101 yaşlı qocaman kənd məktəbi

Rate this item
(0 votes)

Quba-Xaçmaz bölgəsinin Alıcqışlaq kənd tam orta məktəbi bu il 101 yaşını qeyd etdi. Bu gün ölkəmizdə bu yaşda çox az məktəb tapmaq olar. Ona görə də bu məktəb unikal məktəblər sırasında qərarlaşıb.

 

Olduqca səfalı bölgədə yerləşən Alıcqışlaq kəndi qədim kənddir, dəniz səviyyəsindən 207 metr hündürlükdə yerləşir, 19-cu əsrin ortalarında Qubanın Alıc kəndinin camaatı gəlib burda qışlaq salıb, o vaxtdan da bura yurd yeri olub. 2009-cu il siyahıyaalınmasına görə kəndin 539 nəfər sakini var.

Məktəb yerləşən bina isə lap əvvəllər məscid olub. Burada həm də bölgənin ən böyük mədrəsələrindən biri fəaliyyət göstərirmiş. 1921-ci ildə kənd camaatının təbirincə desək, allahsız Şura hakimiyyəti gəlib məscidi qapadıb, amma yaxşı ki, barı, mədrəsəni qapatmayıb, o vaxtlar molla məktəbi adlanan mədrəsənin bazasında dünyəvi məktəbin fəaliyyət göstərməsi qərarını verib. İlk dövrlərdə Alıcqışlaq məktəbi dördillik olub. Sonra yeddiillik və səkkizillik oldu.

1971-ci ildə məktəbə yeni bina tikilib. 1972-ci ildə ilk tam orta məktəb buraxılışı olub. Mən özüm 1973-cü ildə məzun olmuşam, necə deyərlər, 101 yaşlı məktəbin 49 illik məzunuyam. Allah ömür versə, gələn il sinif yoldaşlarımız məzunluğumuzun 50 illiyini qeyd edəcəyik. O vaxt biz 17 nəfər məzun olmuşuq.

Məktəbimizin 93 yaşlı məzunu da var, Ələkbər baba deyə bütün rayon ona ehtiram göstərir, bu pirani insanı danışdırsan tarix kitabı kimi çox böyük, hadisələrlə zəngin bir dövrün xronologiyasını göz önündə canlandırar. Ayın 27-də doğum günündə Xaçmaz rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev kəndə gələrək rayonun ən qocaman sakini sayılan Ələkbər babaya qol saatı da bağışlayıb.

Məktəbin yanındakı ərazidə əvvəllər bir varlı kənd sakininin - Şura hakimiyyəti belələrini qolçomaq adı ilə damğalayıb həbs etdirmişdi - tövlələri yerləşirdi. Məktəbə yeddiillik status veriləndə əvvəlki mədrəsə binasında darısqallıq yaranmışdı deyə bu tövlələri sinif otaqları halına gətirmişdilər, biz 70-ci illərdə bax bu keçmiş tövlələrdə dərs keçirdik. 71-ci ildə güclü yanğın oldu, məktəbin böyük hissəsi yanıb kül oldu, arxivi də yandı, yeni bina məhz bu səbəbdən tikildi.

2019-cu ilin 16 sentyabrında isə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlhamə Nəzərova, Xaçmaz Rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəbin pedaqoji kollektivi, şagird və valideynlər məktəbin modul tipli yeni binasının açılışında iştirak etdilər. Unudulmaz anlar idi.

  Tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlhamə Nəzərova son illərdə ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə məktəb infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlərin görüldüyünü bildirdi, bu modul tipli yeni məktəb binasının tikilməsini də məhz bu işlərin parlaq nəticəsi olduğunu söylədi.

Qeyd edim ki, geniş və işıqlı sinif otaqları ilə şagirdlərin ixtiyarına verilən yeni məktəb binası 96 şagird - yerlikdir. Ölkə Prezidenti məktəbimizin yeni binasının inşası üçün 425000 manat vəsait ayırmışdı.

Məktəbin keçmiş direktoru İslam Zahirov da hazırkı direktor əvəzi Günay Mahmudova da məktəbin qabaqcıllar sırasında olması üçün əllərindən gələni əsirgəməyiblər.

Onu da deyim ki, bizim məktəb hazırda tək öz kəndimizin deyil, qonşu kəndlərin də uşaqlarına xidmət edir. Mirzə Qışlaq, Qaracık Zeyid, Ağyazı, Suxtakələ kəndinin uşaqları gəlib burda tam orta məktəb təhsili alırlar.

Məktəbimiz 1-ci Qarabağ müharibəsi şəhidi İlqar Nuru oğlu Mujdabəyovun adını daşıyır, məktəbin həyətində onun büstü də var.

Ötən il məktəbin yüz illiyi pandemiya səbəbindən keçirilmədiyi üçün bu il 101 illiyi təntənə ilə qeyd edildi. Tarixdə belə bir təntənə bu məktəbdə görünməmişdi, bütün məzunlar gəlmişdilər, şirniyyat süfrələri  açılmışdı, hamı xoşbəxt idi. Azərbaycan Televiziyası gəlib süjet çəkdi, həm məktəbin şagirdləri və pedaqoji kollektivi, həm də kənd camaatı bundan qürur hissi keçirdilər. Yeri gəlmişkən, fürsətdən istifadə edib Ana Televiziyamızın sədri Rövşən Məmmədova Alıcqışlaq kənd sakinləri adından minnətdarlıq bildiririk.

Maddiyyatı ən böyük dəyər hesab edənlər yanılırlar, ən böyük dəyər mənəviyyatdır. Azərbaycanın mənəvi sərvətlərini yüz illərdir ki, folklorumuz, adət-ənənələrimiz, ədəbiyyatımız, mental xüsusiyyətlərimiz, eyni zamanda təhsilimiz formalaşdırır. Bu cəhətdən də, 101 illik fəaliyyəti dövründə on minlərlə insana təlim-tərbiyə verən, onları bilik xəzinəsinə çatdıran Alıcqışlaq kənd orta məktəbinin yeri bir ayrıdır.

102-ci ildönümündə görüşənədək, əziz məktəbimiz!

 

Malik Məmmədov,

Xüsusi olaraq Alıçqışlaq

kənd orta məktəbindən