Bakıda II Türk dünyası Ədəbiyyat və Kitab festivalı davam edir Featured

Rate this item
(0 votes)

Bakıda olduqca əhəmiyyətli bir beynəlxalq mədəniyyət tədbiri keçirilir, II Türk dünyası Ədəbiyyat və Kitab festivalı 7 türk xalqını bir araya gətirib. Elmlər Parkında düzənlənən bu bir həftəlik tədbirdə iştirak etmək şansından yararlanmamaq, kitabsevərlər üçün sadəcə bir itki olar. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, festivalın məhz 7 gün davam etməsi özlüyündə türk mifologiyasının müqəddəs 7 rəqəminə istinadı ehtiva edir, günlərin hər biri də bir qardaş ölkəyə həsr edilir.

5 iyun - Azərbaycan

6 iyun - Qazaxıstan.

7 iyun - Türkmənistan

8 iyun - Türkiyə

9 iyun - Qırğızıstan

10 iyun - Özbəkistan

11 iyun - Macarıstan

Bazar ertəsi başlayan təntənəli açılış mərasimində ilk olaraq I Qarabağ qazilərinin ifasında Fərahim Sadiqin “Əsgərnamə elegiya” layihəsi nümayiş olunub. 

Sonra şairə, “Söz” layihəsinin rəhbəri Nigar Həsənzadə məşhur “İgidlərin sözü layihəsini təqdim edib. II Qarabağ müharibəsi qaziləri öz şeirlərini söyləyiblər. 

Açılış çıxışlarından sonra musiqi nömrələri təqdim edilib. Rəşad İsmayıl sözləri və musiqisi Şahin Musaoğluna aid “Qan qardaşı, can qardaşı, şan qardaşıyıq biz” kompozisiyasını təqdim edilib, Kürdəmir rayon Uşaq İncəsənət məktəbinin Davud Ələkbərov adına uşaq xalq çalğı alətləri ansamblının ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra”, ansamblın solistləri Aysu Alməmmədli və Həsənalı Həsənlinin ifalarında bəstəkar Emin Sabitoğlunun “Gün keçdi” filmi üçün yazdığı “Bayatılar” mahnısı səsləni . İçinə şeir bəndləri yazılmış şarların havaya buraxilması ilə tamamlanan açılış mərasimindən sonra ziyarətçilərin Kitab sərgisi ilə tanışlıqları başlayıb. İlk gündə sərginin növbəti tədbirləri aşağıdakılar olub:

“Xarıbülbül” Rəqs Qrupunun ifasında “Küçələrə su səpmişəm” rəqsi;

“Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda konfrans. Çıxışçılar - Akademik İsa Həbibbəyli, Xalq şairi Nəriman Həsənzadə, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, fil.e.d., dos. Elnarə Akimova, fil.e.d., dos. Pərvanə İsayeva, fil.e.d., dos. Əlizadə Əsgərli, tənqidçi Əsəd Cahangir.

“Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş, onunla şəxsən təmasda olan insanların xatirələrinin yer aldığı, AYB tərəfindən nəşr edilən “Əbədi ömrün YÜZ İLİ” kitabının təqdimatı. Moderator: Kitabın  redaktoru olan yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli. 

Millət vəkili Cavanşir Feyziyevin 8 dildə nəşr edilmiş “Türk dünyası” 5 cidliyinin təqdimatı. Moderator şair, MM-in mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı. 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilmiş “Saqınbaydın manası” kitabının təqdimatı. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndəsi Mirbek Karıbayevin, Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Erhan Türbedarın təqdimatı ilə. 

Nakam Azərbaycan şairi Mikayıl Müşfiqin 115 illiyinə həsr edilmiş tədbir. Moderator: fil.f.d., dos. Aygün Bağırlı, məruzəçi: fil.f.d., dos. Safura Quliyeva, çıxışçılar: fil.e.d., dos. Cavanşir Yusifli, fil.f.d., dos. Günay Qarayeva, fil.f.d., dos. Firidun Qurbansoy, fil.f.d. Nərmin Cahangirova.

Tədbirdə həmçinin AYB Müşfiq Komissiyasının sədri Xəyal Rzaya rəssam Tünzalə Ağabalayeva tərəfindən Müşfiqin “İşıqlı dünyadan necə əl çəkim” adlı şeirinə həsr edilmiş rəngkarlıq nümunəsi təqdim ediləcək. 

Xalq yazıçısı Çingiz Abdullayevlə görüş. 

Xalq yazıçısı Anarla görüş. Moderator: İsa Həbibbəyli. 

Mərhum Xalq şairi Vaqif Səmədoğlu barədə  saytın təqdimatı. Moderator: Fərid Hüseyn. 

 Əməkdar artist Nuriyyə Hüseynovanın konserti. 

 Çingiz Mehtipur (“Dalğa” qrupunun rəhbəri) və Vədud Müəzzin ifalarında saz musiqisi

Əsəd Nağıyev, “Musiqili dəqiqələr”.

Ən nəhayət, ilk günün finalı Yay kinoteatrında film nümayişi ilə yekunlaşıb. Rejissor Oktay Mir-Qasımın “Qisas almadan ölmə” filmi nümayiş olunub. 

İkinci gün də  də biri-birindən maraqlı tədbirlər sıralanıb. 

 “Türk dövlətçiliyi tarixi" mövzusunda professor Mais Əmrahovun moderatorluğu, professor Kərim Şükürovun, tarix elmləri doktorları İlqar Niftəliyevin və Ellada Bəkirovanın iştirakıyla mühazirə; 

Nigar Rəfibəyli – 110 tədbiri çərçivəsində qadın şairlərin “Gül dəftəri” şeir şöləni (Narıngül Nadirin, Kəmalə Abıyevanın, Xəyalə Sevilin, Aysel Fikrətqızının, Aypara Ayxanın, Banu Məhərrəmin iştirakı ilə) baş tutub. 

Tanınmış yazıçı, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varislə görüş də dünənə təsadüf edən əsas tədbirlərdən biri olub. Şair Şəhriyar del Geraninin moderatorluğu ilə baş tutan görüşdə Varis ümumən ədəbiyyatdan, müasir ədəbi proseslərdən, rəqabətə davamlılığ modulundan, reklam konsepsiyasından, beatseller yazmağın qızıl qaydalarından danışıb. İzləyicilərin suallarını cavablandırıb. Kitabları imzalayıb.

Dünən festivalda həm də Elxan Zal Qaraxanlının və Cavanşir Feyziyevin  “Xəzər məkanı”,  “Türklər, Xəzərlər, Yəhudilər” kitablarının təqdimatı, eləcə də tanınmış naşir Şahbaz Xuduoğlunun moderatorluğu ilə “Azərbaycanda kitabçılıq” mövzusunda müzakirələr və digər tədbirlər keçirilib. 

Növbəti günlərdə Xalq Şairi Ramiz Rövşənin və Əməkdar İncəsənət

Xadimi Baba Vəziroğlunun yaradıcılıq gecələri,  Türk yazarı Ufuk Tufana məxsus “Ərtuğrul bəy və qayılar”, “Quruluş Osman” kitablarının təqdimatı, Dünya Gənc Türk Yazarlar Birliyinin yubiley tədbiri, Professor Qəzənfər Paşayevin və Kərkük Yazarlar Birliyi başqanı Şemsettin Kuzecinin Kərkük Ədəbiyyatı mühazirələri, Türk Şeiri şöləni (Coşqun Karabulutun, Mahmut Özkocanın, Şemsettin Kuzeçinin, Ceyhan Özyıldızın, Serkan Soyalın iştirakı ilə), Akademik İsa Həbibbəylinin moderatorluğu ilə Mir Cəlal Paşayev – 115 (Məruzəçi: AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, çıxışçılar: fil.e.d., dos. Asif Rüstəmli, prof. Tahirə Məmməd, fil.f.d., dos. Aslan Salmansoy, fil.e.d.Mərziyyə Nəcəfova) konfransı, Əməkdar artist Azad Şükürovun təqdimatında Şeir adam, yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli ilə Ustad sözü, ədəbiyyatşünas Seyfəddin Hüseynli ilə “Dünya ədəbiyyatı”ndan mənzərələr, tanınmış Türkiyə şairi Mehmet Nuri Parmaksız ilə “Kəpənək Ömürlü Şairlər” layihələri, Azərbaycan Ədəbiyyat Fondunun təşkilatçılığı və AMEA-nın, Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilati dəstəyi ilə “Türk Dünyasının Ortaq Ədəbiyyatı”

dəyirmi masası, moderatoru Gülnarə Cəmaləddin olan Əli Kərimin xatirəsinə həsr edilmiş Sumqayıtlı Şairlər Günü (Əşrəf Veysəllinin, Ofeliya Babayevanın, Rafiq Yusifoğlunun, İbrahim İlyaslının, Əyyub Qiyasın, Elvin Əlizadənin iştirakı ilə), AMEA və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Çingiz Aytmatov – 95” konfransı (Moderator: akademik İsa Həbibbəyli, məruzəçi: fil.f.d., dos. Mehman Həsənli, çıxışçılar: fil.f.d., dos. Nərgiz Cabbarlı, fil.f.d. Ülviyyə Hüseynova, Nəzrin Əliyeva), Bakı Bələdiyyə Teatrının təqdimatında “Ana tarla” tamaşasından hissələr, Xalq artisti Gülyanaq Məmmədovanın konserti, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva ilə görüş, “Türk romançılığı və Orxan Pamuk” mövzusunda yazıçılar Fəxri Uğurlu və Qismət Rüstəmovun, “Macar Milli Şairi Şandor Petofi: həyatı və şeirləri” mövzusunda şairlər Ramil Əhmədin və

Ağasəfanın məruzələri, Türkiyəli yazar Mahmut Özkocanın “Aşk və Şiir” təqdimatı və daha nələr, daha nələr baş tutacaq.

Əziz bakılılar, şəhərin qonaqları, əziz kitabsevərlər, hamınızı bu bir həftəni Elmlər Bağında festivalla yaşamağa dəvət edirik.

Kitaba sığınan yenilməz!

 

“Ədəbiyyat və incəsənət”

(07.06.2023)