“XAN” nəşriyyatının 10 yaşı tamam oldu Featured

Rate this item
(0 votes)

Azərbaycan nəşriyyatçılığında öz yeri və çəkisi olan XAN nəşriyyatının 10 yaşı tamam oldu. Bu münasibətlə nəşriyyatın direktoru Səbuhi Şahmursoyun yazısını sizlərə təqdim edirik. 

Nəşriyyatın missiyası nədir? Hansı əlamətdar işlər görüb? Niyə məhz XAN? 

Tələsməyin, bütün suallara cavab alacaqsınız. 

 

İlk yazı, heroqlif, daş lövhəcik, lələk, mürəkkəb, perqament, “Xəmsə”, 1440-cı il, Qutenberq, samizdat, “Voyniç əlyazmaları”, makulatura, “əvvəl yazıçı olum, sonra yazmağı öyrənərəm”, minlərlə ağacın kəsilməsinə etiraz, PDF...

Bu açar sözlərin hər biri zaman şkalasının cüzi qismini xatırlatsa da, bəşər tarixinin nəhəng dövrü üçün əhəmiyyətli anlayışlardır. Bunların arasında minlərlə irili-xırdalı başqa açar sözlər də var, hər birinin vəzifəsi cəmi bir nəsnənin yaşaması üçün yalnız pazl rolunu oynamaqdır: KİTAB.

Kitab dünyanın dərki mövzusunda istənilən informasiyanı nəsildən-nəslə ötürən akkumulyasiya bazasıdır. Kitab inqilabdır, kitab bizə həm inanc bəxş edən, həm də inancımızı sorğulayandır. Kitab əmrin simasıdır, necə yaşayacağımızı göstərən qanundur. Tarixdir, sevgidir, haqq-hesabdır... Kitab bəşərin yaddaşıdır.

Kitaba sevgimin yaşını bilmirəm: elə sanıram, min ildir. Amma xatırlayıram ki, nə vaxtsa atamın kiçik rəfə sığışdırdığı qalın üzlü kitablarına balaca əllərimi sürtərkən də onlar mənə doğma gəlirdi. Onda hələ kitabların əsl həyatda nələrə qadir olduğundan xəbərsizdim. Onda hələ yalnız atamın tez-tez yaxınlaşdığı bu sakit guşənin özündə hansı fırtınalar gəzdirdiyini bilmirdim. Könüllü olaraq ilk dəfə hansı kitabı açdığımı da xatırlamıram, hərçənd əminəm ki, o kitabı əsgər rejimi ilə cümlə-cümlə oxumağım həftələr çəkmişdi.

Nədənsə taleyim elə gətirdi ki, həmişə kitabların əhatəsində oldum. Bu sehri hər gün daha bir az dərk etməyə çalışdım: əvvəl qarşıma çıxanı oxudum, sonra oxumaq istədiyimi axtardım, bəzən başqa layiqlisinə rast gəldim, sonra axtardığım məni tapdı və beləcə davam etdi. İnsanmərkəzçiliyin manifesti “nəhayət, insan yarandı” olan kimi, mənim də həyatım dövr edib, nəhayət, kitabın məbədinə çatdı. Əvvəllər məndə sakral məkan təəssüratı yaradan nəşriyyat gündəlik həyatımın böyük hissəsinə çevrildi. Kitabların doğuluşunu artıq canlı müəlliflərlə söhbətdə müşahidə etdim, iş alətimiz “ərköyün” söz oldu, biz onu, o bizi dəyərə mindirdi. İndi yeni doğulan kitabların bizə uzanan balaca əllərini təsəvvür edəndə, vaxtilə böyük kitablara uzanan öz balaca əlimi xatırladım. Həyatda hər şey necə də qarşılıqlıdır!

XAN Nəşriyyatı. XAN. Xalqım Azərbaycan Naminə – XAN-ın açıqlaması budur. Məncə, bu söz birləşməsi nəşriyyatın amalı barədə hər şeyi deyir.

İşlədiyin yerin şəninə xoş sözlər demək öz-özünü tərifləmək kimi bir şeydir və kənardan adekvat görünməyə bilir. Amma bu məsələnin olanı deməməklə ədalətsizlik etmək kimi bir vəziyyətə düşməmək istəyi də var. Məsələn, sirr deyil ki, ilin-günün bu vaxtı (bazar iqtisadiyyatının söz sahibi olduğu zamanda) “XAN Nəşriyyatı”nın müraciət etdiyi müəllif və əsərlərin böyük əksəriyyəti ədəbiyyatın fövqündə dayananlardır, bu mənada “Atlant göy qübbəsini hələ də çiynində saxlayır”. Məsələn, hələ tanınmamış gənc müəllifin nəşr olunan kitabı oxucular tərəfindən uğurla qarşılananda gizli-gizli duyulan qalibiyyət hissinin nə demək olduğunu yaxşı bilirəm. Eləcə də bilirəm ki, “Məşhurlar” silsiləsi ana dilində qeyri-bədii kitab axtarışında olan oxucu üçün nə deməkdir. Həvəsli oxucuya “Xatirə Ədəbiyyatı” silsiləsindən bir kitab uzatmaq onu elə çılpaq tarixlə qovuşdurmaqdır. Bilirəm ki, İsa Muğanna kimi dahinin Azərbaycanda müəllif hüquqları verilən yeganə nəşriyyat olmaq böyük məsuliyyətdir. Bu məsuliyyətə “Dədə Qorqud. Vatikan nüsxəsi”nin 500 ildən bəri ilk dəfə transliterasiya olunmuş nəşrini Azərbaycan oxucusuna təqdim etmək də aiddir. Ümumilikdə milli ədəbiyyat nümunələrini gənc nəslə tanıtdırmaq istiqamətində “XAN Nəşriyyatı”nın gördüyü işlər danılmaz faktdır. Müasir Azərbaycan ədəbiyyatının, necə deyərlər, “qaymaqları”nı seçib nəşr etməksə yerli ədəbi prosesə faydalı addımdır. “Tərcümə ədəbiyyatı” silsiləsinə məxsus kitabların seçimi onları tərcümə edənlərin seçimi qədər həssas mövzudur. Bu mənada yaşlı nəsillə birgə gənclər arasından kəşf edilən tərcüməçilər bu nəşriyyatın uğurudur. Əminəm ki, bu əzmlə, öz üzərində çalışmaqla Cavid Qədir, Xəyalə Murad, Həmid Piriyev və başqa tərcüməçi gənclər Azərbaycan dilinə hələ çox dəyərli əsər qazandıracaq.

“BalaBilgə” uşaq kitabları silsiləsi ilə uşaqların sevincinə bais olmaq “XAN Nəşriyyatı”nın istənilən əməkdaşı üçün ən gözəl duyğudur. Misal üçün, uşaqlıqdan Koroğlunu, Dədə Qorqudu, “Xəmsə”nin qəhrəmanlarını, Balaca qırmızı balığı tanıyan, şahmatı öyrənən, milli irsimizi – geyimlərimizi, abidələrimizi, sənətkarlarımızı, hökmdar və generallarımızı, idmançı və qəhrəmanlarımızı tanıyaraq, onların şəklini boyayan, yaxşılıq haqqında hekayələr dinləyən bir uşağın gələcəyini təsəvvür etmək adamda, həqiqətən, xoş hisslər oyadır. Məktəbdə uşaqların sıxışdırılması – “bullinq” mövzusunda işlənən ən gözəl kitablardan biri – Jeleznikovun “Müqəvva”sını oxuyan uşaq təkcə sinif yoldaşlarını deyil, bütün insanlığı anlamağa çalışar, heç vaxt empatiya hissindən uzaq düşməz. “Böyük adam olmuş uşaqlar”, “Bilgənin macəraları”, “Balaca Delfinin macəraları” silsiləsindən istənilən kitabı oxuyan uşaq ömründə pis insan ola bilməz.

Və bütün bunlar qısa zamanda – cəmi 10 il ərzində görülən işlərin cüzi hissəsidir. Bu nəşriyyatı yaxından izləyənlər bilməmiş olmaz ki, “XAN Nəşriyyatı”nın məqsədi və idealı fəaliyyət göstərdiyi cəmiyyəti hərtərəfli maarifləndirməkdir, bu yol isə təsəvvür ediləndən də uzun və hər cür sürprizlərlə doludur. Bu yükü, bu məsuliyyəti enli çiyinlərində saxlayan təsisçi Şəmil Sadiq və bütün həmkarlarımı – bu nəhəng insanları yubiley münasibətilə təbrik edirəm!  Əminəm ki, zəhmətli olsa da, gələcəkdə yenə fəxrli və mənəvi dəyəri yüksək olan işlər görəcək, arzuladığımız xoş günləri yaşayacağıq! Qoy, bu qədim tarixin bir açar sözü də “XAN” olsun! Ədəbiyyat və kitab qədər ömrün olsun, əziz “XAN Nəşriyyatı”!

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2024)