prinsipləri” ətrafında  qətiyyətlə dayanmalı, suverenliyin və ərazi bütövlüyünün pozulması, ölkələrin daxili işlərinə müdaxilə hallarına qarşı öz səsimizi ucaltmalıyıq. Hərəkatımızın dünya məsələlərində daha ön mövqedə olması mühüm əhəmiyyət kəsb edir. Multilateralizm bizim güclü vasitəmizdir. Hazırda beynəlxalq təşkilatlar, xüsusilə BMT bəşəriyyətin gözləntilərinə cavab vermir. BMT-də ciddi islahatların aparılması qaçılmazdır. BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır və hazırkı reallıqları əks etdirmir. Biz Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq. Şadam ki, bu gün bu ideya ilə bağlı dünyada artan konsensus vardır.

Əvvəllər qeyd etdiyim kimi, BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yer verilməlidir. Zənnimizcə, Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar”.

Dünyada neokolonializmin hələ də qaldığını deyən İlham Əliyev vurğulayıb ki, bu siyasəti davam etdirən ölkələrdən biri Fransadır. Azərbaycan Prezidenti qeyd edib ki, Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib: “Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bu, utancverici və iyrənc hərəkətdir. Biz Fransa Prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik.

Özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır. Fransa qoşunlarının bu yaxınlarda Mali və Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi”.

 

Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyir

 

Prezident onu da diqqətə çatdırıb ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır.

“Fransa XX əsrin ikinci yarısı boyunca Əlcəzairdə və özünün dənizaşırı ərazilərində - Sakit okeanda, Fransa Polineziyasında bir neçə nüvə silahı sınağı keçirmiş və bununla da qlobal səviyyədə ətraf mühitin deqradasiyasına, yerli icmalarda ciddi sağlamlıq problemlərinə səbəb olmuşdur. Fransa öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir. Bir neçə gün əvvəl Niderland kralı ölkəsinin müstəmləkə keçmişinə və qul ticarəti ilə məşğul olduğuna görə rəsmən üzr istəyib. Biz onun fransız həmkarını da həmin hərəkəti etməyə çağırırıq”, – deyə İlham Əliyev əlavə edib.

Azərbaycan Prezidenti son günlərin olaylarından bəhs edərək bildirib ki, Fransada, xüsusilə də mediada və internetdə müəyyən etnik azlıqlara qarşı davamlı və geniş şəkildə yayılmış irqçi, ayrı-seçkilik salan fikirlər, rəsmi şəxslər və parlamentin iki palatasının üzvləri tərəfindən irqi nifrət xarakterli çıxışlar getdikcə artmaqdadır: “Bu yaxınlarda Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsi bu ölkədə irqçiliyin və islamofobiyanın daha bir əlamətidir. Bu baxımdan biz BMT-nin polisin atəş açmasını pisləyən və Fransanı “hüquq-mühafizə orqanlarında irqçilik və ayrı-seçkiliyin dərin problemlərini ciddi şəkildə həll etməyə” çağıran bəyanatını dəstəkləyirik.

Fransa hətta Korsika dilinə qadağa qoyur və etnik azlıqlar konsepsiyasını qəbul etmir, lakin, eyni zamanda, özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışır. Bu, riyakarlıq və ikili standartlardan başqa bir şey deyil. Fransa hakimiyyəti başqalarına mühazirə oxumağa cəhd etmək əvəzinə, öz ölkəsində bu cür narahatedici meyillərlə mübarizə aparmalıdır”.

Bu gün dünyanın bir çox qlobal çağırışlarla üz-üzə qaldığını deyən İlham Əliyev bildirib ki, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi bizim gündəliyimizdə öndə duran məsələlər olmalıdır: “Biz geniş vüsət alan islamofobiya və ksenofobiya hallarından, həmçinin İslamın zorakılıq və terrorla eyniləşdirilməsi cəhdlərindən narahatıq. Danimarkada, Niderlandda, İsveçdə müqəddəs Quranın yandırılması, təhqir olunması və buna ifadə azadlığı adı altında bəraət qazandırılması tamamilə məsuliyyətsizlikdir, qəbulolunmazdır və bu pislənilməlidir”.

Prezident vurğulayıb ki, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan xalqı üçün ən önəmli və yaddaqalan məqam Vətən müharibəsində tarixi Qələbəmiz oldu: “2020-ci ildə Azərbaycan Ermənistanı döyüş meydanında məğlub edərək Ermənistanın 30 illik işğalına son qoydu. İşğalçı ölkə kimi Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsinin icrasını özü təmin etdi. Azərbaycanın bu Qələbəsi beynəlxalq hüququn və ədalətin zəfəridir”.

 

Bütün çətinliklərə baxmayaraq azad etdiyimiz əraziləri yenidən qururuq

 

Dövlət başçısı bildirib ki, ərazilərimiz işğaldan azad edildikdən sonra Azərbaycan indi bir sıra nəhəng çağırışlarla üz-üzədir. Keçmişdə işğal altında olmuş ərazilərdəki dağıntıların miqyasından dəhşətə gəldik. Azərbaycanın şəhər və kəndləri Ermənistan tərəfindən dağıdılıb, talan olunub: “Ermənistan işğal etdiyi ərazilərdə urbisid, kultursid və ekosid törətmişdir. İşğal altında olmuş ərazilərdəki 67 məsciddən 65-i dağıdılıb, qalanlarından isə donuz və inəklər üçün tövlə kimi istifadə edilib ki, bu da bütün dünya müsəlmanlarına qarşı təhqirdir. Altmış min hektar meşəlik məhv edilmiş, kəsilmiş və daşınmışdır, torpaqlarımız və çaylarımız çirkləndirilmiş və zəhərləndirilmişdir”.

Prezident qeyd edib ki, Ermənistan indi isə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhədində transsərhəd ekoloji fəlakət törətməkdə davam edir. Bununla Ermənistan 1991-ci il Transsərhəd kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasından (Espoo Konvensiyası) irəli gələn öhdəliklərini pozmuş olur. Bu Konvensiyada ölkələrin mənfi transsərhəd təsirlərdən qaçmaq üçün bir-biri ilə məsləhətləşmələr aparmasının vacibliyi açıq şəkildə qeyd edilir.

“Ermənistanın işğalının digər mənfi fəsadı minalardır. Azərbaycan hazırda dünyada minalarla ən çox çirkləndirilmiş on ölkə sırasındadır. 2020-ci ilin noyabrında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlayışı nəticəsində təxminən 300 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. İşğaldan azad edilmiş ərazilərdə baş verən hər bir mina partlayışı Ermənistanın törətdiyi hərbi cinayətlərin uzun siyahısının davamıdır.

Mina problemi Ermənistan tərəfindən Azərbaycan xalqının fundamental insan hüquqlarının pozulmasıdır. 2020-ci ildə kapitulyasiyadan sonra da Ermənistan külli miqdarda mina istehsalını davam etdirirdi və onları Laçın sərhəd-gömrük buraxılış məntəqəsi yaradılana qədər Azərbaycanın Qarabağ bölgəsinə daşıyırdı.

Minalar yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışını ləngidir. Bunu nəzərə alaraq, Azərbaycan humanitar minatəmizləmə üzrə xüsusi milli Dayanıqlı İnkişaf Məqsədi müəyyənləşdirib. Bundan başqa, Azərbaycan qlobal miqyasda humanitar minatəmizləmə səylərini dəstəkləyir və minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təklifini irəli sürmüşdür. Əminəm ki, Qoşulmama Hərəkatının üzv dövlətləri səsimizi qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifimi dəstəkləyəcəklər”, – deyə İlham Əliyev bildirib.

Prezident vurğulayıb ki, bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan işğaldan azad edilmiş 10 min kvadrat kilometrlik ərazidə özünün maliyyə imkanları hesabına sıfırdan irimiqyaslı yenidənqurma işlərini uğurla həyata keçirir. Münaqişə başa çatdıqdan az sonra Azərbaycan Ermənistanla bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişi imzalamaq üçün beş əsas prinsipini təqdim edib: “Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur. Əgər Ermənistan, həqiqətən də, regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərk-silah edilməlidir”.

Dövlət başçısı çıxışının sonunda torpaqlarımızın işğal zamanı və işğaldan sonra Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə göstərdikləri prinsipial mövqeyə görə Qoşulmama Hərəkatı ölkələrinə bir daha minnətdarlığını bildirib, həmçinin Azərbaycana sədrliyini uğurla həyata keçirmək üçün göstərdikləri dəstəyə görə üzv ölkələrə təşəkkür edib.

 

“Ədəbiyyat və incəsənət”

(14.07.2023)