Respublika Gənclər Kitabxanası 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündə Featured

Rate this item
(0 votes)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Dünən Azərbaycan xalqının ömür təqviminin daha bir qara səhifəsi idi. Amansızlığına və miqyasına görə bəşər tarixinin ən qanlı faciəsi olan 31 Mart –Azərbaycanlıların Soyqırımı Günündən 106 il ötürdü. Təbii ki, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının da bu günlə bağlı təbliğat-təşviqat planları var idi. Burada soyqırım günü ilə əlaqədar silsilə materiallar-elektron məlumat bazası, ənənəvi və virtual kitab sərgisi hazırlanmışdı. Axı biz tariximizi nə qədər ki, dərindən bilməyəcəyik, ona səthi yanaşacağıq, öz bugünümüzü, sabahımızı da düzgün müəyyənləşdirə bilməyəcəyik. Xüsusən, gənc nəslə çatdırılası çox mətləblər vardır. Elə Gənclər Kitabxanasının da missiyası budur.

 

Elektron məlumat bazasında diqqət edib görürük ki, bazada 31 Mart hadisələrinin tarixinə xronoloji ardıcıllıq ilə nəzər salınır, soyqırımın acı nəticələri haqqında tarixi faktlar, rəsmi sənədlər təqdim edilir.

Məlumat bazasında Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanında bu hadisələrə siyasi qiymətin verilməsi və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalmasının ilk dəfə rəsmi sürətdə bəyan edilməsi və 31 Mart Azərbaycanlıların Soyqırımı Gününün  hər il ölkəmizdə dövlət səviyyəsində qeyd edilməsi haqqında məlumat, Prezident İlham Əliyevin Quba Soyqırımı Memorial Kompleksinin açılışında söylədiyi nitqin tam mətni təqdim edilir.

Kitabxana əməkdaşları tərəfindən səylə hazırlanmış elektron məlumat bazasında Mart hadisələrinin yer aldığı bədii əsərlər haqqında məlumat verilir, bu mövzuda qələmə alınan kitab və dövrü mətbuat məqalələri təqdim edilir. Elektron bazada Soyqırım hadisələrinə həsr edilən “Soyqırım yaddaşlarda”, “Kütləvi repressiyalar”, “Filmoqrafiya”, “Foto və videoqalereya”, “Virtual kitab sərgisi ” bölmələri də mövcuddur.

“31 Mart unudulmayan tarix” adlı virtual kitab sərgisində “31 Mart tariximizin faciəli səhifəsi”, “Şamaxı qəzasında Azərbaycan xalqına qarşı soyqırım”, “Şamaxı: 100 il “Tam məxfi qrif”i altında”, “1918. Azərbaycan qırğınları şəkil və sənədlərdə”, “Qanlı günlərimiz” kimi kitabların qısa annotasiya ilə yanaşı dövrü mətbuat nümunələri də sərgilənir.

Şəxsən mən bilmədiyim çox şeylərdən hali oldum. Fürsətdən istifadə edərək oxucularımı bildirmək istəyirəm ki, “31 Mart –Azərbaycanlıların Soyqırımı Günü” adlı elektron məlumat bazası və “31 Mart unudulmayan tarix” adlı virtual kitab sərgisi ilə tanış olmaq istəyirlərsə, kitabxananın rəsmi saytında bu linklə keçid edə bilərlər:

 

https://ryl.az/melumat-bazalari/Mart_Soyqirimi_el_melumat_bazasi/index.html

https://ryl.az/multimedia/31-mart-unudulmayan-tarix

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(01.04.2024)