Kamilə Ələsgərova “Dünya mirvarisi-2023” titulunu qazanıb Featured

Rate this item
(0 votes)

Qardaş Tatarıstanın baş şəhəri Kazanda  keçirilmiş “Dünya mirvarisi-2023” beynəlxalq gözəllik və istedad müsabiqəsinin qalibi Azərbaycanı təmsil edən Kamilə Ələsgərova olub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına istinad edərək xəbər verir. 

 

“Səidaş” Mədəniyyət Mərkəzində baş tutan yarışın final mərhələsində 14 ölkənin (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Monteneqro, Monqolustan, Çin, İndoneziya, Rusiyanın Buryatiya Respublikası, Hindistan, Belarus, Ermənistan) təmsilçiləri yarışmaq hüququ qazanıblar. 

Final iştirakçıları milli mətbəx təamı və onun hazırlanması haqqında videotəqdimatla çıxış edib, intellektual müsabiqəyə və dəfiləyə qatılıblar.

“Tatarıstan Respublikası Azərbaycan Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatın gənclər qanadının sədri olan Kamilə Ələsgərova milli mətbəximizin “Şah-plov” təamının hazırlanmasından danışıb və Azərbaycanın “Şalaxo” milli rəqsini məharətlə ifa edib. Qeyd edək ki, rəqs nömrəsinin hazırlanmasında və nümayişində Kamiləyə “Ulduzlar bürcü” teatrının aktyorları və “QafqazStyle” rəqs ansamblı dəstək göstərib.

Müsabiqənin birincisi olan Kamilə Ələsgərova “Dünya mirvarisi-2023” tituluna layiq görülüb. Bundan başqa, səsvermənin nəticələrinə görə, soydaşımız “Miss artistizm” və “Miss tamaşaçı rəğbəti” adlarını da qazanıb. 

Bu parlaq qələbə münasibətilə “Tatarıstan Respublikası Azərbaycan Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının idarə heyətinin sədri Bəhram Mustafayev və Azərbaycan icmasının üzvləri Kamilə Ələsgərovanı təbrik ediblər.

Biz də öz adımızdan qalibi təbrik edir, Azərbaycan adını yüksəltdiyinə görə ona minnətdarlıq bildiririk.

 

Şəkildə: Kamilə Ələsgərova çıxış zamanı; Azərbaycan nümayəndə heyəti qələbəni bayram edir.

 

“Ədəbiyyat və incəsənət”

(09.06.2023)