Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzində Özbəkistanın müstəqilliyinin 31-ci ildönümü qeyd edilib

Rate this item
(0 votes)

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Özbəkistanın müstəqilliyinin 31-ci ildönümü münasibətilə bayram tədbiri keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, sənliyə gələnlər əvvəl foyedə yaradılan "İstiqlalının 31-ci ildönümü mübarək əziz Özbəkistan" adlı kitab və fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar. 

Tədbirdə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, yerli azərbaycanlılar, Özbəkistanın mədəniyyət xadimləri, ziyalılar, ali məktəblərin müəllimləri iştirak ediblər.

Tədbir iştirakçılarını bu bayram münasibətilə təbrik edib. Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistanın müstəqillik əldə etdiyi illərdəki uğurlarından danışıb. S.Abbasov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin rəhbərliyi ilə ölkədə siyasi, iqtisadi, mədəni-humanitar və digər sahələrdə aparılan köklü islahatlardan söhbət açıb. 

Direktor iyunun 21-22-də Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana rəsmi səfəri haqqında da danışıb, Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevlə səmərəli danışıqlar aparıldığını, əməkdaşlığın dərinləşdirilməsi istiqamətində xeyli sənədlər imzalandığını diqqətə çatdırıb: “Bununla da Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın yeni mərhələsinin əsası qoyulub”. 

S.Abbasov deyib: “Bu gün Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin irəli sürdüyü Yeni Özbəkistan konsepsiyası uğurla həyata keçirilir. Yeni Özbəkistan isə yeni iqtisadi münasibətlər, bu məsələlərə yeni baxış deməkdir”.

Diplomat 44 günlük Vətən müharibəsi haqqında da məlumat verib, bildirib ki, Prezident Şavkat Mirziyoyevin təşəbbüsü ilə Özbəkistan işğaldan azad olunan Füzuli şəhərində böyük bir orta məktəbin tikintisini öz üzərinə götürüb və təhsil ocağının tikinti layihəsi artıq Azərbaycan Hökumətinə təqdim edilib. 

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov və Özbəkistan Milli Universitetinin professoru Niqina Şermuxammedova ölkələrimiz arasında dostluq əlaqələrinin genişləndirilməsi, elm sahəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində fəaliyyət haqqında məlumat veriblər.

Sonra Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Əməkdar artist Kaykep Aliyeva adına Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi, Bakıdan gələn gənc müğənni Mehdi Həsənov, həmçinin Rəna Əzizova, Yusif Əliyev, Timur Rəhmanov və Davron Kadırov Azərbaycan və Özbək mahnılarını ifa ediblər.