Bakıda görkəmli tatar şairi Qabdulla Tukayın 137 illiyinə həsr olunmuş tədbir keçirilib

Rate this item
(0 votes)

Aprelin 17-də Tatarıstan Respublikasının Azərbaycan Respublikasında Daimi nümayəndəliyində görkəmli tatar şairi, ictimai xadim və tərcüməçi Qabdulla Tukayın 137 illiyinə həsr olunmuş tədbir keçirilib. 

Nümayəndəliyin məlumatına görə, tədbirin təşkilatçısı qismində “Tuqan tel” Respublika tatar mədəniyyəti cəmiyyətinin iştirakı ilə “Ak kalfak-Bakı” tatar qadınlar cəmiyyəti çıxış edib. 

Tədbirin əvvəlində aparıcılar şairin tərcümeyi-halı və yaradıcılığı barədə danışıblar.

Təşkilatların fəallarının ifasında Qabdulla Tukayın “Ana doqası”, “Milli monnar”, “İrtə”, “Koşlar”, “Beznen qailə”, “Qali belən kəjə”, “Koşlarqa” şeirləri və digər əsərləri səsləndirilib.

“Ak kalfak” teatr dərnəyinin gənc aktyorları tərəfindən Qabdulla Tukayın “Bala belən kübələk”, “Su anası”, “Qali belən kəjə”, “Eş betkəç, uynarqa yarıy”, “Beznen qailə”, “Yanqır ilə Koyaş”, “Şüralə” əsərləri əsasında səhnəciklər nümayiş etdirilib.

Bundan başqa, xatirə gecəsinin iştirakçılarının ifasında şairin “Tuqan tel” və “Təftiləy” şeirləri əsasında mahnılar səsləndirilib.

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2023)