Gündoğandan yalnız gözəlliklər Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının bu yazısı sadəcə bir ölkənin digər ölkədə sevgi qazanması üzrə ən qabaqcıl təcrübədən bəhs edəcək. O təcrübə bizim gözlərimiz qarşısındadır, bizim əməkdaşlar, sizlər, hamımız artıq onu görməyə adət etmişik. Söhbət Yaponiyanın ölkəmizdəki səfirliyinin keçirdiyi mədəniyyət tədbirləri barədədir. 

 

Bu ilin fevral ayından başlayaraq Yaponiya səfirliyi Azərbaycanda “Yapon küləyi” adlı silsilə tədbirlər keçirdi. Bununla ölkəmizin sakinlərinin Yaponiya mədəniyyəti və adət-ənənələri ilə tanış olmaq üçün yeni imkanı yarandı. Yaponiya ilə Azərbaycan arasında bu cür mehriban münasibətlərin, qarşılıqlı hörmət və etimadın qurulması təqdirəlayiqdir. Bu səbəbdən də Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf etməkdədir.

Bir baxın, fevral ayında yapon ənənəvi folklor ifaçısı Nobutaka Yoşizavanın Bakı konsertinin triumfu minlərlə həmvətənimizdə gündoğan ölkəyə bir sevgi yaratmadımı, yaratdı. 

Və bütün bu təbliğatın arxasında yorulmaz insan - Yaponiyanın ölkəmizdəki səfiri Cuniçi Vada dayanır. Cuniçi Vadanın bu açıqlaması isə məsələyə köklü yanaşmanın klassik izahıdır:

“Bildiyiniz kimi, keçən il Azərbaycanla Yaponiya arasında diplomatik münasibətlərin 30-cu ildönümü zamanı biz bir çox tədbirlər təşkil etdik və bu il də bəzi mədəni tədbirlər keçirməyi düşünürük və keçirməkdəyik. Düşünürük ki, belə tədbirlərin davamlı keçirilməsi iki ölkə arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsi üçün gözəl vasitə olacaq. Məsələn, məhz Novruz bayramı ərəfəsində Nobutaka Yoşizavanın Bakı konsertinin keçirilməsinin bizim üçün çox böyük əhəmiyyəti var. Azərbaycanın gözəl təbiəti, insanların qonaqpərvərliyi və dadlı mətbəxi də məni valeh edir”.

Dünyada mədəniyyətlər qədər xalqları heç nə yaxınlaşdıra bilməz, nə bazis olan iqtisadiyyat, nə də üstqurum olan siyasət. 

Var ol, gözəl Yaponiya, şərqin əsas incisi. Azərbaycanda sənə olan sevgini bu qədər formalaşdırmağa nail olan hörmətli səfir Cuniçi Vada da var olsun!

 

“Ədəbiyyat və incəsənət”

(30.03.2023)