Missionerlik, yoxsa sağlam bədən və ruh? Yoqa nəyi təbliğ edir? - AKTUAL Featured

Ata Atilay, “Ədəbiyyat və incəsənət” üçün

 

İşğal edilirik, fərqindəsiz? Bu dəfə isə hədəfdə torpaq deyil insan var. Bəli, bəli... Sən, mən, onlar, uşaqlarımız. Bir sözlə, bugün və sabahımız işğal edilir. 

 

2014-cü il idi, hələ sosial şəbəkələr indiki kimi qüdrəti əlinə almamışdı. “Azadlıq” metrosunun yanında, dayanacaqda avtobus gözləyirdim. Bir cavan xanım və bəy mənə yaxınlaşdı. Özlərini təqdim etdilər "Yahova Şahidləri" cəmiyyətdən gəlmişdilər, qucaq-qucaq bukletdən bir neçəsini mənə uzadıb danışmağa başladılar. Onlar danışarkən əlimdəki bukleti ora-bura çevirib üstündəkiləri oxuyurdum. Əlimdəki bukleti mədəni şəkildə oğlanın qucağındakı digər bukletlərin arasına qoyub, "maraqlanmıram" dedim. Mən uzaqlaşarkən bayaqdan ətrafımıza yığılan 3-5 nəfərin onlara necə həvəslə qulaq asdıqlarını görmüşdüm amma...

Bu hadisədən 10 il keçib. Bu müddət ərzində həmişə olduğu kimi yenə içsəl bir hücumla qarşı-qarşıya durmuşuq. Bu dəfə başqa bir donla, başqa bir bəhanə ilə giriblər aramıza. Sağlam ruh və sağlam bədən... Yoqa... Uzaq şərqin ruhani rahatlığını gətiriblər bizimçün... 

Qısaca izah edim ki insanlığı məhv etməyə çalışan tanrı Şivaya inanan bir topluluq bəzi hərəkətlər və meditasiyalarla təlim yaradıblar. Və insanları inandırırlar ki, bu sənin ruhani çıxış yolundu və burda heç bir dini propaqandadan söhbət belə gedə bilməz. 

Dünya yaranandan bəri fiziki işğalla yanaşı ruhsal işğallar olub və olacaq. Bunun kökündə dayanan səbəbləri özümüz üçün sıralasaq:

1- Bir ölkənin ən vacib dəyəri insanlar, dolayısı ilə ailələrdi. Bu və ya digər missionerlərlik axınları ailə yapısını dağıdaraq bir yurdu gələcəksiz buraxmaq planı.

2- Nə qədər çox sözünü eşidən varsa o qədər güclüsən. Missionerliklə üzünü belə görmədiyin adamların və sənə ögey alqıların təsirinə düşərək fərqində olmadan görmədiyin bir kəsə, bir alqıya xidmət etmək.

3- Müharibələrin soyuduğu bir dövrdə güclənən ölkələri sapgın fikirlərlə bölmək, cəmiyyəti bir olmağa qoymamaq.

4- Sizi inandırdıqları yalanlarla geyiminizdən tutmuş evinizdəki əşyalara qədər onlar qərar verirlər. Bununla da sizin maddi varlığınızı heç bir əhəmiyyət kəsb etməyən şeylərə xərcləyirlər.

 

Sual yaranır təbii ki, Yoqa dediyimiz şey bizə bir az hərəkət etdirir, bir az da rahatlıq verir, bu yuxarıda qeyd edilənləri necə həyata keçirə bilər ?

Gəlin bir az Yoqa dediyimiz missionerlərliyin daxilinə səfər edək...

Yoginin məqsədi həyatın təkrarından qaçmaq, yəni xilas olmaqdır. Gurunun ardıcıl tapşırıqlarını həll etməklə insan “samadhi”yə nail ola bilər, yəni maddi buxovlardan azad olub şəxsiyyətsizlik dövrünə, yəni özünü hər şeyə qarışmış bir dövrünə keçə bilər, bu da hinduizm nöqteyi-nəzərindən yoqanın əsas mənbəyidir. Mahiyyət etibarı ilə bu, bütün psixi həyatın dayanması, fərdi şüurun ölümüdür.

İlk mərhələlərdə bizi bədənimizə hakim olmaq, onu idarə etməyi öyrənmək və istəklərini ruha tabe etmək gözləyir. Bu isə bizi gözləyən tələbin birinci pilləsidir deyə bilərik. Əslində, bu mərhələdə yoqa yalnız bir sıra nəfəsalma, fiziki məşqlər və pəhriz məhdudiyyətlərini (adətən vegetarianizm) əhatə edir, bu da həqiqətən bədən üzərində müəyyən bir nəzarət hissi əldə etməyə imkan verir. Artıq bu mərhələdən sonra yoqanın ezoterik və hətta dini xarakterini görə bilirik. Yoqa dərslərində, çox güman ki, bu barədə sizə məlumat verməyəcəklər, çünki araşdırmadan qucağına düşdüyümüz bu ruhani oyunun sirlərini pozmağı heç bir missioner istəməz.

Daha sonra yoginin inkişaf mərhələlərindən biri olaraq kundalini enerjisinin oyanmasını görürük. Bu daha çətin bir işdir, lakin bildiyimiz yoqa məhz bu mərhələdə başa çatır. Yəni orta statistik azərbaycanlının çox sevdiyi şərq uşaq nağılları tükənmək üzrədir. Kundalini, onurğanın aşağı hissəsində yüngül yanma hissi şəklində yaranan və onun tərəfdarlarının təsvir etdiyi kimi, bəzən güclü cinsi əlaqə ilə yaşanan bir enerjidir. Tədricən yüksələn bu enerji bütün çakraları tutur, hər şey fiziki və yogilərin inandığı kimi insanın bütün mənəvi varlığını əhatə edir. Bu enerjinin həm oyanması, həm də idarə olunması insanın nəzarətindən kənardadır. 

İndi isə insanlara məsumca bir ruhani rahatlıq təlimi kimi görünən Yoqa tamaşasının necə başladığını gözdən keçirək...

Siz sosial şəbəkələrdə hansısa influincerin profilində Yoqa, meditasiya kimi paylaşımlara rast gəlirsiz. Bu adam özü də missionerlərlik oyunun bilərək, ya da bilməyərək bir parçasıdır. Çünki onlara oyunlarını yaxşı qurmaq üçün yerli əhalidən bir maska lazımdı. Hər gün, hər gün qarşınıza fərqli-fərqli adamların dilindən yoqa, meditasiya kimi şeylər barədə qəribə və cəlbedici məlumatlar çıxır. Hələ bir az duz, istiot olaraq stressin necə azaldığından, pul gəlirlərinin necə artmasından da danışandan sonra bir də gözünü açırsan ki, bir az ordan, bir az burdan borc xərc düzəldib bir ayı 200-300 manat olan təlimə yazılmısan. Tamaşanın birinci pərdəsi beləliklə tamamlanır, ov tələyə düşüb. 

İkinci pərdədə sizi çox mülayim görünüşlü, şərq havasıyla gəzən, uzaq ellərdən ruhani elmlərlə dolub-doşan biri qarşılayır. Sizin necə bir ruhani basqıda olduğunuzdan, necə çətin günlərdən keçdiyinizdən, ananızdan, atanızdan gələn travmalarınızın olduğundan danışır və bunların aylıq 200-300 manat verdiyiniz təlimlə sonlanacağını vəd edir. Onsuzda özündən uşaq düşən adamlar üçün hər vədin inandırıcı olduğunu nəzərə alsaq, tamaşa uzaqdan onu yazan əlin istədiyi kimi oynanılır. İlk başlarda nəfəs al, nəfəs verlə başlayan təlim sonra bədəninizi fərqli pozalarda statik yüklənməyə salaraq işinə davam edir. 1 ay artıq geridə qalarkən sizi inandırırlar ki, ətraf dünyada hər şey boşdu, hər kəs təhlükədi və dünyada tək şey mənəvi rahatlıqdır, onun da yolu burdan, Şivanın tələbələrindən keçir. Beləliklə, inamınızı qazanandan sonra ikinci pərdə də bağlanır. Növbədə ən canalıcı pərdə var...

Üçüncü səhnədə bizi artıq daha azğın və daha təhlükəli oyunlar gözləyir. Sizin inamınızı tam ələ keçirdikdən sonra yavaş-yavaş sizin nə yeyəcəyinizə, nə geyinəcəyinizə qərar verirlər. Bu yolla artıq ətdən uzaq durur, onların gətirib satdığı geyimləri, aksessuarları alırsız. Tam ruhani bir azadlığı qovuşduğunuzu düşündüyünüz bu tamaşada fərqində olmursuz, amma azadlıqdan söz belə gedə bilməz, çünki yediyinizdən tutmuş geyindiyinizə qədər onlar qərar verirlər. Evinizdəki əşyaları neqativ enerji , pozitiv enerji adıyla bölüb, ehtiyacınız olmayan şeyləri sizə satırlar. Görmürsüz, amma bu yolla əlinizdəki maddi gücü də öz istədikləri yönə çəkirlər. Üçüncü pərdə bitərkən, dördüncü pərdədə sizi missionerlərliyin zəfəri gözləyir.

Dördüncü pərdədə siz artıq tamamilə onların oyuncağına çevrilirsiz, başlarda bütün dini propaqandadan uzaq görünən, təkcə təmizlənmə və rahatlıq vəd edən təlimin oyuncağısız artıq. Əvvəlki pərdələrdə öyrədilən kimi, artıq qıraqdakı bütün insanlar sizə çirkablı görünür, ailə üzvləriniz, doğmalarınız, illərlə bir evi, bir iş yerini bölüşdüyünüz adamlar. Onların sizin üçün travmadan başqa bir şey olmadığına inandan sonra onların da sizinlə işi bitir. Dörd pərdəli bir tamaşayla ruhani təmizlik üçün çıxdığınız yolda mənəvi boşluğa düşür və sizə travma kimi göstərilsə belə əslində həyatınızın özəyi olan adamlardan uzaq çöküşə tərk edilirsiz. 

İndi bir neçə sualı təkrarlayıb, sizi bu kiçik yazı ilə baş-başa buraxıram...

Ruhani rahatlığı harda axtarıb tapmadız ki, belə oyunlara ehtiyacınız oldu?

Sağlamlığa yaxşı təsir göstərən bir təlimdirsə, lisenziyası hanı?

Əgər doğrudan da ruhani azadlıq maddi resurslardan xilas olmaqla olursa, sizdən niyə pul alırlar təlim üçün?

 

“Ədəbiyyat və incəsənət”

(26.07.2024)