366-cı diviziyanın bizə işləyən yeganə üzvü

Rate this item
(0 votes)

Təəssüf ki, Müdafiə Nazirliyi ona şəhid statusu verməkdən imtina edir

 

Aida Eyvazlı yazır

 

Dəyərli oxucularım. Sizə ötən ilin aprel ayından etibarən bir neçə dəfə 1992-ci ildə Qazaxıstandan Azərbaycana döyüşmək üçün gələrək Tərtər-Ağdərə zonasında qəhrəmanlıqlar göstərmiş türk oğlu, qazax balası Yerbol Barımbetov Turexan oğlu barədə danışmışdım. Ötən gün onun döyüş yoldaşları, müharibə vaxtından Yerbol Barımbetovu tanıyan dostları və Qazaxıstandan gələn qonaqlar - Qazaxıstan Azərbaycanlıları İctimai Birliyinin Qadınlar Şurasının üzvü Kəmalə Əliyeva, qazaxıstanlı araşdırmaçı jurnalist Nasiha Kumarqızı da II Fəxri xiyabana ziyarətə gəlmişdilər.

 

Azərbaycan torpaqlarının azadlığı uğrunda canından keçən türkdilli xalqların təmsilçiləri bir deyil, beş deyil, yüzlərlədir. Belə igidlərlə 1990-cı ildən başlayaraq eyni cəbhədə döyüşən tibb bacısı Yevgeniya Semitina Vladimirovna da vardır. Yevgeniya xanım (onu döyşçülər ya “Şərqiyyə ana”, ya da “mama Jenya” çağırırlar) Yevgeniya Vladimirovna 1994-cü il aprel ayında öz əlləri ilə Yerbol Barımbetovu bu Şəhidlər xiyabanında dəfn edib. Döyüş vaxtı iki dəfə yaralanan Yerbola da hərbi hissədə özü yardım göstərib. Həmin illərdə tibb bacısı işləyən “mama Jenya” deyir ki, bir dəfə ondan soruşub:
"Yerbol, nə işin var burda, niyə gəldin?”. Barımbetov cavabında “Jenya xala, mən 366-cı alayın tərkibində Qarabağda xidmət edəndə yaxınlıqdakı kənddəki bir azərbaycanlı xala mənə təndirdə bişən təzə çörək verdi. O çörəyin ətri heç vaxt burnumdan getmir. Məni o ağır günlərdə kəsdiyim çörək bura gətirib” söyləyib.
Yevgeniya Semitinanın iki oğlu - Firudin və Tərlan da Vətən uğrunda şəhid olublar. O həm də iki şəhid oğulun anasıdır. Yevgeniya ana bu gün mənə mübhəm bir sirr açdı. Dedi ki, Yerbol Barımbetov 1991-ci ildən Sovet Ordusunun hərbi hissəsinin desant briqadasında kəşfiyyatçı olub. 366-cı rus alayının tərkibində hərbçi kimi Azərbaycana gəlib. Və günlərin bir günündə ona məlum olub ki, 366-cı alay Xocalıya hücum edəcək. Onda Barımbetov hərbi hissəni özbaşına tərk edərək, o vaxtkı Azərbaycan Xalq Cəbhəsinin əsas funksionerlərindən biri olan Etibar Məmmədovun yanına gedib və bu haqda xəbəri ona çatdırıb.
Yevgeniya ananın dediyinə görə, bu məsələni Etibar Məmmədov hətta o zaman Azərbaycan Dövlət Televiziyasının efirindən də bəyan edib. Yerbol Barımbetovun hərbi hissəni özbaşına tərk etməsini bilən 366-cı alayın komandiri onu həbs edərək, Türkmənistanın Marı şəhərindəki həbsxanaya göndərib. Bu həbsxanadakı bir erməni nəzarətçi Yerbola ağır işgəncələr verib.
1992-ci ildə bir gün xüsusi hərbi təlim görmüş Yerbol həmin erməni nəzarətçini vuraraq, qaçıb Azərbaycana gəlib və Qarabağ döyüşlərinə qatılıb. 1994-cü il aprelin 20-də isə növbəti uğurlu əməliyyatını həyata keçirərkən düşmən gülləsindən həlak olub.
Təəssüf ki, II Fəxri xiyabanda uyuyan Yerbol Barımbetova Azərbaycan Müdafiə Nazirliyi şəhid statusu verməkdən imtina edir. Biz inanırıq ki, bu xəbər Ali Baş Komandan İlham Əliyev cənablarına yetişən kimi, o, Yerbol Turexan oğlu Barımbetovun layiq olduğu “Şəhid” adını təntənəli surətdə verəcəkdir.

Yerbol Barımbetovun sağ qalan döyüş dostları onu unutmurlar. Bu etibarlı dostların vasitəsilə 28 ildən sonra doğmaları Qazaxıstanın Almatı şəhərindən gəlib Yerbol Barmbetovu II Fəxri xiyabanında tapdılar.

Tanrı bütün şəhidlərimizin ruhunu şad etsin!

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2023)