Bakı Kitab Mərkəzi 3 yaşını qeyd etdi

Rate this item
(0 votes)

Bu gün Bakının ən elitar kitab mərkəzi sayılan Baku Book Center - Bakı Kitab Mərkəzi sözün həqiqi mənasında kitabla təmas üçün ideal məkandır. Üzeyir Hacıbəyov və Qoqol küçələrinin kəsişməsində yerləşən, 2500 kvadratmetr sahəyə malik bu mərkəzin rəsmi açılışı 2018-ci il sentyabr ayının 1-də olmuşdur. Bakı Kitab Mərkəzi  Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yaradılmışdır və kitab satışına tamamilə fərqli bir konsepsiya ilə yanaşmaqdadır.  Burada oxuculara Azərbaycan, rus, türk, ingilis, fransız, alman, ərəb və digər dillərdə,  istənilən janrlarda kitablar təqdim olunur. Gözəl yazıçımız Günel Anarqızının rəhbərlik etdiyi mərkəzin əsas konsepsiyası - oxucularda  mədəni, mənəvi dəyərləri və faydalı bilikləri daşıyan kitaba maraq oyatmaqdır.
Bakı Kitab Mərkəzinin 1-ci və 2-ci mərtəbələrində Heydər Əliyev Fondunun nəşrləri öz yerini tapıb. Burada, həmçinin, "I love Baku" brendinin rəngarəng suvenirləri və "Azərmarka" şirkətinin məhsulları təqdim olunur. Eyni zamanda, 1-ci mərtəbədə Azərbaycan və xarici dillərdə dünya bestsellerləri, incəsənətə aid olan gözəl albomlar, turist bələdçiləri, musiqi kitabları və notlar da satılır.
Mərkəzin layihəsi üzərində çalışarkən, yaradıcılar kitabsevərlərin burada asudə vaxtlarını keçirmələri üçün də imkan yaradıblar. Kitab satışı ilə yanaşı burada "Coffee mood" adlı kafe də fəaliyyət göstərir.
Kafedə əyləşərkən qonaqlar Mərkəzdə təqdim olunan kitab və jurnallarla tanış ola bilirlər.
Mərkəzin 2-ci mərtəbəsində oxu zalı, zəif görmə qabiliyyəti olan insanlar üçün ayrıca, uşaqlar üçünsə ayrıca guşələr, dəftərxana malları şöbəsi, müxtəlif ədəbi və mədəni tədbirlər keçiriləcək təqdimat hissəsi və elmi fəaliyyətlə məşğul olanlar üçün nəzərdə tutulmuş tədris guşəsi fəaliyyət göstərir.
Bakı Kitab Mərkəzində mütəmadi olaraq müxtəlif kitab təqdimatları, məşhur yazıçı, şair, həmçinin sevilən mədəniyyət və incəsənət xadimləri ilə görüşlər, ustad dərsləri, uşaq və yeniyetmələrdə mütaliəyə həvəsi artırmaq üçün tanınmış insanların iştirakı ilə oxu günləri, dil kursları, beynəlxalq təşkilatlar və xarici səfirliklər ilə bərabər təşkil olunmuş tədbirlər keçirilir.
Mərkəzdəki bütün tədbirlər və aksiyalar haqqında zalda canlı anonslar səslənir, müxtəlif yerlərdə quraşdırılan monitorlarda yeni kitablar haqqında məlumatlar verilir. Sensor ekranlarda Mərkəzdə satılan bütün kitablar haqqında məlumat almaq olur.
Bakı Kitab Mərkəzinin cəmi 3 il ərzində həm yerli sakinlərin, həm də şəhərin qonaqlarının ən sevimli məkanlarından birinə çevrilməsi fərəh doğurur.