Bəşəriyyətin faciəsi cahillikdir

Rate this item
(6 votes)

Rauf Zeynini hər biriniz ictimai-siyasi xadim kimi tanıyırsınız. Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti, Avrasiya Millətlər Assambleyasında Baş katibin müavini, İctimai Nəzarət Mərkəzinin sədri və s. və i. Amma Rauf bəy həm də yazardır, 80-ci illərin sonlarından dövri mətbuatda şeirləri, fəlsəfi esseləri ilə çıxış edir, onun aforizmləri isə ən azı tanışlarının dillərində əzbərdir.
“Ədəbiyyat və incəsənət” portalı Rauf Zeyninin marağınıza səbəb olacaq bu yazısını dərc etməklə həm də ictimaiyyəti bəhs edilən mövzu barədə diskussiyaya da cəlb etmək fikrindədir. Həqiqətənmi, bəşəriyyətin faciəsi cahillikdədir?

Giriş

Kəssə hər kim tökülən qan izini,
                                                                   
Qurtaran dahi odur yer üzünü.         

Hüseyn Cavid

Cahil və kamillərdən, azad və kölələrdən, haqlı və haqsızlardan, zalım və fağırlardan, varlı və yoxsullardan, şərəfli və şərəfsizlərdən ibarət bir cəmiyyətdə yaşamağa məhkum olunmuşuq. Təzadlar və əzablar içində mənəvi süquta sürüklənən  “bir ucu olumlu, bir ucu ölümlü” dünyamızda görəsən ilk səbəb nə olub insanların bir-birinə daş atmasına, ox atmasına, güllə atmasına? Görəsən ilk dəfə kim kimin haqqını tapdalayıb, kim kimin halal tikəsini əlindən alıb? Elə yəqin haqlı-haqsız, halal-haram anlayışı da o vaxtdan etibarən bəşər təfəkküründə öz toxumlarını səpib. Elə o zamanlardan etibarən bəşər təfəkküründə Yaradandan-Tanrıdan tutmuş, ta hər bir yaradılana qədər, hər kəsin, hər kimsənin haqqının nədən ibarət olduğunu, Tanrı haqqı, insan haqqı, ağac haqqı, quş haqqı, daş haqqı və s. varlıqların təbiət və cəmiyyət haqları insan düşüncəsinin müzakirə obyektinə çevrilmişdir.
Ta qədim zamanlardan adi və qeyri-adi şüur səviyyəsindən irəli gələn insanlar məlum varlıqların təbiət, cəmiyyət və ilahiyyətlə ünsiyyətini tənzimləyən haqlar toplusunu yaradaraq, fərqin və ya cəmin, özü və ətraf mühit ilə münasibətini formalaşdırmaq, idarə etmək və yönəltmək niyyətini daim reallaşdırmağa çalışmışdır.
Nəticə etibarilə, milyon illər ərzində təbii inkişaf nəticəsində təşəkkül tapan mövcud bəşəriyyətin Tanrı və təbiət hüquqları, toplumun yaratdığı cəmiyyət və bəşəriyyət hüquqlarına tabe etdirilmişdir.
İbtidai insanların şüur və təfəkküründə yaranmış haqq və hüquq məhfumu qədim dövrlərdə “şüurun hüququ”, sonrakı dövrlərdə isə “hüququn şüuru” mahiyyətinə qədər uzunmüddətli mürəkkəb tarixi mərhələlərdən keçib mövcud formasını almışdır. Yəni, belə demək mümkündürsə, əvvəllər şüur hüququ təyin etmiş, sonralar isə hüquq şüuru formalaşdırılmışdır.
Beləliklə, fərdin təbiətlə, fərdin cəmlə, fərdin ilahiyyətlə münasibətlər sistemi formalaşana qədər, fərd hər bir hadisəyə öz şüurundan irəli gələrək hüquqi və digər münasibət bildirirdisə, sonrakı dövrlərdə fərd, özünə və ətrafında baş verənlərə şüurundan deyil, artıq formalaşmış haqq və hüquqlar sistemindən irəli gələrək münasibət bildirmişdir. Məntiqi ardıcıllıqla desək, fərdi hüquqlar, sonra icma, qəbilə, tayfa və daha sonra xalq, millət, dövlət və bütövlükdə bəşəriyyətin beynəlxalq hüquqlar sisteminin yaranmasına gətirib çıxarmışdır.  
Mövcud dünyamızdan fərdi və beynəlxalq hüquq sisteminə müxtəlif münasibətin olması, hər obyektin və ya subyektin bütövlükdə hüquq və haqq anlayışına köklü şəkildə fərqli baxışların olmasını ortaya çıxarır.
Heç kimə sirr deyil ki, yazılı qanunlar-hüquqlar sisteminin yaranmasına qədər bütün məlum cəmiyyətlər yazılmayan, yəni şifahi qanunlar-hüquqlar sistemi ilə idarə olunurdu. Qədim dövrlərdə icma, qəbilə, tayfa cəmiyyəti başçıların şüurundan, təfəkküründən, həmçinin nüfuzundan və fiziki gücündən irəli gələrək idarə edilirdi.
Bu cür idarə sistemi və ya forması hüquqi və mənəvi cəhətdən bütövlükdə icmanı qane edib-etməməsi üzərində geniş dayanmaq istəməzdim, çünki bu hüquqi və mənəvi məqamlar başqa bir məqalənin araşdırma mənbəyidir. Yalnız onu qeyd etmək yerinə düşərdi ki, günümüzə qədər bəşəriyyət müxtəlif idarəetmə sistemlərini yaradıb məhv etsə də, idarəetmənin və idarəolunmanın hüquqi və mənəvi mahiyyəti öz əhəmiyyətini itirməmişdir. Çünki bəşəriyyət yenə də mahiyyət etibarilə iki qismə, idarəedənlərə və idarəolunanlara bölünməkdədir.
Əvvəldə qeyd etdiyim kimi, Tanrı və təbiət tərəfindən kiməsə idarəetmə və ya idarəolunma haqqının mütləq olaraq verilməsi mübahisəli məsələdir. Bəşər övladının yaranma və yaşama haqlarının bərabərliyi faktını əsas götürsək fərdin qeyri-bərabər və ya qeyri-adi yaşam hüquqlarına malik olmadığına şübhəmiz qalmaz. Yaranma və yaşama haqlarının bərabər olmasına baxmayaraq qeyri-bərabər şüura malik olan fərdlər, özünün haqq və hüquq anlayışından irəli gələrək müxtəlif forma və məzmunlu cəmiyyətlər yaratmışlar. Formaca müxtəlif olan bu cəmiyyətlər əsasən iki qismə bölünə bilər: şüur cəmiyyəti və hüquq cəmiyyəti, şüurun hüquqdan üstün olduğu cəmiyyətlər şüur cəmiyyəti, hüququn şüurdan yüksəkdə olduğu məkanlarda isə hüquq cəmiyyəti mövcud olmuşdur və hal-hazırda da mövcuddur.
Hər iki halda Tanrının və ya təbiətin verdiyi mütləq haqlar və hüquqlar, ayrı-ayrı fərdlər və ya cəmlər tərəfindən haqsız (qeyri-hüquqi) olaraq məhdudlaşdırılır.Və beləliklə, təbii hüquqların haqsız (qeyri-hüquqi) olaraq mənimsənilməsi, qeyri-bərabər hüquqlara malik olan cəmiyyətlərin yaranmasına gətirib çıxarır. Bu prosesə şərti olaraq, təbii hüquqların cəmiyyət hüquqları ilə məhdudlaşdırılması və ya əvəzlənməsi prosesi adı verə bilərik.
 
Çıxış
Kimin haqlı, kimin haqsız olduğunu müəyyənləşdirə biləcək haqlar və hüquqlar sistemi yaratmaq istəyən əcdadlarımız və ya müasir beynəlxalq hüquqşünaslarımız, əslində haqsızlığa və ya haqsızlara bəraət, yaşam və müdafiə haqqı verən hüquqlar sistemi yaratmağa “müyəssər” olmuşlar. Belə olmasaydı, hal-hazırda dünyanın güc mərkəzləri ayrı-ayrı fərdlərə və ya cəmiyyətlərə, bütövlükdə bəşəriyyətə qarşı tətbiq etdikləri qeyri-qanuni, qeyri-insani, haqsız, başqa sözlə cahil əməllərini mövcud hüquqlar sistemi çəçivəsində qanuni əməl kimi təqdim edə bilməzdilər.
Real, faktiki yaşamı tərənnüm edən realistlər “kim güclüdür, o da haqlıdır” deyərək, əslində dolayısı ilə güclüyə, yəni bu mənada haqsıza haqq qazandırmış, hüquq bərabərliyi baxımından ilkin tarazlığı-müvazinəti pozmuşlar.
Yuxarıdakı aforizmi, (deyimi) “kim güclüdür, o da zəifdir” və ya fəlsəfi desək  “kim güclüdür, o da haqsızdır” kimi ifadə edərək məntiqinə varsaq, daha gerçək haqqa yaxınlaşmış olacağımızı zənn edirəm. Təbii hüquqların mahiyyətini və ya daha ədalətli mənasını aşağıdakı deyimdə görürəm. “Güclü ədalətli deyilsə, haqsızdır” və ya “Güclü olduğunuz qədər ədalətli olun, onda daha güclü olarsınız”! Bütün mənalarda daha güclü olanlar daha ədalətli olmağa borclu deyilmi?!
Bu baxımdan diqqətinizi bütün bəşəriyyət üçün əvəzsiz örnək ola biləcək, Şərqin iki tarixi şəxsiyyətinin- Nəsimi və Teymurləngin şərti təfəkkür müqayisəsinə cəlb etmək istəyərdim. Əmir Teymurun təfəkküründə kök salmış “güclü-gücsüz, iri-xırda” ünsürlərindən ibarət cəmiyyət sisteminə, Nəsimi dühasına hakim kəsilmiş ”cahil və kamil” ünsürlərdən ibarət cəmiyyət formulası ilə cavab verir. Nə qədər təzadlı olsa da, Əmir Teymur mövcud cəmiyyətin formalaşdırıldığı hüququn şüurundan, Nəsimi isə təfəkkürün hakim olduğu şüurun hüququndan çıxış edir. Əmir Teymur cəmin, yəni kütlənin itaət etdiyi haqlar və hüquqlar sisteminin formalaşdırdığı “şüurların” sərkərdəsi, başqa sözlə “güclülərin-gücsüzlərin” sərkərdəsidirsə, Nəsimi cəmin, yəni əksəriyyətin dərk və qəbul edə bilmədiyi, mövcud varlıqların, bəşəriyyət və kainatın gerçəklik və mahiyyətini dərk etməyə çalışan ali şüurların formalaşdırdığı təfəkkürlərin, yəni kamillərin sərkərdəsidir. Bütün bunlara baxmayaraq, Nəsiminin haqlı olduğunu dərk eləyən Əmir Teymur güclü olduğu qədər ədalətli olmağa məhkumdur. Çünki Əmir Teymur bütün maddi, fiziki və mənəvi qüdrəti ilə birlikdə, Nəsiminin ilahi və mənəvi qüdrətinin qarşısında gücsüz və haqsız olduğunu dərk edirdi.
Beləliklə, bütün bəşəriyyət adi şüurun məntiqi nəticəsində formalaşan müxtəlif quruluşlarda, ayrı-ayrı hüquq sistemləri çərçivəsində təbii haqları və qanuni hüquqları uğrunda “ədalətli” mübarizə aparır.
İstər şüurun hüququ, istərsə də hüququn şüuru təyin elədiyi cəmiyyətlərdə mahiyyətcə eyni zəmində baş verən qarşıdurmalar, münaqişələr belə bir fikir söyləməyə əsas verir ki, Yaradan tərəfindən verilmiş haqlara qeyd- şərtsiz razılaşan fərdin, yaranan tərəfindən yaradılmış hər hansı hüquqlar və qanunlar sistemi ilə razılaşması şərti və zahiri xarakter daşıyır.
Yaradılış etibarilə mürəkkəb mənəvi-psixoloji varlıq hesab edilən insan- fərd, öz mürəkkəb, təzadlı və mücərrəd daxili aləmindən irəli gələrək təzadlı və mücərrəd haqlar və hüquqlar sistemi olan cəmiyyətlər yaratmışdır.
Hər hansı mənsubiyyətdən asılı olmayaraq bəşər qarşısında məsuliyyətini dərk edən adi şüur daşıyıcısı-yaranan, bəşərin haqq və hüquqlarına zidd olan əməllərdən şüurlu şəkildə imtina eləyib, yalnız bəşəriyyətə mənsub olduğunu anlayıb, vəhdətin mahiyyətinə qayıda bilsəydi, bəşəriyyət minilliklərin bəlasından xilas ola bilərdi.