Nəşriyyatların inkişafı üçün nə etməli - FORUMDAN SONRAKI QƏNAƏT Featured

Rate this item
(0 votes)

Xəbər verdiyimiz kimi, ötən həftəsonu ölkəmizdə ilk dəfə Naşirlər forumu - Azərbaycan Naşirlərinin I Forumu keçirilib. ANAİB-in təşkilatçılığı ilə baş tutan tədbirin direktivlərini öyrənmək üçün “Ədəbiyyat və incəsənət” pprtalı ANAİB İdarə Heyətinin sədri, fil.f.d., dos. Şəmil Sadiqə müraciət edib və aşağıdakı bilgiləri alıb: 

 

Azərbaycan Respublikasının Prezidenti canab İlham Əliyevin rəhbərliyi altında sosial-iqtisadi liberallaşmaya aparan islahatlar dərinləşir, kiçik və orta sahibkalığın maraq və mənafelərinin qorunması üçün çoxyönlü addımlar atılır. Bu məqsədlə, bütün dünyada olduğu kimi, ölkəmizdə də ictimai təşkilatların fəaliyyətinə geniş meydan verilir. Belə ki, müxtəlif sahələrdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları dövlətə dəstək olur, ölkədə elm, iqtisadiyyat və mədəniyyətin inkişafına öz töhfəsini verir.

Belə sahələrdən biri də kitab sektorudur. Şübhəsiz, elm, təhsil və ədəbiyyatın inkişafında, kütləvi xarakter almasında kitabın rolu əvəzsizdir. Alim və ədiblərin yaratdığı intellektual, mənəvi dəyərlər məhz kitab vasitəsilə geniş kütlələrə çatdırılır. Lakin təəssüflə qeyd etmək lazımdır ki, hazırda ölkədə kitabçılığın inkişaf arealı olduqca məhdud və lokaldır.

Bu baxımdan, “Azərbaycan Nəşriyyatları Assosasiasiyası” olaraq kitab sənayesinin inkişafı üçün nəzərdə tutduğumuz bir sıra məsələləri diqqətinizə çatdırmaq istərdik.

 

1. Azərbaycan ədəbiyyatının dünyada tanıdılması.

Azərbaycan ədəbiyyatının müxtəlif dillərdə nəşri və tanıdılması üçün dəstək fondunun yaradılması, bütün xarici nəşriyyatlara bu fondun tenderlərində iştirak etməsi üçün lazımi şəraitin yaradılması ədəbiyyatımızın inkişafı üçün çox vacibdir. Dünyanın əksər ölkələrində bu cür şəffaf qurumlar var və onlar milli ədəbiyyatlarını beynəlxalq miqyasda təbliğ edir, bununla öz ölkələrinin  tanıdılmasına və imicinin yüksəldilməsinə xidmət göstərmiş olurlar.

 

2. Gənc yazıçıların stimullaşdırılması.

Ölkədə kitab sektorunun inkişafını ləngidən bir sıra problemlər var ki, onlardan biri də gənc istedadlı yazarların əsərlərinin nəşri ilə bağlıdır. Söhbət yalnız bədii deyil, həm də elmi əsərlərin müəlliflərindən gedir. Məlumdur ki, gənc yazarı oxucu auditoriyasına tanıtmaq nəşriyyatdan böyük marketinq xərcləri tələb edir. Kitab tirajlarının çox aşağı olduğu bir dövrdə ayrı-ayrı nəşriyyatlar üçün bu yükün altına girmək çox çətindir. Ona görə də gənc yazarların əsərlərinin qiymətləndirilməsi və nəşri üzrə uzunmüddətli dövlət layihəsinə ehtiyac var. Bu yalnız nəşriyyat sektoru üçün deyil, həm də müasir elmimizin və milli ədəbiyyatımızın inkişafı üçün vacib məsələdir.

 

3. Paytaxtda və bölgələrdə kitabın təbliği.

Bu gün Azərbaycan oxucusu kitab əldə etməkdə ciddi çətinlik çəkir. Bir çox bölgələrimizdə kitab mağazaları yoxdur, çünki ərzaq, geyim, inşaat və digər mağazalarla müqayisədə kitabçılar üçün mövcud icarə haqlarını ödəmək imkansızdır. Dövlət kitabxanalarının yeni nəşrlərlə təminatı da arzu olunan səviyyədə deyil.

Bu problemin həlli ilə bağlı bir neçə istiqamətdə layihələrin işlənib hazırlanmasına ehtiyac var:

-Bakıda və regionlarda mütəmadi kitab sərgi və yarmarkalarının təşkili;

-Kitab mağazalarının fəaliyyətə başlaması üçün güzəştli kreditlər və müəyyən dövr üçün vergilərdən azadolunmanın tətbiq edilməsi;

-Dövlət kitabxanalarının aktivliyinin təmin edilməsi və onların nəzdində kitab satış məntəqələrinin yaradılması;

-Metrolarda və şəhərin müxtəlif yerlərində kitab köşklərinin yaradılması, bərpa olunması;

-Paytaxtın mərkəzinə yaxın bir yerdə kitab alış-veriş mərkəzinin yaradılması.

 

4. Uşaq mütaliəsinə dəstək.

Bu gün dövlət məktəb kitabxanalarında kitab fondunun böyük bir hissəsini 15-20 il əvvəl dövlət sifarişi ilə nəşr olunmuş kitablar təşkil edir. Araşdırma aparan və ya mütaliə etmək istəyən şagirdlər öz məktəb kitabxanalarında maraq dairələrinə uyğun kitab tapa bilmirlər. Halbuki son illərdə nəşriyyatlarımız kiçik yaş qrupları üçün çoxlu sayda bədii və elmi-kütləvi kitablar nəşr etmişlər. Təhsilin səviyyəsi yalnız dərslik və dərs vəsaitləri ilə ölçülə bilməz. Mütəliə uşaqların dünyagörüşünün, söz ehtiyatının və mənəvi dəyərlərinin formalaşması üçün vacib amildir. Bunun üçün isə kitabxana fondlarının yenilənməsi və uşaq mütaliəsinin stimullaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə ciddi ehtiyac duyulur.

 

5. Kitabların reklam-tanıtma işinə dəstək verilməsi.

Məlumdur ki, bu gün ölkəmizdə kitab az gəlirli sahə hesab olunur. Bunun bir səbəbi də nəşriyyatların zəruri reklam və marketinq xərclərini qarşılaya bilməməsidir. Kitab sektoru reklam bazarında digər sahələrlə ayaqlaşa bilmir. Lakin nəzərə alaq ki, kitabçılıq, sadəcə, biznes sektoru deyil, həm də maarifçilik və ideologiya məsələsidir. Cənab Prezident də bunu nəzərə alaraq kağızın və kitabın  ƏDV-dən azad edilməsi ilə bağlı sərəncam imzaladı. Kitab təbliği ilə bağlı televiziya və radio kanallarında silsilə verilişlərin təşkil olunması, kitab reklamının sosial reklam statusu alması kitab sektorunun inkişafı üçün böyük dəstək olardı.

 

6. ISBN və hollaqram.

Bu gün Azərbaycan naşirlərinin qarşılaşdığı problemlərdən biri də ISBN və hollaqramların əldə edilməsidir. Bildiyiniz kimi, ISBN verilməsi özəl təşkilatın səlahiyyətindədir və bir kodun qiyməti 20 manatdır, hollaqramı isə Azərbaycan Dövlət Müəllif Hüquqları Agentliyi satır, onun da bir kitab üçün qiyməti 0,15 azn-dir. Bu qiymətlər dünya kitab bazarındakından ən azı 10 dəfə bahadır. Hətta bəzi ölkələrdə ISBN naşirlərə ödənişsiz verilir. Düşünürük ki, Mədəniyyət Nazirliyi bu məsələni nəzarətə götürərək daha uyğun bir variant təqdim edə bilər ki, bunun da qarşılığında nəşriyyatların dövlət kitabxanasına verməli olduğu kitabları daha ciddi izləmək olar, həmçinin də kitab bazarının rəsmi fəaliyyətini şərtləndirər. Bu həm də çap edilən kitabların statistik məlumatlarının əldə edilməsinə ciddi kömək edər.

 

7. “Naşirlər Günü”nün təsis edilməsi.

Nəşriyyat işi ilə məşğul olan naşır, redaktor, tərcüməçi, rəssam, dizayner, korrektor kimi peşə sahiblərinin zəhmətinin dəyərləndirilməsi üçün rəsmi olaraq “Naşirlərin peşə bayramı” kimi bir günün təsis edilməsi, bu sahənin insanlanna xüsusi adlar, dövlət mükafatlarının təqdim edilməsi ömrünü bu yolda həsr edənlərə böyük stimul olar.

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2024)