“Solmayan qırmızı ləçəklər…” - Yazıçı Varislə gənclərin görüşü təşkil edilib Featured

Rate this item
(2 votes)

 

Azərbaycan Respublikası Gənclər Fondunun və Böyük Qayıdış Gənclər Təşkilatının dəstəyi və Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində çap olunan, Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin həyatı və qəhrəmanlığından bəhs edən “Qırmızı ləçəklər” romanının müəllifi, yazıçı, jurnalist, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti Varislə görüş keçirilib.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Böyük Qayıdış Gənclər Təşkilatından məlumat verilib. 

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının sədri Təhmasib İmaməliyev tədbirlə bağlı bunları söyləyib: “Yazdığı əsərlərlə gənclərin sevimlisinə çevrilmiş Varis bəy, hər zaman söylədiyi ədəbi fikirlərlə oxucuların qəlbini qazanmağı bacarıb. Bu gün ADPU-da artıq ənənə xarakteri alan Varis bəylə görüşlər tələbələr tərəfindən daim böyük səbrsizliklə gözlənilir. 

Görüş zamanı Varis bəy müəllifi olduğu kitablarla bağlı tələbələrə məlumat verdi, öz uğur hekayəsini onlarla bölüşdü. Görüşün ardında Varis bəy Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin həyatı və qəhrəmanlığının ifadə olunduğu “Qırmızı ləçəklər” romanındaki hadisələri, yazarkən keçirdiyi hissləri tələbələrlə bölüşdü. Tədbirin sonunda tələbələri maraqlandıran sualları cavablandıran müəllif  imzalı kitablarını tələbələrə hədiyyə etdi. Dəvətimizi qəbul edib gəldiyiniz üçün

Varis bəyə təşəkkür edirik”.

Xatırladaq ki, Böyük Qayıdış Gənclər Təşkilatı Dövlət sifarişi ilə yazılmış, Heydər Əliyev Fondunun “Xocalıya ədalət” kampaniyası çərçivəsində təbliğ edilən “Qırmızı ləçəklər” romanının müxtəlif gənclər auditoriyasına təqdimatını silsilə şəklində davam etdirir. Daha öncə “Libraff-Akademiya” kitab evində təqdimat baş tutmuşdu.

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2024)