Norveçdə Azərbaycan mədəniyyət gecəsi təşkil edilib

Rate this item
(0 votes)

Norveçdə keçirilən festival çərçivəsində Azərbaycan mədəniyyət gecəsi reallaşıb.

 

AzərTAC-ın xüsusi müxbiri xəbər verir ki, "Can" diaspor təşkilatı tərəfindən Azərbaycanın İsveç və eyni zamanda, Norveç Krallığındakı səfirliyinin dəstəyi ilə keçirilən tədbir Roseslottet mədəniyyət festivalı çərçivəsində təşkil olunub. 

Tədbirdə “Can” təşkilatının sədri Şervin Nəjəfpur Azərbaycan mədəniyyətinin zənginliyi və müxtəlifliyi barədə ətraflı məlumat verib.

Azərbaycanın İsveç və eyni zamanda, Norveç üzrə səfiri Zaur Əhmədov dünyamızın hazırda üzləşdiyi çağırışların mədəniyyətlərarası dialoqun müxtəlif xalqları bir-birinə yaxınlaşdırmaq və onların qarşılıqlı anlaşmasını asanlaşdırmaq üçün nə qədər vacib olduğunu açıq şəkildə göstərdiyini bildirib.

Skandinaviya ölkələri ilə Azərbaycan arasında dərin tarixi əlaqələrə inanan məşhur norveçli macəraçı və etnoqraf Tor Heyerdalın irəli sürdüyü nəzəriyyəni xatırladan diplomat deyib: "Norveçli alim Azərbaycanın Skandinaviya xalqlarının tarixindən əvvəlki dövrdə mühüm rol oynadığına inanıb. O əminliklə deyirdi ki, qədim zamanlarda şimal xalqları bizim bölgədən Skandinaviyaya köçüblər". 

Zaur Əhmədov diqqətə çatdırıb ki, məhz bu nəzəriyyədən ilhamlanan isveçli kinorejissorlar hazırda bu mövzuda sənədli film üzərində işləyir. Azərbaycan ilə Skandinaviya ölkələri arasında mədəni əlaqələrin bu gün intensiv şəkildə inkişaf etdiyini bildirən səfir, ikili əlaqələrin əhəmiyyətini xüsusi ilə vurğulayıb.

Roseslotet muzeyinin direktoru Birgitte Espeland ölkəmizin festivalda iştirakını yüksək qiymətləndirib. O, festivalın özündə folklor, fərdilik və humanizmi birləşdirdiyini bildirib.

Qeyd edək ki, tədbirin bədii hissəsində Azərbaycanın tanınmış musiqiçisi Nərmin Kərimbəyova milli, eləcə də qazax və ingilis dillərində bir neçə mahnı ifa edib. Mərasim çərçivəsində ölkəmizlə bağlı kitablar təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2023)