Heydər Əliyev Sarayı 50 illiyini qeyd etdi

Rate this item
(0 votes)

 

Ötən gün Heydər Əliyev Sarayının fəaliyyətə başlamasından 50 il ötdü. Bu  münasibətlə Heydər Əliyev Sarayının rəhbərliyi və əməkdaşları Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

 

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib və xatirəsi ehtiramla anılıb.

Sonra Şəhidlər xiyabanına gələn Sarayın kollektivi ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi Məşəl” abidə kompleksinin önünə əklil qoyublar.

Qeyd edək ki, Ümummilli Liderin adını daşıyan Heydər Əliyev Sarayı paytaxtımızın memarlıq simasında xüsusi yeri olan möhtəşəm məkan, həm də ölkənin baş səhnəsi, əsas konsert salonudur. İllər boyu ictimai-siyasi, mədəni-kütləvi tədbirlərə ev sahibliyi edən, Azərbaycan xalqının həyatında önəmli hadisələri, tədbirləri səhnəsindən geniş tamaşaçı kütləsinə çatdıran saray bu gün də qaynar həyatını yaşayır.

Sarayın tikintisi məhz Ümummilli Liderimiz Heydər Əliyevin qayğısı nəticəsində reallaşıb. Bu gün öz qurucusunun, Ulu Öndərin adını daşıyan Saray məhz 1972-ci il dekabrın 14-də öz qapılarını tamaşaçıların üzünə açıb. O tarixi gündən uzun illər keçsə də, bu gün Azərbaycan mədəniyyətinin və incəsənətinin nümayiş olunduğu əsas tarixi səhnə məhz Heydər Əliyev Sarayıdır.

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2022)