“Başımın qara buludları, saçlarımın ağı oğullarım...” - İKİ OĞLUNU ŞƏHİD VERƏN ZEYNƏB ANANIN AĞISI Featured

Rate this item
(1 Vote)

Aida Eyvazlı, “Ədəbiyyat və incəsənət”

 

Əmanət etmişəm sənə oğlumu,

Birini almısan, birinə dəymə

 

Naftalana gedirik... 

Həmişə olduğu kimi aprel ayında səfərlərimiz şəhid ailələrini ziyarət olur. Bu dəfəki yol yoldaşlarım 2016-cı ilin aprel ayında şəhid olan Müşfiq Orucovun anası Aygün xanım və Lələtəpədə şəhid olan kəşfiyyat idarəsi rəisi, polkovnik Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundovadır. 

 

Yolu qısaldan söhbət olar. Sözümüz-söhbətimiz isə aprel günlərinin üstündə köklənir. Aygün xanım kədərli halda deyir:

-Naftalan mənim gözümə dağdır, lakin indi Zeynəb ananın hörmətinə gedirəm. Müşfiqin andiçməsi, əsgərliyi də bu Naftalanda keçdi. İlan mələyən yerlər idi. Gəlirdim balamı görməyə... Döyüşə də buradan getdi balam, qayıtmadı...  Naftalan əslində gözümdə qandır... Buranın yollarında Müşfiqli xatirələrim ağlayır...

... Ananın sözləri  bağrımızı yandırır... Özünü bütün məclislərdə ağır aparan, şəhid adına ləyaqəti ilə, vüqarı ilə hörmət gətirən Aygün müəllimə adətən heç yerdə dinib-danışmır. Heç vaxt şəhid anası statusundan, şəhid adından istifadə etmir. Dərdini yaralı könlünün gizlinində tək çəkir.

Bakıdan Naftalana qədər olan şüşə kimi yollarla gəlib Zeynəb bibinin evinə çatırıq. Onun yaşadığı binanı burada tanımayan yoxdur. Beşmərtəbəli binanın baş tərəfində eninə boyuna iki şəhid qardaşın böyüdülmüş şəkil-lövhələri asılıb. O qədər gözəldirlər ki, simaları bu köhnə binaya yaraşıq verir. Bu şəhərə gəlib -gedən hər kəs o şəkillərin qarşısında dayanıb baş əyir.

Bu iki gözəl oğlan, iki qardaşdan birincisi  -Mehman Dilqəm oğlu Bayramov 21 yaşında 1992-ci ildə şəhid olub. O şəhid olanda qardaşlardan ikincinin - evlərinin sonbeşiyi Vaqifin 13 yaşı var idi. Vaqif Dilqəm oğlu Bayramov isə 2016-cı ilin aprel ayının 5-də şəhid oldu. Vaqifin 37 yaşı var idi.

Qarabağ müharibəsində Naftalan şəhəri Vətən torpaqlarının azadlığı uğrunda 35 şəhid verib. O şəhidin 2-si Bayramovlar ailəsinin evindən gedib.  İki qardaşın şəhadəti arasında fərq 24 ildir. Vaqif hərbi seçmişdi ki, nə vaxtsa qardaşının qisasını alsın.

Beşmərtəbəli evin 4-cü mərtəbəsinə qalxırıq.  Fikirləşirəm ki, görəsən Zeynəb bibi bu pilləkənləri də düzgün tökülməyən blokun 4-cü mərtəbəsinə o ağrılı ayaqları, ağrılı ürəyi ilə necə qalxıb –düşür?

Mən bu evə 2017-ci ildə- Aprel döyüşlərindən bir il sonra, şəhidlər haqqında kitabımın ikinci cildini yazanda gəlmişdim. O gündən Zeynəb anaya bağlandım. Şeirləri  ilə, sözü-söhbəti, dünyagörüşü, mərdliyi, cəsarəti ilə ovsunladı məni.

Yenə də, həmişəki kimi gülərüzlə qarşıladı qonaqlarını.  Günorta saat 1-də Naftalan qəbristanlığına, şəhidlərimizin ruhunu  yad etməyə getdik. Şəhər qəbristanlığında uyuyan Şəhdləri yad etməyə xeyli adam gəlmişdi.  Zeynəb ana əlindəki əsa ilə oğlanlarının və anasının uyuduğu məzara yaxınlaşdı. Daşa dönmüş iki oğulun qarşısında dayandı :

-Bilmirəm ki, hansınızı ağlayım... Mehmanımın nişanəsi qalmadı, Vaqifimin üç nişanəsinin könlünü ala bilmirəm...  Nəfəsimi kəsən oğullarım, belimi bükən, şax qamətimi əyən balalarım... baharımı qışa döndərənlərim, yazımı yağışa çevirənlərim... Başımın qara buludları, saçlarımın ağı oğullarım...

...Şəhidlərimizi ziyarət edəndən sonra, Vaqifin vaxtı ilə təhsil aldığı  İ. Nəsimi adına 1 nömrəli tam orta məktəbin şagirlərinin hazırladıqları ədəbi-bədii kompozisiyaya tamaşa etdik. Zeynəb Bayramova çıxışını özünün qələmə aldığı şeri ilə başlayır:

 

Bir Aprel dünyanın aldatma agünü,

Göz açdın dünyaya bu yaz səhəri

Həkim təbrik etdi, oğlun olubdur.
Gülürdü atanın qara gözləri.

 

Neçəsi muştuluq istədi ondan,

Neçəsi aldatdı həmin gün onu.

Bundan incimədi, güldü sevincək,

Dedi xeyir olsun hər işin sonu.

 

İllər  ötüb keçdi 21 oldu
İyulun 1-də aldı bəd xəbər.

 

Vətəni çox sevən igid Mehmanım,

Vətəni uğrunda canından keçdi.

Bir aprel- bu fani dünyaya gəldi,

Bir iyul - əbədi dünyaya köçdü.

 

Sonra deyir:

-Mən bu şeri Mehmanım üçün yazmışdım. Mən bilmirdim ki, hələ bu dünyanın 2016-cı ilinin də apreli var. Mən aprel ayını sevmirəm. Vaqifi son dəfə Mehmanın doğum günündə 1- apreldə gördüm. Bu bizim sonuncu görüşümüz oldu. Həmin gün evdə çox qonaq olduğundan, oğlum yola düşəndə, onu qucaqlayıb yola salmağa imkanım olmadı. Bəlkə də mən onu qoxlayıb yola salsaydım, ona heç nə olmayacaqdı... Elə bilirdim ki, nəfəsim onu qoruyur. Oğlumun nəşini 10 apreldə ala bildik. 1992-ci ildə Mehmanımın tabutunu qarşılayıb, bir gecə evimdə qonaq saxlamışdım, qucaqlayıb doyunca öpmüşdüm balamı... Vaqifimi isə mənə gösərmədilər. Vaqifimi dəfn edəndə özüm məzarına düşdüm. Kəfənə bükülmüş balamın boynuna saldım qolumu, dedim, məni də onunla birlikdə basdırın. Kəfənin üstündən təpədən dırnağa qədər öpdüm-öpdüm... doymadım ki... ana balasından doyarmı??? Mən indi yaşamıram ki... Vaqifsiz yaşamaq çox ağırdır. Nəfəsim çatmır. 2 metr hündürlüyündə boyu olan iki xan çinar kimi oğul vermişəm torpağa. Mart ayı gələndə hamı sevinir ki, yaz gəlir... Mən isə mart ayından da qorxuram... Çünki martdan sonra aprel gəlir... İndi mənim əri və oğlu aprel döyüşlərində şəhid olan qonaqlarım var. Ərinin şəhid adını uca tutan bütün gəlinlərin qarşısında baş əyirəm. Övladları şəhid olan bütün analrın qarşısında baş əyirəm ki, belə oğulların dünyaya gətiriblər.

 

Zeynəb ana ürək sözlərini deyəndən sonra, şəhid yadigarları Nəcibə Axundova və Aygün Məmmədli də çıxış etdilər. Şəhid polkovnik Sənan Axundovun xanımı Nəcibə Axundova dedi: “...Belə düşünürəm ki, bizim şəhidlərimizin Tanrı dərgahında ruhları şaddır. Bu gün Qarabağ azaddır. Mən baxıram ki, Vaqifin nişanəsi olan üç gözəl balası böyüyür. Ümid atasının adına həsr olunan anım mərasimində şer söylədi. Adı kimi, özü də Ümiddir. Mənim həyat yoldaşım, iki övlad atası  Sənan Axundov kəşfiyyat idarə rəisi idi. İndi onun yerində oğlu böyüyür. Oğlum hərbi cərrah təhsili alır. Dönüb Vətənə xidmət edəcək. Polkovnik itirmişik, inşallah bir də general böyüdərik”.

Müşfiq Orucovun anası  Aygün xanım Məmmədli  çıxışında qeyd etdi:- Qarabağı görməyən, Qarabağı kitabdan- dəftərdən tanıyan oğullar, 90-cı illərdə dünyaya gəlmiş oğullar şükür ki, Qarabağı azad etdi. Zəfərə aparan yol apreldən başlayır. Bunu hamı bilir. Zəfəri ilk dəfə bal kimi bizə dadızdıran Vaqif kimi, Müşfiq kimi oğullar oldu. Mənim oğlum Müşfiq Naftalanda hərbi xidmət keçib. Bəlkə də elə mayor Vaqif Bayramovun əsgəri olub... Bütün şəhidlərimizin ruhu şad olsun, zəfər çaldıq, düşməni  yuvasına otuzdurduq. Dünyanın gözü kor olsun ki, bizim Zəfərimizlə, sülhümüzlə barışmaq istəmir, düşmənlərimizə kömək etməkdə israrlıdırlar. Ancaq bu vətən, bu dövlət yaşadıqca yaşayacaq, Vətənimizin qeyrətli oğulları- Vaqif kimi, Sənan kimi, Murad kimi, Samid kimi, Müşfiq kimi minlərlə şəhidi olan dövlət yəqin ki, heç vaxt basılmaz. Düşmən bizə, bizim iradəmizə heç vaxt qalib gələ bilməyəcək.”

 

Zeynəb bibi tədbirin rəsmi hissəsindən sonra, ehsan süfrəsinə dəvət edir qonaqları. Axşamüstü yenə Zeynəb bibi və Dilqəm dayının 4-cü mərtəbədəki pilləkəni yönsüz mənzilinə qalxırıq. Zeynəb bibinin övladları Polad, Ədalət və Məlahət, gəlinləri və nəvələri də gəlib bizimlə otururlar. Yarım saatdan sonra Məlahət xanım, Polad və Ədalətin ailəsi bizimlə sağollaşıb gedirlər.

Dördümüz qalırıq. Zeynəb bibi, Aygün müəllimə, Nəcibə müəllimə və mən. Xatirələr xatirəyə, söhbətlər söhbətə calanır. Hər kəs öz şəhidini yad edir. Ailə-gəlin münasibətlərindən danışlır. Zeynəb bibi deyir ki, şəhid adına verilən vəsaitin bir qəpiyini də götürmür. Hamısını Vaqifin balalarına yönəldibdir. Bizdən böyük olduğundan biz daha çox Zeynəb ananın xatirələrinə köklənirik. Bu xanım ana oğlu şəhid olandan sonra işləməyib. Ana ilk dəfə oğlu Mehman şəhid olandan sonra şeir yazıb. Tanrı onun iztirablarını, ağrılarını ovutmaq üçün belə gözəl məqam verib, indi ürəyi oğul həsrətindən, oğul dərdindən aşıb-daşanda qələmə sarılır, kağıza yoldaş olur.

1992-ci ildən Zeynəb ana cəbhə bölgələrinə gedir, əsgərlər üçün bişirdiyi qazab-qazan yeməkləri Mehman aparıb kazarmada və ya səngərdə könüllülərə, döyüçülərə verirdi. Mehman özü də könüllü kimi getmişdi döyüşə. Lakin torpaq, vətən qeyrəti onu səngərdən evə gəlməyə qoymurdu. Bir gecə isə üçrəngli bayrağa bükülmüş tabutunu gətirdilər.

... Oğul dağını ürəyində gəzdirən ana o gündən sonra toya getmədi, başına xına qoymadı. Əl götürüb oynamadı.  Qardaşının qisasını almaq istəyən Vaqif Naxçıvanski adına hərbi məktəbi bitirdi. Hərbi təhsilini davam etdirdi. İllər keçəndən sonra müdafiə nazirliyinə məktub yazıb, könüllü ön cəbhəyə getdi. Bütün ömrünü ön cəbhədə keçirdi...  2016-cı ildə hərbi hissədə siyasi işlər üzrə hərbi hissə komandiri idi. Aprel döyüşlərinin getdiyi vaxt dostlarına  göndərdiyi videogörüntüdə deyir ki: “Ordumuz irəliləyir, belə getsə torpaqlarımızı alacağıq, əgər dayandırmasalar Xankəndinə qədər gedəcəyik...”.

O döyüşə hər kəs inamla yollanmışdı. Aprelin 1-dən 2-nə keçən gecə Ali Baş Komandan İlham Əliyevin televiziya ilə xalqa müraciətini hər kəs yaxşı xatırlayır. İlham Əliyevi heç vaxt belə qəzəbli və narahat görməmişdik. O, qoruduğumuz mövqelərimizin ermənilərin yenə də təxribata əl atdıqlarını, bir neçə cəbhə və sərhəd bölgəsindən mövqelərimizi yenidən atəşə tutulduğunu elan edərək bildirmişdi ki, düşmənin cavabı veriləcək. Aprelin 5-nə qədər gedən döyüşlər, əsgərlərimizin iradəsi və Lələtəpə yüksəkliyinin alınması yeni bir tarix oldu. Lakin böyük güclər və ermənilərin tərəfdarları  ordumuzu döyüşü dayandırmağa vadar etdi...

Sonra biləcəkdik ki, 2-5 aprel günlərində Ordumuz iradə nümayiş etdirdi, bu təxribata cavab vermək həm də düşmənin qarşısında sınaq döyüşü imiş. Bu əməliyyatın səsi isə bütün dünyaya yayıldı. Hər kəs Azərbaycan oğullarının və ordusunun gücünə bələd oldu.

Aprelin 5-dən sonra düşmənin nəzarətində olan və ya neytral zonalar sayılan ərazilərdə vətən torpağı uğrunda şəhid olan balalrımızın nəşi qalmışdı... Buradan o tərəfini Zeynəb ananın öz dediyi kimi yazıram:

-Mən Vaqifi sağ bilirdim. Deyirdilər ki,  mühasirədədir. Gələcək. Yalnız aprelin 6-da qara xəbərini aldım. Dedilər ki, ermənilər onun cansız bədənini götürüblər. Qırmızı Xaç cəmiyyətinə, Təhlükəsizlik Xidmətinə - əlim çatan hər yerə yazdım. Aprelin

10-u gecə vaxtı balamın tabutunu gətirdilər...  Onun üzünü açmağa qoymadılar.  Vaqifi  Mehman kimi öpüb-oxşaya biulmədim. Ona görə bu gün də inanmıram onun yoxluğuna. Elə bilirəm ki, gələcək. Balamın tabutu gələnə kimi gecə-gündüz Allaha yalvarırdım.

 

HAŞİYƏ: Zeynəb ananın “Allaha yalvarış” adlı şeiri var, o deyir:

 

Mən sənə heç zaman şübhə etmədim,

İlahi sən mənim balama dəymə!

Nə qədər yandırdın, asi düşmədim.

Bir də insaf eylə, balama dəymə!

 

Mehmanın dərdinə dözə bilmirdim,

Vaqifin dərdini mən necə çəkim?

Əmanət etmişəm sənə oğlumu,

Birini almısan, birinə dəymə.

 

Vaqif həyatımdır, həm də nəfəsim

Nəfəssiz yaşamaq çətindir çətin.

Belimi sındırdın, qəddimi əydin

Ey qadir Allahım balama dəymə…

 

Deyirlər ki, Tanrı dərdi onu çəkə bilənə verir… Zeynəb bibi həmin payızda top və atəş səslərini izlədi. Onun evinin eyvanından  döyüş gedən ərazilər görünür. 44 gün ananın gözlərinə yuxu getmədi… İndi o bilirdi ki, şəhidimiz apreldə olduğundan daha çoxdur. İndi ana dizlərində taqət, ürəyində güc tapıb bizə zəfər qazandıran şəhidlərin analarının, ailələrinin yanında oldu. Dərdli dərdlini yaman anlayar. Dilləri bir, sözləri bir, yaraları bir olar… Zeynəb ana  general Polad Həşimovun anası Səmayə ana ilə də tanış oldu. Bu zaman məlum oldu ki, sən demə Vaqif Bayramov aprel döyüşlərində general Polad Haşımovun tabeçiliyində  xidmət edib. General haqqında çəkilən bir sənədli filmdə polkovnik Eldəniz Sadıqov  korpus komandiri Polad Həşimovun aprel döyüşlərində xüsusi şücaət göstərməsindən danışır və qeyd edir ki, aprel döyüşlərində nəşi düşmən tərəfdə qalan mayor Vaqif Bayramovun ermənidən alınmasında birbaşa general özü iştirak edir. Generala xəbər çatanda ki, hərbçisi öz əsgərlərini  mühasirədən xilas etmək üçün gedir və Talış tərəfdə qalır, mühasirədən çıxa bilmir. Lakin onun geri qayıtmadığını görən korpus komandiri deyir ki, elə qeyrətli komandiri erməninin əlində qoya bilmərəm. Tankı ermənilərin yaxın mövqelərinə tərəf sürdürüb, düşmənin postunu nişan alır. Deyir: “... Ya mayorumun sizdə olub-olmadığıını deyirsiniz, ya da mövqenizi darmadağın edəcəyik.”

Düşmən tərəf ondan yarım saat vaxt istəyəndə, deyir ki, 2 dəqiqə vaxt verirəm. Bir az keçmiş ermənilər razılığa gəlirlər ki, Vaqif Bayramovun nəşi təhvil veriləcək...  Danışıqlardan sonra onun nəşini 10 apreldə neytral zonadan götürmək olur.

Onun necə həlak olmasını isə illər sonra dostlarından biri anaya danışır. Zeynəb ana həmin hadisəni belə danışır:  “...Vaqif gedir ki, əsgərləri Şulan Bayramovu və Ulvin Məmmədovu mühasirədən çıxarsın. Özü də mühasirəyə düşür. Vəziyyətin yaxşı olmadığını görəndə, tabe olduğu hərbi hissədən kömək istəyir. Hərbi hissə komandiri ona kömək göndərmir. Deyir ki, səni heç kim məcbur etməmişdi ki, əsgərlərin dalınca gedəsən. Əksinə,

Vaqifin koordinatlarını düşmən tərəfə ötürür. Həmin adam “Tərtər hadisələri” cinayət işində həbs olundu. Oğlumu və digər hərbçiləri satan satqın, Vaqifin yasında da iştirak etmişdi. Özü demişdi ki, Vaqif ona hər zaman kömək edib, rütbə almaqda da kömək edib. Oğlumun düşmən tərəfdə qalması xəbərini eşidəndə sevinir komandiri... Sonradan bildim ki, bir dəfə Vaqif onun bir xahişini yerinə yetirməyib. Deyib ki, mənim zabit şərəfim var...  Bunu da mənə oğlumun hərbçi dostu danışdı. Bu məlun fürsət gözləyirmiş ki, Vaqifdən qisas alsın...”.

- Vaqif ayağından yaralanandan sonra, ratsiya ilə hərbi hissəyə xəbər verir ki, parolu dəyişsinlər... Balamın cansılz bədəninə baxış keçirən məhkəmə-tibb ekspertləri deyiblər ki, Vaqifin ayağı yaralanıb və bir də ki, çənəsinin altından üzü yuxarı güllə ilə vurulub. Həkimlərin gəldiyi qənaət belə olub ki, düşmən belə yaxın məsafədən atmayıb onu. Düşmənin atdığı güllə ayağına dəyib, sonra isə ələ keçməmək üçün özü özünü vurub. Vaqifim belə qeyrətli oğul idi.

Böyük qardaşı Ədalət onun cəbhə bölgəsinə, ön xəttə getməyə çox canfəşanlıq etdiyini görüb deyir ki, ay qardaş, bir az ehtiyatlı ol, düşmənlə üz-üzə qalarsan, sonra neyləyərsən, axı təkbətək qalanda bacara bilməzsən. Vaqif isə deyib ki, son gülləmə qədər döyüşərəm, gücüm çatmasa belə, dişlərimlə damarımı çeynəyərəm, lakin ələ keçmərəm...  Balam öz taleyini elə özü yazıbmış...”.  

 

Zeynəb ana bu xatirələri danışanda ağlamırdı, sadəcə hərdən nəfəsini dərib, dərindən ah çəkirdi. İndi taleyi ilə barışıb Zeynəb ana...

Ana deyir ki, iki oğul dərdini nisbətən yüngülləşdirən məqam isə 44 günlük döyüşün sonundakı Zəfər və Şuşanın alınması oldu. Mənfur düşməndən qisas alınmışdı. Hələ Şuşa alınmazdan əvvəl Zeynəb ana bu zəfərə inanırdı. Mən özüm həmin günlərdə tez-tez onunla əlaqə saxlayırdım. Deyirdi ki, Şuşanı alan, bayrağımızı yeni alınmış şəhərlərə sancan əsgərlərə, qəhrəmanlara öz pensiyamdan  pay göndərəcəm. Alınmış şəhərlərə bayraq asan beş qəhrəmana ana pay göndərdi.

Zeynəb ana şəhid oğullarının adını yalnız Vətən adına, qələbə adına olan tədbirlərdə çəkir. O hökumət qapılarını döyərək oğlanlarının adı üstündə kimsəni narahat etmir. Deyir ki, dövlət Vaqifin  balalarına qayğı göstərir, Mehmanımın isə bir nişanəsi qalmadı axı...

 

…Səhər Bakıya yola düşürük. Aygün müəllim Bayramovların evi ilə üzbəüz olan Şəhidlər xiyabanına gedir. Orada monumentin bir qanadının qarşısında dayanır. Əvvəlcə əllərini çəkir qara daşa, sonra həmin qara mərmər daşı öpür. Sonra əsgər kimi farağat dayanır. Deyir belə şəklimi çəkin. Sonradan bilirik ki, sən demə 2016-cı il martın 31-də Azərbaycanlıların soyqırımı günündə Naftalanda hərbi xidmət keçən oğlu Müşfiq Orucov nümunəvi əsgər kimi buraya hərbi hissə adından əklil qoyubmuş. Həmin şəkli də bizə göstərir ana. Sonra əlavə edir ki, çox istəmişdim ki, oğlumun ayağının izi qalan bu yerlərə gəlim, deyirdim bəlkə ətrini ala bilərəm. Lakin gəlməyə ürək eləmirdim. Lakin indi ürəyim rahatladı... Oğlumun ayağı dəyən, xatirələri qalan hər yer mənə həm doğma, həm də yaddır. İz-iz, səs-səs axtarıram balamı... Mən ondan heç doymadım ki... Elə gözəl arzuları var idi ki... Test üsulu ilə 700 bal yığıb universitetə qəbul olmuşdu... Arzuları çiçək açmadı Müşfiqin...

 

Aprel döyüşləri zamanı həlak olan şəhidlərin adı ilə çıxdığım yolda, ləyaqətli şəhid anaları və xanımlari ilə də tanış oldum. Aprel döyüşləri bizim düşmən üzərində çaldığımız Zəfərin ilk müjdəsi idi. Düşmən üzərində qələbə inamını bizə Aprel şəhidləri verdilər. Dünya Azərbaycan Ordusunun gücündən, Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin iradəsindən xəbərdar oldu. Vaqif kimi neçə oğul arzulayırdı ki, bayrağımız Xankəndində dalğalansın. Onların heç biri   Xankəndi zəfərini görməsə də, indi ruhları bu şadyanalığı görür, o bayrağın başına dolanırlar.

 

“Ədəbiyyat və incəsənət”

(30.04.2024)