Burshen! - Sonuncu almandan qalmış sonuncu əşyalar göz bəbəyi kimi qorunur Featured

Rate this item
(0 votes)

Ondan başlayaq ki, burshen - almanca afərin deməkdir.

Gözəllik itir deyirlər. İnsan qocalır. Güllər solur. Geyim köhnəlir. 

İnsan kosmetik əməliyyatlar etməklə, butaforik güllərdən istifadəylə və geyimi daim təzələməklə prosesi ertələyir. Bəs əşyalar necə olur?

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Kənanın yazısı bu barədədir. 

 

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi deyilən bir müəssisə var. Əşyaların təcili tibbi yardım müəssisəsidir sanki. Bu il həmin müəssisədə rayon və şəhər muzeylərinə məxsus 1250 ədəd eksponatın bərpa prosesi həyata keçirilərək təhvil verilib. Bərpa olunan eksponatların müəyyən hissəsi ötən illərdə Mərkəzə qəbul edilib. Mərkəz tərəfindən ilin əvvəlindən bu günədək 134 eksponat qəbul olunub ki, onlardan da 74-ü yerindəcə bərpa edilib. Maraqlanacaqsınız, harada? Söhbət Göygöl rayonundakı Viktor Klaynın ev-muzeyindən gedir. 

Bu yerdə oxucularıda belə bir sual yarana bilər ki, Viktor Klayn kimdir? O, Göygöl rayonunda yaşamış ən sonuncu almandır. 

 

Almanların Azərbaycana ilk köçü 1818-ci ilə təsadüf edir. Həmin ilin yayında Tiflisdən Azərbaycanın Yelizavetpol qəzasına (indiki Gəncə) köçən 194 alman ailəsi Şamxor (indiki Şəmkir) yaxınlığında Yelenendorf (indiki Göygöl rayonu) və Annenfeld adlı iki koloniya salıblar. 

Göygöl şəhəri 1819-cu il aprelin 22-də alman kolonistləri tərəfindən Yelenendorf adı ilə salınıb. Rayonda 118 ailə məskunlaşıb. Burada alman memarlığı üslubunda 600-ə qədər ev tikilib, 6 küçə salınıb. Küçədə ümumtəhsil məktəbi, uşaq bağçası, musiqi məktəbi fəaliyyət göstərib.

Bu gün isə onlardan geriyə qalan taxta eyvanları oyma sənəti ilə işlənmiş evlər, sakit və sərin küçələr, gözəl təbiəti olan Göygöl şəhəridir. 

Burada yaşamış sonuncu alman əsilli Azərbaycan vətəndaşı Viktor Klaynın - hansının ki, muzeyi barəsində danışırıq, atası polyak, anası alman olub. Viktor 1935-ci ildə Yelenendorfda doğulub və 2007-ci ildə 72 yaşında vəfat edib. 

Pianinoda ifa etməyi xoşlayan Viktor Rəşid Behbudovun fanatı idi. Ən çox sevdiyi mahnı isə Rəşid Behbudovun “Zibeydə” mahnısı olub. Azərbaycan dilində Nizaminin, Füzulinin şeirlərini əzbər bilirdi. Şərabçılığa da böyük marağı vardı. Viktorun evinin çox böyük zirzəmisi vardı. Həvəskar olaraq şərab hazırlamağı sevirdi. Evinin zirzəmisindəki palıd ağacından hazırlanan şərab çəlləklərinin hündürlüyü 3 metrə çatırdı.

Viktor Klaynın hər bucağından alman mədəniyyətinin qoxusu gələn evinə - yəni muzeyə bu gün dostu Fikrət İsmayılov nəzarət edir. 

Viktor artıq 14 ildir ki, həyatda yoxdur. Lakin ondan geriyə qalanlar qorunub saxlanılır. Çünki multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə, tarixi abidələrdə yaşayır. 

 

İndi isə Bərpa Mərkəzi barədə sözümüzü davam etdirək.

Eksponatlar Mərkəzə əsasən Azərbaycan Milli İncəsənət Muzeyi, Gəncə Tarix-Diyarşünaslıq Muzeyi, M.F.Axundzadənin ev-muzeyi (Şəki), Azərbaycan İstiqlal Muzeyi, Bərdə Rəsm Qalereyası, Göygöldə V.Klaynın ev-muzeyi, Azərbaycan Dövlət Film Fondu, Astara Tarix-Diyarşünaslıq Muzeyinin Kakalos kənd filialı, Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyi, C.Cabbarlının ev-muzeyindən (Xızı) daxil olub. 

Xatırladaq ki, Mərkəz respublikanın 225-dən çox aparıcı, ev, rayon tarix–diyarşünaslıq muzey müəssisələri üçün bərpa xidməti göstərir. Yarandığı gündən bu günədək Mərkəz 28 minə yaxın müxtəlif növ muzey əşyasının bərpa və konservasiyasını həyata keçirib. Bunların sırasına tikmə, geyim, parça nümunələri, xalça və xalça məmulatları, bədii metal nümunələri (o cümlədən gümüş məmulatı), keramika nümunəsi, ağac əşya və işləmələr, musiqi alətləri, arxeoloji qazıntılardan əldə olunmuş əşyalar daxildir.

Qeyd edək ki, Mərkəzin başlıca vəzifəsi Mədəniyyət Nazirliyinə tabe olan muzeylərdə bərpaya ehtiyacı olan məmulatların qeydiyyata alınması, praktiki və konservasiya əməliyyatlarının aparılması, muzeylərdə əşyaların mühafizə vəziyyətinin yoxlanılması və lazımi məsləhətlərin verilməsindən ibarətdir.

Nəcib və gözəl işdir, əıləri-qolları ağrımasın.

Bizlərə isə əşyalara nəcib münasibət qalacaq. 

 

Şəkildə: Viktor Klaynın ev muzeyinin eksponatları; Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin əməkdaşları iş başında.

 

“Ədəbiyyat və incəsənət”

(02.06.2023)